İçməli su problemi tamamilə həll edilməlidir

0
145

Əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə son illər ölkəmizdə genişmiqyaslı infrastruktur layihələri reallaşdırılır. Bununla da  mövcud olan içməli su problemləri aradan qaldırılır.

Bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə  “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi də istifadəyə verildi. Qeyd edək ki,  məhsuldarlığı gündə 140 min kubmetr və ya saniyədə 1,6 kubmetr olan bu sutəmizləyici qurğular kompleksi regionlarımızda inşa olunmuş ən böyük içməli sutəmizləyici qurğudur. Burada emal olunan suyun 100 min kubmetri Gəncə, 16 min kubmetri Şəmkir, 8 min kubmetri Samux şəhərinin, qalan hissəsi isə magistral kəmərlərin marşrutu boyu yerləşən kəndlərin tələbatının ödənilməsinə yönəldiləcək. Ümumilikdə, kompleksin imkanlarından istifadə olunmaqla 450 mindən artıq insan keyfiyyətli və fasiləsiz içməli su ilə təmin ediləcək.

 “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksinin ərsəyə gəlməsində ümumi tutumu 164 milyon kubmetr olan Şəmkirçay su anbarının müstəsna rolu vardır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, vaxtilə bu nəhəng layihə icra edilməsəydi, bu gün qərb bölgəsinin  insanlarının su ilə təchizatı işində və suvarma işlərinin yüksək səviyyədə təşkilində böyük problemlər olardı. Yeri gəlmişkən qeyd edək ki, son illər Şəmkirçay su anbarı ilə bərabər, Şabran rayonu ərazisində Taxtakörpü su anbarı da tikilib. Bu mənada elə bu sözləri həmin anbara da şamil etmək olar. Belə ki,  məhz bu anbarın sayəsində keçən ilin yay aylarında Bakı şəhərində su qıtlığı yaranmayıb. Bu mənada texniki cəhətdən çox mürəkkəb olan bu layihələri tarixi layihələr də adlandırmaq olar. Şübhəsiz, su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələr icra etmək və su anbarlarını yaratmaq strateji əhəmiyyətli bir məsələdir. Taxtakörpü və Şəmkirçay su anbarlarının  yaradılması ilə ölkəmiz bu strateji hədəfə çatır. Unutmayaq ki, su təhlükəsizliyi strateji əhəmiyyətli məsələdir.

Ötən il Bakı şəhəri və regionlarda 1420 km magistral və şəbəkə su xətləri çəkilib.  Artıq şəhər və rayon mərkəzləri ilə yanaşı, əhalisinin sayı 1 milyon 400 min nəfər olan 1050 kənddə içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı işlər görülüb.  Fasiləsiz içməli su ilə təmin olunan əhalinin xüsusi çəkisi  Bakı şəhəri üzrə isə 81,5, regionlarda 63,6, ölkə üzrə isə 69,9 faizə yüksəlib. Ölkəmizin təmiz içməli su ilə təmin edilməyən şəhərlərin sayı təqribən 3-5 ətrafındadır ki, onların da maksimum iki il ərzində içməli su ilə təmin edilməsi nəzərdə tutulub. Artıq Ağstafa, Göygöl və Goranboy, Tovuz şəhərləri də tamamilə layihələndirilib, Daşkəsən və Gədəbəydə şəbəkə işləri bitib, hazırda təmizləyici qurğuların inşası gedir.

Əhalinin içməli suya tələbatının ödənilməsi məqsədilə subartezian quyuları da qazılmaqdadır. Qeyd edək ki, ötən il ölkə üzrə 300-dən çox subartezian quyusu qazılıb. Bu il isə 400-dən çox subartezian quyusunun qazılması gözlənilir. Şübhəsiz, bunlar da bölgələrldə  içməli su  problemlərinin həllində müəyyən rol oynayır. Təkcə bir faktı xatırladaq ki, 2013-2019-cu illər ərzində Şəki rayonunda  81 subartezian və artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib. Bu quyuların istismara verilməsi 35 min nəfər əhalinin içməli su ilə təminatı yaxşılaşdırılıb. Mütəxəssislərin bildirdiklərinə görə, halbuki sovetlər dönəmində 70 il müddətində Şəki rayonunda cəmi 103 subartezian və artezian quyusu qazılmışdı.

Hazırda dövlət başçısının tapşırığı ilə “Azərsu” ASC ölkə vətəndaşlarının içməli su ilə təminatının yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirləri davam etdirir.

Qvami Məhəbbətoğlu, “İki sahil”