Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır

0
25

Ölkəmizdə hazırda ictimai-siyasi vəziyyət sabitdir. Amma anti-Azərbaycan dairələr bu sabitliyimizdən, bu inkişafımızdan çox narahatdırlar. Üstəlik, yenə də iş başındadırlar. Belə ki, respublikamızda əmin-amanlığa təhlükə törədə biləcək heç bir amilin mövcud olmadığını dərk edən, ölkə daxilindəki özünü müxalifət adlandıran qruplaşmadan əlini üzən xarici dairələr yeni plan üzərində çalışırlar. Daha doğrusu, indiki “beşinci kolon” öz sahiblərinin etimadını doğrultmadığından, yəni Azərbaycanda çevriliş, dırnaqarası inqilab edə bilmədiklərindən yeni “beşinci kolon”un yaradılması istiqamətində iş aparılır. Bütün bunlar barədə martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında ətraflı məlumat verən dövlətimizin başçısı  ölkə daxilindəki siyasi qüvvələri bu məsələ ilə bağlı çox ciddi xəbərdar edərək bunu dövlətə, xalqa xəyanət kimi dəyərləndirib. Bildirib ki, bütün daxili problemlərimiz xaricə icrac olunmadan ölkə  daxilində öz həllini tapmalıdır. Yeri gəlmişkən, dövlətimizin başçısı həmişə bununla bağlı öz fikirlərini bəyan edib.

 Bəli, bu, artıq bir həqiqətdir ki, son illərdə adını inkişaf etmiş ölkələrin sırasına yazdıran, dünya miqyasında öz layiqli yerini tutan, ən islahatçı 20 ölkə arasında yer alan, Cənubi Qafqazda söz sahibi olan, indiyədək qarşıya qoyduğu hədəflərə çatan respublikamız müxtəlif təzyiqlərlə, müxtəlif kampaniyalarla üzləşib. Belə ki, onu  ram etmək,  vassal dövlətə çevirmək üçün çox cəhdlər göstərilib, çox  məkrli planlar işə salınıb. Ancaq onu öz yolundan döndərməyi, uğurlarına kölgə salmağı, onun imicinə xələl gətirməyi bacarmayıblar. Bu mənada respublikamız elə bu kimi təzyiqlər, kampaniyalar altında sabitliyi qoruyub saxlayır və bu əmin-amanlığa töhfələr verən xalqımızın rifahı üçün hər şey edir. Şübhəsiz, bütün bunlar dövlət başçımızın məqsədyönlü siyasəti nəticəsində baş verir. Milli Məclisdəki çıxışında da dövlət başçısı qətiyyətlə vurğulayıb ki, Azərbaycan daim müstəqil, prinsipial və öz milli maraqlarına uyğun siyasət yürüdür və yürütməkdə davam edəcək.

Prezident İlham Əliyevin açıqlamalarından açıq-aydın görünür ki, xaricdəki anti-Azərbaycan dairələr öz bəd niyyətlərindən hələ də əl çəkməyiblər. Odur ki, onlar nəyin bahasına olursa-olsun ölkəmizdə iğtişaşlar yaratmağa, sabitliyi pozmağa can atırlar.

Azərbaycan reallıqlarından söz açan Prezident İlham Əliyev, həmçinin əminliklə əlavə edib ki, bu gün dünyada elə bir qüvvə yoxdur ki, hansısa qərarı bizə aşılasın, yaxud da bizə nəyisə diktə edə bilsin: “Belə qüvvə yoxdur və nə qədər ki, mən prezidentəm, belə qüvvə olmayacaqdır. Ona görə bu, tamamilə mənasızdır. Azərbaycanı hansısa təzyiq altına salmaq cəhdləri, yaxud da ki, sanksiyalarla hədələmək – bütün bunların heç bir əhəmiyyəti yoxdur. Bu, iqtidara qarşı deyil, bu, dövlətə qarşı edilən cinayətdir və bunu heç kim unutmasın”. Şübhəsiz, onlar nə qədər çalışsalar da məqsədlərinə nail ola bilməyəcəklər. Çünki xalq onların kimlərə, nələrə, hansı mərama xidmət etdiklərini yaxşı bilir. Digər tərəfdən, ölkə başçısının həyata keçirdiyi siyasət xalqın maraqlarına tam cavab verir.

Sözügedən tədbirdə dövlətimizin başçısı ölkəmizdə siyasi islahatların da vacibliyini qeyd edib. Eyni zamanda siyasi islahatların partiyalararası geniş dialoq aparılmadan həyata keçirilməsinin mümkünsüzlüyünü və hakimiyyətin heç bir ilkin şərt olmadan  siyasi qüvvələrlə danışıqlara start verdiyini də vurğulayıb: “Bir sözlə, həm seçkilər, həm də seçkilərdən sonra keçən dövr, iqtidar tərəfindən siyasi partiyalara yönəlmiş addımlar – bütün bunlar bizim mövcud siyasətimizin yeni mərhələsini əks etdirir. Bu, bizim islahatçı kursumuzu əks etdirir”. Bununla da “Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır” deyən Prezident  İlham Əliyev bütün siyasi qüvvələri ölkə həyatında fəal iştirak etməyə bir daha dəvət edib.

Qvami Məhəbbətoğlu, “İki sahil”