Bir tumurcuqdan 100 yeni bitki necə əldə edilir?

0
89

Azərbaycanda il ərzində, ümumilikdə, 5 milyon ədəd tumlu və çəyirdəkli meyvə tinginə ehtiyac var ki, bunun da böyük hissəsi xaricdən gətirilir. Amma yaxın gələcəkdə xaricdən ting idxalının qarşısı böyük ölçüdə alınacaq. Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda yaradılan biotexnologiya laboratoriyasında əldə olunan uğurlar bunu deməyə əsas verir.

azərtac-ın bölgə müxbiri institutun biotexnologiya laboratoriyasında olub, bitkilərin mikroklonal üsulla çoxaldılması prosesini izləyib.

Bitkilərin mikroklonal üsulla çoxaldılması 4 əsas mərhələdən ibarətdir. İnstitutun böyük elmi işçisi Çingiz Balazadə bildirir ki, birinci mərhələdə sort mənsubiyyəti təsdiq olunan bitkilərdən eksplantlar alınır. Sonra həmin materiallar laboratoriyada sterilizə edilir. Mikroklonal çoxalmanın birinci mərhələsi laminar bokslarda həyata keçirilir. Tam sterilizasiya olunan tumurcuqlar xüsusi şüşə qablarda iqlim otağına yerləşdirilir.

Mütəxəssis Türkan Əlikişiyeva bildirir ki, yalnız 21 gündən sonra bitki hissəciklərində ilk cücərtilər nəzərə çarpmağa başlayır. Həmin cücərtilər çoxaltma qida mühitlərinə köçürülür. Təkrar-təkrar çoxaltma nəticəsində lazım olan sayda bitki əldə edilir. Həmin bitkilər isə köklənmə mərhələsinə qədəm qoyur.

Köklənmə mərhələsində bitkilər fərqli qida mühitində bəslənilir. Bu mühitlərdə hər bir bitkinin özünə uyğun fərqli mikroelementlər mövcuddur. Xüsusi şəraitdə və temperaturda saxlanılan cücərtilər 20 gündən sonra köklənməyə başlayır. Kökləri 1,5-2 santimetrə çatdıqdan sonra bitkilər üçüncü – adaptasiya mərhələsinə hazır sayılır.

Əldə olunan bir tumurcuqdan biotexnologiya laboratoriyasında 105-107 yeni bitki əldə etmək mümkündür. Adaptasiya dövrünü başa vuran sağlam və virusa davamlı bitkilər sahələrə köçürülür.

Artıq bu sahədə bir sıra uğurlar əldə edilib. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda yaradılan biotexnologiya laboratoriyasında Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq çərçivəsində yerli üzüm sortlarının əkin materialları hazırlanır. Vaxtilə dünyada şöhrət qazanan yüksək keyfiyyətli məhsulların, markalı şərabların istehsal olunduğu Azərbaycanın nadir üzüm sortları mütəxəssislər tərəfindən laboratoriya şəraitində mikroklonal üsulla çoxaldılır. Həmin bitkilər adaptasiya mərhələsindədir. Laboratoriyada hazırlanan sağlam, virusdan azad əkin materialları daha sonra üzüm tingləri istehsal olunan modern tingçilik sahəsinə köçürüləcək.

İnstitutun biotexnologiya laboratoriyasında “OHF 87” klon armud calaqaltısı da modern üsulla yetişdirilir. Bu şəraitdə yetişdirilən calaqaltılar xəstəliyə davamlı, üzərinə calaq olunan sortun xüsusiyyətlərini saxlamaqla və yüksək məhsuldarlığı ilə seçilir.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun biotexnologiya laboratoriyası ölkəmizdə meyvəçiliyin inkişafı üçün mühüm əhəmiyyətə malikdir. İnstitutda yeni biotexnologiya laboratoriyası yaradıldıqdan sonra qarşıya qoyulan məqsəd ilk 3 il ərzində illik ting istehsalını 2 milyon ədədə çatdırmaqdır. Bu da xaricdən ting idxalının qarşısını böyük ölçüdə alacaq.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu 1926-cı ildə fəaliyyətə başlayıb və 1964-cü ildən Quba rayonunun Zərdabi qəsəbəsində yerləşir. Prezident İlham Əliyevin 2015-ci ildə imzaladığı Kənd Təsərrüfatı Nazirliyi sistemində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi haqqında Sərəncamına əsasən, institutun ümumi sahəsi 3504 kvadratmetr olan inzibati-laboratoriya binası əsaslı təmir edilib, kommunal sistemləri yenilənib, yardımçı təsərrüfat binaları tikilib. İnstitutda müasir avadanlıqlarla təchiz olunmuş torpaq, bitki və su analizi ilə məşğul olan aqroekologiya və analiz, bitkilərin mikroklonal çoxaltma üsulu ilə artırılması laboratoriyaları yaradılıb. Laboratoriyalarda alınmış bitki sortlarının böyüdülməsi və uyğunlaşdırılması məqsədilə xüsusi istixana-tingçilik kompleksi tikilib.