BMU Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait köçürüb

0
66

Bakı Mühəndislik Universiteti (BMU) Elmi Şurasının Google Hangout Meet platforması üzərindən  onlayn iclası keçirilib.

İclasda Azərbaycan Respublikasının ərazisində koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tədris prosesinin müvəqqəti dayandırılmasından sonra yaranmış vəziyyət, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından irəli gələn vəzifələrin icrası ətraflı müzakirə edilib.

İclasda BMU-nun rektoru, professor Havar Məmmədov Azərbaycan dövlətinin əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə gördüyü işləri nəzərə çatdırıb, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldığını vurğulayıb.

Rektor H.Məmmədov bildirib ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 20 milyon manat ayrılıb. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir illik əməkhaqlarını Fonda ianə ediblər. Ölkəmizdə fəaliyyət göstərən müxtəlif şirkətlər, qurumlar, fiziki və hüquqi şəxslər, bütövlükdə ölkə ictimaiyyəti koronavirusla mübarizə tədbirlərinə fəal qoşularaq, bu məqsədlə yaradılmış Fonda könüllü ianələr köçürürlər.

İclasda   universitetin  büdcəsindən  Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat məbləğində vəsaitin köçürülməsi ilə bağlı yekdil qərar qəbul olunub.

Daha sonra BMU-da tədrisin məsafədən həyata keçirilməsi, elektron vasitələrlə təşkili imkanları, tələbə və əməkdaşların sağlamlığının qorunması istiqamətində görülən işlər müzakirəyə çıxarılıb. Bildirilib ki, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması, müvafiq tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə BMU-da davamlı işlər həyata keçirilir. Artıq iki dəfə universitetin bütün tədris binaları, ictimai-iaşə obyektləri və yataqxanaları Abşeron Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dezinfeksiya edilib, həmçinin sanitar-epidemioloji vəziyyət nəzarətə götürülüb. Eyni zamanda, məlumatlılığın artırılması məqsədilə maarifləndirici videoçarx hazırlanıb, universitetin saytına, eləcə də yataqxanalarda və tədris binalarında monitorlara yerləşdirilib.

İclasda koronavirus xəstəliyi ilə əlaqədar təhsilin davamlılığını təmin etmək məqsədilə BMU-da təlim-tədris prosesinin məsafədən davam etdirilməsi müzakirə olunub. Nəzərə çatdırılıb ki, bunun üçün universitetdə bütün texniki imkanlar mövcuddur. Qərara alınıb ki,  martın 29-dan etibarən bu proses tədris platforması olan Google Classroom LMS (Learning Managament System) vasitəsilə ilə həyata keçirilsin.

Müzakirələrdə BMU-nun artıq üç ildir ki, Google şirkətinə aid olan G-Suite bulud texnologiyasının üzvü olması, bu texnologiyaya aid olan bəzi modullardan, o cümlədən əməkdaşlar və tələbələr üçün korporativ e-mail, təqvim, google drive, elektron cədvəllərdən aktiv istifadə etməsi qeyd olunub.

İclasın sonunda rektor  H.Məmmədov universitet əməkdaşlarını həmrəylik, vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıb.