Hüseyn Cavid “İblis”i Alpanda tamamlayıb

0
22

Hüseyn Cavid elə ədəbi simalarımızdandır ki, hər dəfə onun həyat və fəaliyyətini vərəqləyəndə heyrətlənməyə bilmirsən.

XX əsr ədəbiyyatımızın görkəmli nümayəndəsi Hüseyn Cavidin Quba rayonun Alpan kəndində olması barədə kəndimizin ağsaqqallarından eşitmişdim. Amma həmin şəxs söylədiklərinə əlavə olaraq bildirmişdi: “Bəs mənə bu haqda filanıncı ildə dünyasını dəyişmiş filankəs məlumat vermişdi”. Odur ki, əlimdə səhih bir mənbə olmadığına görə bu barədə bir yazı ərsəyə gətirməyə cəhd etməmişdim. Çünki tənqidlərə, daha doğrusu, ədəbiyyatımızı mövzular aləmi ilə zənginləşdirmiş, dramaturgiyamıza həyati konfliktlər, parlaq xarakterlər gətirmiş Hüseyn Cavidlə bağlı Amerika kəşf etdiyimə, daha doğrusu, həyat və yaradıcılığına “kölgə” salmağa çalışdığıma görə ədəbiyyatçılar, tarixçilər tərəfindən tənqidlərə məruz qalacağımdan ehtiyatlanırdım. Elə bu səbəbdən də o illərdə bu fikrimdən vaz keçdim. Buna rəğmən həmin faktı dəqiqləşdirməyə müəyyən cəhdlər etdim.

…Bu yaxınlarda əslən Alpandan olan, hazırda Bakı şəhərində yaşayan Rauf Camalovla (o, kəndimizin tanınmış Qayıbovlar şəcərəsindən olan Azay bəyin oğlu Osman bəyin qızı Reyhan xanımın oğludur) həmkəndlim Neman müəllimgildə kəndimiz barədə fikir mübadiləsi apararkən o da bu faktı dilə gətirdi. Üstəlik, bildirdi ki, onda həmin faktı təsdiq edən etibarlı bir mənbə də var.

Ertəsi gün Rauf müəllim mənə 15 may 2008-ci il tarixli “Respublika” qəzetinin nüsxəsini göndərdi. Həmin qəzetdə kəndimizin Qayıbovlar nəslinin tanınmış nümayəndəsi professor Tələt Dənyar bəy oğlu Qayıbova (1923-2002) həsr edilmiş “Azərbaycanın görkəmli alim-fizioloqu” adlı məqaləni birnəfəsə oxudum. Sizi intizarda saxlamamaq üçün həmin məqalədən bir sitatı diqqətinizə çatdırıram: “Tələt müəllim xatirələrinin birində deyirdi: O vaxt bir müddət Cavid əfəndi Qubada Alpan kəndində yaşamalı olub. Bizim evdə qalırmış. “İblis” əsərini də burada tamamlayıb. Əsərdəki Arif surətini də mənim böyük qardaşım Arifin şərəfinə belə adlandırıb. Sonralar valideynlərim bu barədə çox danışar, böyük şairin yüksək mədəniyyətindən, sənətə, ədəbiyyata vurğunluğundan həvəslə söhbət edərdilər. Bununla fəxr edər, üzünü görmədiyim, səsini eşitmədiyim Cavid əfəndinin surətini xəyalımda canlandırmağa çalışardım. Hüseyn Cavid lap uşaqlıqdan mənim həyat idealım olub”.

Bu məlumatdan sonra bir daha Qayıbovlar nəslindən olan bir neçə nəfərlə əlaqə saxladım. İskəndər Qayıbov anası Püstə xanımın və əmisi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasıda çalışmış  “Əməkdar müəllim”Rafiq Qayıbovun (hər ikisinə Allah rəhmət eləsin) xatirələrinə əsasən bir daha bunu təsdiq etdi. Və Cavid Hüseyn dramaturgiyasının şah əsəri sayılan və  1918-ci ildə yazılmasına baxmayaraq, bu gün də öz aktuallığını qoruyan və  müasir həyatımızda davam edən qarşıdurmaları özündə əks etdirən  “İblis”in Alpanda yazıldığını bildiridi. Qeyd edək ki, əldə etdiyim bəzi məlumatlara görə Hüseyn Cavid Qubada müəllim kimi də fəaliyyət göstərib. Bəziləri isə onun burada sürgün həyatı yaşadığını bildiriblər.

Arif bəyin kürəkəni Ramiz Seyfulla oğlu Babayev isə bizimlə söhbətində qayınatasından eşitdiklərini dilə gətirdi: “Arif dəcəl uşaq olub. Hətta o, Hüseyn Cavidin işləməsinə də mane olumuş. Belə ki, Hüseyn Cavid işləyərkən Arif bəy həmişə əgər belə demək mümkünsə, sataşıbmış Məsələn, Cavid əfəndi əsər üzərində işləyərkən lampanı söndürərmiş. Odur ki, günlərin bir günü Cavid əfəndi balaca Arif bəyə  belə deyib: “Arif, mən səni həyatın boyu yaşatmaq məqsədi ilə əsərimin qəhrəmanına adını vermişəm, sən isə gör nə edirsən?”

O həmçinin Arif bəyin uzun müddət maliyyə işçisi kimi fəaliyyət göstərdiyini də vurğuladı.

Mövzu ilə bağlı sonrakı suallarımı cavablandıran Tələt müəllimin oğlu Namiq müəllim bildirdi ki, babası  Dənyar bəyin birinci həyat yoldaşı hərbi və ictimai xadim, Azərbaycan Demokratik Respublikasının parlamentinin üzvü, Quba qəzasının Zizik kəndində dünyaya göz açmış  Əli bəy Harun bəy oğlu Zizikskinin bacılarından biri – Səadət xanım olub. Dənyar bəyin ondan iki övladı – bir qızı və oğlu dünyaya gəlib. 1904-cü ildə anadan olan qızının adı Bikə, 1905-ci ildə dünyaya göz açmış oğlunun  adı Arif olub. (O, 1984-cü ildə dünyasını dəyişib).

Yeri gəlmişkən qeyd edək ki, Əli bəy Zizikski ilə bağlı yayılan internet materiallarında onun 8 bacısından birinin – Ayna xanımın Alpanla bağlılığı barədə məlumat var. Amma göründüyü kimi, məlumatda nədənsə həmin xanımın adı səhv göstərilməklə yanaşı, Alpan bəyinə ərə getməsi əvəzinə, Alpan bəyə ərə getməsi qeyd olunub. Həyat yoldaşı rəhmətə gedəndən sonra Dənyar bəy ikinci dəfə alpanlı Abdulsəlim kişinin qızı Aişə xanımla ailə qurub. Bu izdivacdan isə  Tələt Qayıbov dünyaya gəlib.

Lakin Namiq bəy Dənyar bəyin mülkləri barədə məlumat verməyə çətinlik çəkdi: “Mən Tarix Muzeyindən 2007-ci və 2019-cu illərdə sənədlər əldə etmişəm.  Həmin sənədlərdə onun bəyliyi təsdiq olunur. Amma nə Dağıstan, nə də Tiflis arxivlərindən Dənyar bəyin mülkləri ilə bağlı heç bir sənəd tapa bilmədik”.

Qvami Məhəbbətoğlu (Rəsulov)