O günlərin kino lentlərindən etüdlər

0
294

Kəndimizdə (Quba rayonu Alpan kəndi) kino nümayişi üçün böyük klub da fəaliyyət göstərərdi. Ödəniş kimi də 20-40 qəpik pul verib, göy rəngli bilet alardıq. Həmin filmlər insanlara ülvi hissləri aşılayardı, aqressiya demək olar ki yox idi. Hər kəs filmlərdə öz idealını görərdü. O dövrdə kino, ümumiyyətlə, başqa aləm idi.

Amma hind filmlərinə baxmağa daha çox adam gələrdi… Qocalı-cavanlı, ailəliklə – hamı baxmaq istəyirdi həmin filmlərə. Çünki o illərdə hind filmləri fantastik dərəcədə populyar idi. Niyə görə? Çünki onlarda abır-həya gözlənilirdi, heç bir açıq-saçıq səhnə olmurdu. Məhəbbət, sədaqət, humanizm aşılayan, haqqın qələbəsinə inam yaradan həmin hind filmlərinin nümayişi günlərində kənddə sanki toy-bayram olurdu. Hətta bu filmlərə baxmaq üçün bilet tapmaq mümkün olmurdu. Bəzən oğlanların sevdiyi qıza yanaşmasında hind filmləri böyük rol oynayardı. Belə ki, o zamanlar hind filmlərinə baxmağa qızlar da gələrdilər. Bu da oğlanlar üçün bir növ əgər belə demək mümkünsə görüş yerinə çevrilərdi. Çünki biz məktəbli olanda xoşlandığımız qıza birbaşa yaxınlaşa bilmirdik. Ən cəsarətlimiz məktub yazar və onu etibar etdiyimiz oğlan və ya qızla gözaltımıza göndərərdik.

Həmin filmlərin nümayişi zamanı qızların qəhrəmanların vəziyyətlərinə necə yandıqlarını onların göz yaşlarında büruzə verərdi. Üstəlik, filmlər həftələrlə, aylarla müzakirə mövzusu olurdu. O illərddə demək olar ki, əksər evlərdə “Avara”, “Cənab 420” və daha neçə-neçə ekran əsərinin qəhrəmanı qəribə təbəssümü, kədərli və mənalı baxışları ilə ürəklərdə yuva salmış Rac Kapurun, eləcə də “Disko rəqqası”nın Cimmisi Mithun Çakrabortinin, “Qisas və qanun” filmlərinin ulduzu Amitabh Baççanın, “Çiçək və daş”dakı Dharmendranın, Bobbi filmindən tanıdığımız Rişi Kapurun, Zita və Gita rollarının ifaçısı Hema Malininin şəkilləri olardı. Qızların hazırladıqları xatirə dəftərlərini də məhz hind filmlərinin qəhrəmanlarının fotoları – “otkrıtkalar” (açıqcalar) bəzəyərdi. Yeri gəlmişkən, o illərdə demək olar ki, hər bir qızın xatirə dəftəri olardı. Həmin dəftərlərə bir qayda olaraq, qızların yaxınları, rəfiqələri, məktəb yoldaşları öz ürək sözlərini yazardılar. Özü də hər kəs öz ürək sözlərini şeirlə yazmağa cəhd edərdi. Həmin kövrək ifadələrin yanına da ürək sözlərini yazanların fotoları yapışdırılardı.

Hə, bir də o illərdə ümumiyyətlə açıqcalar yaman modda idi. Demək olar ki, bütün bayramlara uyğun tərtib olunmuş otkrıtkalardan məktub kimi də istifadə olunardı.Hə, o illərdə məktəbimizdə də tətil günləri ilə əlaqədar kinolara biletlər satılardı. Odur ki, biz uşaqlar üçün çəkilmiş filmləri də izləyə bilərdik.Klubun kinomexaniki də Mirzəbaba (Əlixanov) kişi idi. O, kinosevərləri heç vaxt intizarda qoymazdı. O mənim yaddaşımda həm də dairəvi qutularda yerləşdirilmiş kino lentlərini avtobus dayanacağından kluba qədər çiyninə qoyub həvəslə daşıyan və onları əzizləyən bir şəxs kimi də qalıb. O, hər hansı bir filmi gətirəndə o filimi axşama hazırlamaq üçün neçə saat öncədən öz iş yerində olardı. Böyük-kiçik, hamı ona hörmət bəsləyərdi.

Mirzəbaba Əlixanov öz işini sevən onun incəliklərinə bələd bir adam idi. Rayona gələn bütün yeni filmləri dərhal kəndə gətirərdi, planını da artıqlaması ilə yerinə yetirərdi. Amma bütün bunlara baxmayaraq, filmlərin nümayişi zamanı bəzən Mirzəbaba kişidən asılı olmayan səbəblərdən problemlər yaşananda o da həmin illərdə daha çox işlənən “sapojnik” haraylarına tuş gələrdi.Sonradan onun yanında Bədirxan Muradov da çalışmağa başlamışdır. Yeri gəlmişkən, onu da deyim ki, onların hər ikisi baməzə adamlar idilər. Kəndimizdə Güllər xanımın həyat yoldaşı Məmməd adlı bir kino həvəskarı vardı. Kəndimizin tanınmış pedaqoqu Rahib Sədullayevin sözlərinə görə, bir gözünün görmə qabiliyyəti olmayan bu şəxs demək olar ki, kənddə nümayiş olunan hər bir filmi izləyərdi. Günlərin bir günü Məmməd kişi Mirzəbabaya yarızarafat, yarıgerçək deyib ki, sən bilirsən ki, mənim bir gözüm görmür. Yəni filmlərə iki gözlə baxa bilmirəm. Odur ki, sən məndən birseriyalı kino üçün iyirmi deyil, on qəpik, ikiseriyalı kino üçün də iyirmi qəpik almalısan. Mirzəbaba kişi də zarafatda Məmməd kişidən geri qalmayıb. O da deyib ki, sağlam tamaşaçılar iki gözü olduqları üçün filmi o qədər də diqqətlə izləmirlər, sən isə hər filmi bir gülləsi qalmış ovçu kimi son dərəcə diqqətlə izləyirsən, deməli, sən daha çox pul verməlisən.

Bir yumor da Bədirxan kişi ilə bağlı. Günlərin bir günü kənddə növbəti hind filmi nümayiş olunurmuş. Film həvəskarlarından biri Bədirxan kişiyə deyibmiş ki, bilirəm, filmə bilet 40 qəpikdir, mənim isə 38 qəpiyim var. Mənə bilet ver, keçib filmə baxım. Bədirxan kişi də deyibmiş ki, a bala, başa düş, bu, hind filmidir e… heç 39 qəpiyə də olmaz.

Yeri gəlmişkən, klubda müxtəlif tədbirlər də keçirilərdi. Hətta burada özfəaliyyət dərnəyi də fəaliyyət göstərərdi. Niftulla Balayev, Zahid …oranın ən fəal üzvlərindən idilər. İndiyədək onların ifa etdikləri məzəli mahnı yadımdadır:

Bir atım, bir eşşəyim, bir kotanım vardı mənim,

Dədəm evləndirəcək daha nə qəmim vardı mənim.

Bir dəfə kəndimizə “İsmət”, “Kölgələr sürünür”, “Dağlarda döyüş”, “Koroğlu”, “Sehirli xalat”, “Kəndlilər” və digər filmlərdə yaddaqalan obrazlar yaratmış Xalq artisti Möhsün Sənani də gəlmişdi. Müxtəlif tamaşalardan, o cümlədən “Almaz” pyesindən epizodlar da göstərmişdi. Təəssüf ki, onunla həmin epizodlarda iştirak edən digər aktyorları xatırlamıram. Hə, yadıma düşmüşkən, Xalq artisti Şövkət xanım Ələkbərovanın da həmin klubda konserti olub. Yeri gəlmişkən, həmkəndlim, tarixçi Zabit Babayevin sözlərinə görə, Şövkət xanım gənc yaşlarında Alpanda yaşayıb: “Kəndimizin sakini Ənvərin bacısı Zərifə xanım onların gəlini olub. Ayəddin kişigildə olan Şövkət xanımın qardaşı Ələkbər onlara bir tar da hədiyyə edib. Həmin tar indi də Ayəddin kişigildə o illərin əziz xatirəsi kimi saxlanılır. Bədyal nənə danışardı ki, Şövkət xanım bişirdiyim göy qutabını çox sevər, bəh-bəhlə yeyərdi. Çox illər sonra Bakıda Ayəddinlə görüşən Şövkət xanım onu çox səmimi qarşılayıb və o günləri xatırlayıb”.

Həmkəndlim Maarif Əmirkişiyev isə Şövkət xanımla bağlı söhbətə bu sözləri əlavə etdi: “Şövkət xanımın qardaşı Paşa yay aylarında Ənvərgilə, həm də Adilgilə gələrdi. Özü də yaxşı nağara çalardı. Mən onu kəndimizdə dəfələrlə görmüşəm”.

Qvami Məhəbbətoğlu (Rəsulov