Kubada olmuş alpanlı və yaxud “ikiqat kubalı” Kənan bəylə söhbət

0
25

Sözün düzü, xeyli vaxt idi ki, Kənan müəllimi axtarırdım. Axtarırdım ki, onun, eyni zamanda atası Zaman müəllim haqqında nəsə yazım. Di gəl, yaşadığı mənzil bir yana, heç cib telefonunun nömrəsini də bir kimsədən öyrənə bilmirdim. Onu soruşanlar da sanki sözləşiblərmiş kimi:  “Nömrəsini bilmirik”, – deyirdilər. Amma atalar yaxşı deyiblər: “Axtaran tapar”. Nəhayət, günlərin bir günü tanışlarımdan biri çox gərgin axtarışlardan sonra mənə onun ev telefonunun nömrəsini əldə etdiyini söylədi. Sizi inandırım, lap uşaq kimi sevindim. Çünki necə deyərlər, sanki  dünyanı mənə vermişdilər. Elə onunla görüşəndə də ilk vurğuladığım cib telefonu məsələsi oldu. O sakitcə: “Mən ondan ümumiyyətlə istifadə etmirəm”,- dedi. Daha niyəsini soruşmadım. Çünki Kənan müəllimdən soruşası o qədər vacib nəsnələr var idi ki… Beləliklə, həmsöhbətimiz Kənan müəllimdir.

-Kənan müəllim, bəlkə söhbətə özünüz haqqında qısa bir məlumatla başlayaq?

-Mən Kənan Qayıbov 1936-cı il noyabrın 20-də Quba rayonunun Alpan kəndində müəllim ailəsində, daha doğrusu, bəy nəslindən olan Zaman müəllimin ailəsində dünyaya gəlmişəm. 1944-cü ildə Alpan kənd orta məktəbinə qəbul olunmuşam və oranı 1954-cü ildə başa vurmuşam. Həmin ildə də AZİ-yə, yəni Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə) geoloji-kəşfiyyat fakültəsinə qəbul olmuşam. Yeri gəlmişkən, o zaman Alpan kənd orta məktəbinin direktoru Rüstəmbəyli Məmməd idi. Onun həyat yoldaşı əslən Şəkidən olan Pişnamazzadə Sidiqə xanım idi. O da kimya fənnini tədris edirdi. Rüstəmbəyli Məmməddən əvvəl isə məktəbin direktoru polkovnik Daşdəmir Haçıyev idi.

– Bəs daha hansı müəllimlərinizi xatırlayırsınız?

– Sadıq müəllimi, Qəzənfər müəllimi, Hacıbəy müəllimi, Mövlud müəllimi, Mirabbas müəllimi (o, Qayakənddə də dərs deyib), Cövhərət müəllimi, Məhəbbət müəllimi… Bir də təbii ki, rus dili fənnini tədris edən atamı. Hə, onu da deyim ki, o zaman atam məktəbimizdə rus dilini tədris edən yeganə müəllim idi.

– İbtidai sinif müəlliminiz kim olub?

– Vələd müəllim. Səhv etmirəmsə, soyadı Süleymanov idi.

– O zaman oxuduğunuz məktəb 9 illik idi?

– Mən həmin məktəbdə onuncu sinfi bitirmişəm. Amma oxuduğum məktəb bizə qədər doqquzillik olub. Doqquzuncu sinfi bitirənlər yaxın ərazilərdəki məktəblərdə təhsillərini davam etdirirdilər. Yadımda da qalıb ki, bacılarım Səltənət (1924) və Asya  (1928) orada 9 illik təhsil almışdılar.

Atam bizi döyməzdi

-Zaman müəllim sizi necə tənbeh edərdi?

-Səhvlərim olanda atam mənə yalnız və yalnız öyüd-nəsihət verərdi. Odur ki, o, alicənab bir insan kimi məni və bacılarımı həmişə sözlə başa salmağa çalışardı. Amma anam Şura xanım bu məsələdə bir qədər fərqli idi. Belə ki, anam  yeri gələndə məni döyürdü də…Yeri gəlmişkən, anam Şura müsəlmanlığı qəbul etmişdi. Son nəfəsində kəlmeyi-şəhadəti də söyləmişdi.

– Kənan müəllim, kəndə sizin ən yaxın dostunuz kim olub?

-Bəri başdan deyim ki, mənim uşaqlıq illərim atamın kirayənişin kimi qaldığı Rəfillər məhəlləsindəki Xəmmədgildə, Aşağı başdakı Xocamangildə keçib. O ki qaldı konkret uşaqlıq dostuma. O, Zeynal olub. Sonradan ingilis dilini fənnini tədris edən Zeynal Mustafayevi nəzərdə tuturam.

AZİ-yə qəbul olan ilk alpanlı

– Ərz etdiniz ki, geoloji-kəşfiyyat fakültəsində təhsil almısınız… Yəni neftçi olmaq sizin uşaqlıq arzunuz olub?

– Yaxşı sualdır… Mənim neftçi olmağımın da maraqlı tarixçəsi var. Belə ki, bir zamanlar kəndimizə gəlmiş geoloqlarla görüşdən sonra atamda oğlunu, yəni məni geolog görmək həvəsi oyanıb. Hətta onu bu fikrindən Xalq şairi Səməd Vurğun da döndərə bilməyib. Bununla bağlı onların söhbətlərinin də şahidi olmuşam. Hə, o zaman Səməd Vurğunun  oğlanları Vaqif və Yusif Moskvada oxuyurdular. Odur ki, Səməd müəllim  məni də bir ədəbiyyatçı kimi onların yanında görmək istəyirdi. Amma atam razı olmadı. Birmənalı şəkildə dedi  ki, yox, Kənan neft ölkəsinin neftçisi olacaq.

-İmtahanları verməkdə Səmədi Vurğunun yardımı oldumu?

– Yox… Ümumiyyətlə, atam bu kimi məsələlərlə bağlı heç vaxt Səməd Vurğuna müraciət etməyib. İmtahanların da öhdəsindən mən özüm gəlmişəm. Amma insafən Qəzənfər müəllimin əməyə çox olub. Belə ki, Qəzənfər müəllim də atamla bərabər Bakıya gəldi və imtahanlara burada hazırlaşmağımda yardım etdi.  Mən o zaman 5 imtahan verdim. Onların  3-dən  riyaziyyat (şifahi), ədəbiyyat (yazılı), rus dili (yazılı) əla qiymətlər aldım. Yeri gəlmişkən Niyazi Əmirbəyov məndən riyaziyyat fənnindən imtahan götürüb. Ədəbiyyatdan isə Mir Cəlalın “Bir gəncin manifesti” romanı əsasında inşa yazmışdım. Hə, bu əsəri əməlli-başlı oxumuşdum. Yəqin, bilirsiniz, əsərin qəhrəmanı iradəli olduğu qədər də mübarizliyi ilə seçilən gənc Mərdandır.

– Belə çıxır ki, əgər zənnim məni aldatmırsa, siz AZİ-yə qəbul olan ilk alpanlı balası olmusunuz?

– Belə çıxır yox, elədir ki var.

İkiqat kubalı

– İndi də bir geoloq kimi fəaliyyətinizdən söz açmağızı xahiş edirəm.

 – 1959-cu ildə may ayında institutu qurtardıqdan sonra təyinatım “Neft Daşları Neft və Qaz Çıxarma İdarəsi”nə (keçmiş “Gürganneft Neft Mədənləri İdarəsi”) verildi və mən burada ilk əmək fəaliyyətimə başlamışam. 1977-ci ilədək buranın işçisi olmuşam. Daha doğrusu, Neft Daşları” Neft və Qaz Çıcarma İdarəsində  qazmaçı köməkçisindən  başlayaraq müxtəlif vəzifələrdə çalışmışam və burada mədən geologiyası və işlənmə sahəsində təcrübəli bir mühəndis-geoloq kimi yetişmişəm. Yeri gəlmişkən, 1949-cu il iyunun 24-də Neft Daşlarında birinci kəşfiyyat quyusunun qazılmasına başlanmış, noyabrın 7-də qazma işi uğurla başa çatdırılmış və yatağın işlənməsinə start verilmişdir. Onu da deyim ki, Neft Daşlarının kəşfi ölkəmizin neft sənayesində dönüş nöqtəsi olmuşdur. Bu sualınız onu da əlavə edim ki, biz ilk dəfə Neft daşlarına “Domsovet” kimi tanınan Hökumət evinin yaxınlığındakı limandan yola salmışdılar.

Elə burada çalışarkən, daha doğrusu,1971-1973-cü illərdə  Kuba Respublikasında xidməti ezamiyyətdə olmuşam və  “Negt ve qaz yataqlarının işlənməsi” üzrə məsləhətçi işləmişəm. Mənim oradakı əmək fəaliyyətim  mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.

-Kubaya, o vaxtın təbirincə desək, ”Möcüzələr adası”na getməyiniz necə reallaşıb?

-Kubada neft sənayesində işləmək üçün 2 mütəxəssis lazım idi. Onu da deyim ki, o vaxt bu kimi məsələlər Moskvada həll olunurdu. Uzun sözün qısası, ora getmək üçün iki nəfər təyin etdilər. O iki nəfərdən biri İdris Rzabəyov oldu, ikincisi də mən… Mən ora neft yataqlarının işlənməsi üzrə böyük mühəndis kimi yollandım.

-Bəlkə bir qədər də 70-ci illərin Kubasından ətraflı söz açasınız?

– O illər Kubanın iqtisadi dirçəliş illəri kimi xatırlanır. Bu dirçəlışdə bizim, o vaxtın təbirincə desək, Bakı neftçilərinin də kifayət qədər əməyi olub. Belə ki, neçə-neçə mütəxəssisimiz orada neft sahəsində fəaliyyət göstərib. Onu da deyim ki, Kubada bu sahədə çalışan mütəxəsislərin əksəriyyəti vaxtilə bizim neft institutunda təhsil alıblar.

– Bir qədər də Kubadakı fəaliyyətiniz barədə danışmağınızı xahiş edirəm.

– Bəri başdan deyim ki, mən əvvəlcə orada müəyyən müddət dil kursuna getdim və ispan dilini qısa zaman kəsiyində öyrəndim. Konkret işə gəldikdə isə… Oradakı neft yataqları ilə tanış olandan sonra mənə sərbəst tapşırıq verdilər. Belə ki, mən oradakı Xatibanika (Boka de-Xaruqo)neft yatağının proyektini hazırladım və Havanadakı rəhbərliyə təqdim etdim. İşim müsbət dəyərləndirildi.

– Bəs hərdən Kuba yadınıza düşəndə necə təsəlli tapırsınız? Başqa cür desək, Kubanı xatırlayacaq nələrsə var?

-Xatırlayacaq nələrə gəldikdə… Mən Kubaya ailəmlə getmişdim. Elə üçüncü övladım Əqidə orada dünyaya göz açıb. Bundan böyük xatirə olar? Hə, sonra mən Kubada keçirdiyim xidməti ezamiyyətdə sonra təlimata uyğun olaraq Moskvaya qayıtdım. Oradan da yeni aldığım QAZ-24 maşınla düz Alpana qədər gəldim. Səhv etmirəmsə, bu avtomobil kəndimizdə görünən ilk QAZ-24 olub.

-Kənan müəllim, orada hansısa kubalı ilə dostlaşa bilmişdiniz?

– Mənimlə birgə laboratoriyada çalışan Luiza Diaz və  Raul Kastro Malina  ilə əməlli-başlı dostlaşmışdım. Hətta digər tanış olduğum kubalı Nikolos  mənə dedi ki, nə vaxt istəsən səni Kubaya dəvət edə bilərik. Amma sonradan iş elə gətirdi ki, mən onlarla əlaqə saxlaya bilmədim.

-Yadımdan çıxmamışkən, Raul Kastro Malina dediniz… O Kastrolardan idi?

-Yox…

– Kənan müəllim, Kuba və Quba… Yəni rus dilində Kuba kimi səslənən Quba…

-Yaxşı yadıma saldınız…Elə buna görə də mənə orada hərdən “İkiqat kubalı” da adlandırardılar.

Və sonra

-Yəqin elmi işiniz də olub?

-1975-ci ildə “Qala lay dəstəsində neft yataqlarının əmələ gəlməsi xüsusiyyətləri və  onların yerləşmə qanunauyğunluqları” mövzusunda dissertasiya müdafiə  etmiş və geologiya – mineraologiya elmləri namizədi alimlik dərəcəsi almışam. İndiki kimi yadımdadır. Bu tədbir dəAzərbaycan Elmlər Akademiyasının İ.M. Qubkin adına Geologiya İnstitutunun akt zalında keçirilib. Bu barədə, həmçinin mənim fəaliyyətimlə bağlı 1970-ci illərin dövri mətbuatında da yazılar dərc olunmuşdu. Yeri gəlmişkən,  ölkəmizin ayrı-ayrı neft və qaz yataqlarının geologiyası, işlənməsi və ehtiyatlarının hesablanması məsələrinə həsr olunmuş 50-yə yaxın elmi iş və məqalənin müəllifiyəm.

-Bəs sonra əmək fəaliyyətinizi harada davam etdirmisiniz?

-Neft daşlarından sonra, 1978-cil ildə indiki Neft-Qaz Elmi-Tədqiqat Layihə İnstitutuna (“Neftqazelmitədqiqatlayihə”)dəvət olundum. O zaman ora Neft Sənayesnin Elmi-Təhqiqat və layihə İnstitutu adlanırdı. 2009-cu ilədək burada çalışdım.

-Davamçılarınız oldumu?

– 4 övladım var: 2 qız (Fərəh və Əqidə), 2 oğul (Fərid və Zaman). Amma övladlarımın heç biri mənim sahəmi seçmədi. Başqa sözlə desək, ürəkləri istəyən peşələri seçdilər. Mən sadəcə onlara uğurlar diləməklə kifayətləndim.

…Bu günlərdə rayonumuzda çıxan “Şəfəq” qəzetinin arxivini vərəqləyərkən Kənan müəllimlə bağlı ötən əsrin 70-ci illərində dərc olunmuş bir yazı  diqqətimi cəlb etdi. Həmin yazıda deyilir: “Möcüzələr adası”nda bir alim var. Lakin çoxları bilmir ki, o, rayonumuzun Alpan kəndindəndir”. O vaxtdan illər keçib. Təəssüf ki, hələ də həmkəndlilərimizin çoxu bilmir ki, o, kəndimizin fəxridir.

Qvami Məhəbbətoğlu