Türkiyə – Azərbaycan: Sabitliyin göstəricisinə çevrilmiş əməkdaşlıq

0
76

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” müdrik kəlamını  əsas götürən Azərbaycan və Türkiyə arasında bütün sahələr üzrə əməkdaşlıq günbəgün daha da dərinləşməkdə və möhkəmlənməkdədir. Bu isə son vaxtlar iki qardaş ölkə arasında əməkdaşlığın yeni  xarakter almasının nəticəsidr.  Təsadüfi deyil ki, bu gün Azərbaycanın xarici ölkələrə yatırdığı sərmayələrin həcminə görə Bakı-Tbilisi-Qars dəmir yolu, Cənubi Qaz Dəhlizinin bel sütunu adlandırılan Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP), “Star” neft emalı zavodu kimi nəhəng layihələrə respublikamızla birgə imza atan, dünya miqyasında ölkəmizə ən böyük dəstək verən Türkiyə birinci yeri tutur. Belə ki, bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 18 milyard, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12,5 milyard dollar sərmayə qoyub. Keçən il  ticarət dövriyyəmiz 33 faiz artaraq 4,5 milyard dollara çatıb. Bu dövriyyənin 15 milyard dollara çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, dostluq və qardaşlıq üzərində qurulan, strateji xarakter daşıyan Azərbaycan-Türkiyə əməkdaşlığının koordinasiya  ən yüksək səviyyədə təşkil olunub.  Bu mənada 2010-cu il sentyabr ayında Azərbaycan-Türkiyüə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması bu əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə  böyük töhfələr verib desək yanılmarıq. Bu şuranın yaradılmasına böyük siyasi dəyər verən  Prezidenti İlham Əliyev demişdir: “Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının yaradılması sadəcə  adi bir  müqavilə, saziş deyildir. Bu, bizə imkan verəcək ki, gələcəkdə  bütün  sahələrdə fəaliyyətimizi birlikdə quraq, əlaqələndirilmiş şəkildə  aparaq  və bütün sahələrdə daha da böyük nəticələrə  çataq”.

 Fevralın 25-də Bakıda Prezident İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə  keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasında bu qurumun əhəmiyyəti bir daha gündəmə gətirildi. Üstəlik dövlət başçıları bundan sonra da Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının əlaqələrin gələcək inkişafı üçün çox önəmli olacağını vurğuladılar.

Sözügedən tədbirdə R.T. Ərdoğan qeyd etdi ki, dörd bir tərəfimizdə münaqişələr, terror və asayiş problemləri yaşandığı bir vaxtda Türkiyə və Azərbaycan bir sabitlik abidəsi olaraq yüksəlirlər: “Şübhəsiz ki, buna görə sarsılmaz əlaqələrimiz qədər, güclü ordularımıza da borcluyuq. Bu mənada istər ordularımızın həmrəyliyi, istərsə də müdafiə sənayesi sahəsində atdığımız addımlar da gələcəkdə müstəqilliyimizin ən böyük təminatı olacaqdır”.

Azərbaycan və Türkiyə əməkdaşlığı gücləndirməklə regionda böyük və güclü olan həm siyasi, həm də  iqtisadi birlik yaradıblar. Mütəxəssislərin fikrincə, qardaş ölkələrin strateji müttəfiqliyi yalnız iki ölkə üçün deyil, həm region, həm də bütövlükdə dünya üçün faydalıdır. Bu mənada, son illər ikitərəfli əlaqələrimizin davamı olaraq, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli, Azərbaycan-Gürcüstan-İran-Türkiyə dördtərəfli formatları regionda əməkdaşlıq imkanlarının genişləndirilməsi Azərbaycan və Türkiyənin  xüsusi çəkisinin göstəricisidir.

Göründüyü kimi, dünyanın siyasi arenasında yerini və çəkisini möhkəmləndirən Azərbaycan qardaş Türkiyə Respublikası ilə çoxşaxəli münasibətlərini inkişaf etdirməklə regionda da bir sıra uğurlara imza atıb.  Şübhəsiz, bu fakt geosiyasi nöqteyi-nəzərdən çox mühüm əhəmiyyət kəsb edir və ölkəmizin mövqelərinin daha möhkəmlənməsində böyük rol oynayır. Bu həm də o deməkdir ki, bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığına istinad edilmədən heç bir təşəbbüs reallaşa, həyata vəsiqə ala bilməz.

Qvami Məhəbbətoğlu, “İki sahil”