Bu Novruz o Novruz deyil

0
96

Diqqət etdim hər guşəyə –

Hər bir gülə, hər çiçəyə

Qurub sanki özgə xəyal

Üzlərində qüssə, məlal.

Necə deyim bənövşəyə

Bir başqadır gələn bu il,

Bu Novruz o Novruz deyil.

Dəyişibdir payız, qış da

…Hər təbəssüm, hər baxış da.

Lap baharın rəmzi belə

O səməni, gəlib dilə

Pıçıldayır qaranquş da

Asta-asta, məlul-məlul:

Bu Novruz o Novruz deyil.

Bir zamanlar qoşa-qoşa

Gəzərdilər Keçəl, Kosa.

Məclislərdə qurub büsat

Edərdilər şən zarafat,

Batmazdılar əsla yasa.

Özgə idi istək, meyil

Bu Novruz o Novruz deyil.

Gur yanardı tonqalımız,

Xoş olardı əhvalımız.

Məhlələri dolaşardıq,

Gəlişinə söz qoşardıq

Olmaz idi sualımız

Çoxdur buna sübut, dəlil

Bu Novruz o Novruz deyil.

Qvami Məhəbbətoğlu