Aqroparklar: Müasir dövrün tələbi

0
39

Bu gün ölkəmizdə müasir texnika və texnologiyalardan istifadə etməklə məhsuldarlığın yüksəldilməsinə xüsusi diqqət yetirilir. Elə bu niyyətlə də respublikamızda dövlət dəstəyi ilə müasir tələblərə cavab verən müəssisələrin – aqroparkların yaradılması davam etdirilir.

Belə müəssisələrdən biri də bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə açılışı keçirilən Ağstafa Aqrar Sənaye Kompleksidir. Bəri başdan qeyd edək ki, bu aqroparkın ilkin göstəriciləri ürəkaçandır. Belə ki, ölkə üzrə taxılçılıqda orta məhsuldarlıq 32 sentner olduğu halda, burada 40-50 sentner məhsul əldə edilir. Açılış mərasimində sözügedən faktı xüsusi vurğulayan dövlətimizin başçısı bu aqroparkın kənd təsərrüfatının inkişafına da çox böyük dəstəyi olacağını vurğulayıb. “Biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması – bütün bunlar dövlət siyasətimizin tərkib hissəsidir” deyən Prezident İlham Əliyev, həmçinin Ağstafa Aqrar Sənaye Kompleksini ölkəmizdə həyata keçirilən islahatların, sahibkarlar, investorlar üçün yaradılan münbit şəraitin məntiqi nəticəsi kimi dəyərləndirib: “Bu aqroparkın yaradılmasına da dövlət öz maliyyə dəstəyini göstəribdir, ancaq investorların qoyduğu vəsait ondan qat-qat artıqdır”.

Mütəxəssislərin fikrincə, ölkədə qeyri-neft sektorunun inkişafında, ixracyönümlü məhsullar istehsal edən müəssisələrin yaradılmasında və ümumilikdə, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində belə aqrar sənaye kompleksləri müstəsna əhəmiyyət kəsb edir. Kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, logistikası və satışını bütünlükdə bir zəncir kimi  özündə birləşdirən, ən müasir texnologiyalarla təchiz olunan belə aqroparklar həm də regionlarda yeni iş yerlərinin açılmasında, əhalinin məşğulluğunu təmin edilməsində mühüm rol oynayır. Məsələn, elə Ağstafa Aqrar Sənaye Kompleksində çalışanların ümumi sayının 360 nəfər təşkil etməsi söylədiklərimizin sübutudur. Ümumiyyətlə, indiyədək fəaliyyət göstərən belə müəssisələrdə 2200 iş yeri açılıb. Ölkə üzrə nəzərdə tutulan bütün aqropark və iri fermer təsərrüfatları istifadəyə verildikdən sonra isə həmin müəssisələrdə 14 mindən çox iş yerinin açılması proqnozlaşdırılır.

Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, toxum istehsalından başlayaraq taxılın becərilməsini, emalını son istehlak məhsuluna gətirərək əhaliyə təqdim edən aqroparklar həm də bizim ərzaq təhlükəsizliyimizin qarantıdırlar: “Dövlət başçısının 2014-cü ildə imzaladığı “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanla yaradılan aqroparklar ölkəmizin iqtisadi potensialını daha da gücləndirilməsində, özəl sektorun inkişaf etdirilməsində, əhalinin həyat səviyyəsini yüksəldilməsində, məhsullarımızın “Made in Azerbaijan” brendi ilə xarici bazarlara sabit və etibarlı çıxışını təmin etməkdə, həmçinin ixrac coğrafiyasını genişləndirməkdə həqiqətən önəmli rol oynamağa başlayıblar. Yeri gəlmişkən qeyd edək ki, Ağstafa Aqrar Sənaye Kompleksi də beynəlxalq bio sertifikat alınması məqsədilə müvafiq sertifikatlaşma proseslərini həyata keçirərək, istehsal edəcəyi toxum və digər yarımfabrikat məhsulları ixrac etmək istiqamətində müvafiq iş aparır. Əminəm ki, bu yaxınlarda bu da reallaşacaq. Bütün bunlar isə o deməkdir ki, qeyri-neft sektorunun inkişafında müasir innovativ layihələr sırasında özünü daha çox doğruldan aqroparklar iqtisadiyyatımıza yeni nəfəs verməkdədir”.

Ekspert Nicat Nəsirli isə bildirdi ki, Ağstafada belə bir aqroparkın ərsəyə gəlməsində rayonda formalaşmaqda olan infrastrukturun da müəyyən rolu olub: “Belə ki, rayonda qazlaşdırma səviyyəsi, eləcə də təmirli yolların səviyyəsi 90 faizdir. İçməli su layihəsi 2013-cü ildə başa çatıb və istismara verilib. Yəni, investorlar üçün bütün şərait yaradılıb. Dövlət başçımızın da qeyd etdiyi kimi, şübhəsiz, indiyədək dövlət tərəfindən bu bölgədə infrastruktur layihələri icra edilməsəydi, yəqin ki, investorlar da investisiyaları üçün başqa yerlər axtaracaqdılar. Yeri gəlmişkən qeyd edim ki, dövlətimizin başçısının bölgələrə hər bir səfəri çərçivəsində yeni müəssisələr açılır, əhalini narahat edən problemlər aradan qaldırılır. Elə Prezidentin Ağstafaya səfəri çərçivəsində “Ağstafa Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin, yenidən qurulan 110/35/10 kilovoltluq “Ağstafa” elektrik yarımstansiyasının, Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidənqurma və bərpadan sonra istifadəyə verilməsi, eləcə də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağstafa filialının fəaliyyəti dediklərimə misaldır. Üstəlik, cənab Prezident əhalinin təkliflərini nəzərə alaraq “Ağstafa rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” və “Ağstafa rayonunun Sadıqlı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” da sərəncamlar imzaladı”.

Qvami Məhəbbətoğlu, “İki sahil”