Qubada süd emalı zavodunun inşası bu ilin sonunda başa çatacaq

0
114

Qubada sutkalıq istehsal gücü 12 ton olan süd emalı zavodunun inşası bu ilin sonuna kimi başa çatdırılacaq.

İş icraçısı Rəşid Ramazanov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, zavod rayonun ən iri istehsal müəssisələrindən biri olacaq. Bu zavodda pendirin müxtəlif çeşidləri, qaymaq, yağ, smetan, kəsmik və başqa məhsullar istehsal olunacaq. Belə ki, tam istehsal gücü ilə işləyəndə burada 150-dən çox daimi işçi çalışacaq. İstehsal üçün xammal alışı 12-30 ton arasında olacaq. Məhsullar əsasən daxili tələbat üçün nəzərdə tutulub. Rayon iqtisadiyyatının inkişafına müsbət təsir göstərəcək yeni zavod əhalinin məşğulluğu baxımından da xüsusi önəm daşıyır.

5 min 800 kvadratmetr sahəsi olan müəssisədə süd məhsulları ilə yanaşı, qənnadı, peçenye və digər məhsulların istehsalı da nəzərdə tutulub.

Qubada mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülən işlər nəticəsində ət və süd istehsalı artıb. Bunun nəticəsində emal müəssisələrinə ehtiyac yaranıb. Hazırda rayondakı təsərrüfatlarda 60 min başdan çox iribuynuzlu heyvan saxlanılır. İribuynuzlu heyvanların 24 mini başı inək qrupuna aiddir ki, bu da il ərzində 40-41 min ton süd istehsalına imkan verir.