Cənub Qaz Dəhlizi: Fantastik nailiyyət

0
72

Fevralın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Prezident İlham Əliyevin iştirakı ilə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin altıncı toplantısı keçirildi. 13 ölkənin rəsmilərinin iştirakı ilə keçirilən tədbir Qərbin dörd seqmentdən – “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarət Cənub Qaz Dəhlizi layihəsinə marağı və ona böyük əhəmiyyət verildiyini bir daha təsdiqlədi.

Şübhəsiz, təməli 6 il öncə qoyulan, strateji əhəmiyyət daşıyan və cənab İlham Əliyevin qlobal miqyaslı təşəbbüsü ilə reallığa çevrilən Cənub Qaz Dəhlizi layihəsi ölkəmizin indiyədək çox uğurlu olan və Azərbaycana öz iqtisadiyyatını şaxələndirməyə, həmçinin dünya ölkələri ilə çoxtərəfli əməkdaşlığa imkan verən enerji strategiyasının əsas elementlərindən biridir. Bu layihəni nadir əməkdaşlıq formatı kimi dəyərləndirən dövlətimizin başçısı Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında bir daha bildirdi ki, Cənub Qaz Dəhlizi layihəsinin son seqmenti olan TAP bu ilin sonuna kimi tamamlanandan sonra bizim çoxtərəfli əməkdaşlığımız digər sahələrdə də davam edəcək: “TAP-ın tikintisinin tamamlanması bizim komanda işimizin sonu demək deyil”.

Ölkəmizin hazırda beynəlxalq tərəfdaşları ilə fəal şəkildə Xəzər dənizinin Azərbaycan sektorundakı yeni qaz yataqları üzərində işlədiyini deyən dövlətimizin başçısı qeyd etdi ki, bunların hamısı Azərbaycanın gələcək potensialının göstəricisidir: “Beləliklə, bunlar hamısı, beynəlxalq bazarlarda iştirakımızın genişləndirilməsi, şaxələnmiş üsullarla karbohidrogen ehtiyatlarımızın ixracı və xalqımız üçün daha yaxşı şəraitin yaradılmasından ibarət olan strateji məqsədlərimizin həyata keçirilməsinə töhfə verəcək. Bu, bizim məqsədimizdir və dövlətçiliyimizin gücləndirilməsidir”.

Avropa Komissiyasının Enerji Məsələləri üzrə Baş Direktorluğunun baş direktorunun müavini, doktor Klaus-Diter Borxardt isə çıxışında  Cənub Qaz Dəhlizinin Avropa İttifaqı üçün nailiyyət olduğunu deyərək bu layihənin Avropanın enerji təhlükəsizliyini gücləndirdiyini söylədi. O, həmçinin “Şahdəniz-2” yatağından hasil edilən qazın ilin sonunadək Avropa İttifaqına – İtaliyaya qədər nəqli ilə bağlı faktı fantastik nailiyyət kimi dəyərləndirdi. Klaus-Diter Borxardt vurğuladı ki, bu layihənin genişləndirilməsinə də ehtiyac var: “Cənub Qaz Dəhlizini 10 milyard kubmetrdən 20 milyard kubmetrədək və daha çox genişləndirmək üçün artıq çox yaxşı imkanımız var, çünki bu dəhlizin imkanı, texniki imkanı artıq mövcuddur”. Onun fikrincə, Cənub Qaz Dəhlizi ilə bağlı gələcək əməkdaşlıq da həyati əhəmiyyət kəsb edir.

Tədbirdə ABŞ, Böyük Britaniya və layihəyə üzv ölkələrin nümayəndələrinin səsləndirdikləri fikirlərdən bir daha aydın oldu ki, Azərbaycan etibarlı, təhlükəsiz və sabit enerji təchizatçısı kimi qəbul olunur və Avropa səbirsizliklə Azərbaycan qazının qitəyə daxil olmasını gözləyir.

Yeri gəlmişkən, qeyd edək ki, istər Prezident İlham Əliyev, istərsə də doktor Klaus-Diter Borxardt öz çıxışlarında Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatları hökumətlərinin Azərbaycanın təşəbbüskarı olduğu layihələrə davamlı dəstək göstərdiklərini də vurğuladılar. Məsələn, dövlətimizin başçısı bildirdi ki, ötən 25 ildən artıq müddət ərzində Amerika Birləşmiş Ştatları və Birləşmiş Krallığın hökumətləri Azərbaycanla sıx tərəfdaşlıq edərək Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz xətti və Cənub Qaz Dəhlizi kimi nəhəng layihələrin icrasına böyük töhfələr vermişlər. Bir məqamı da vurğulamaq lazımdır. Belə ki, dövlətimizin başçısı İlham Əliyev bu tədbir ərəfəsində ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donnelli, həmçinin Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson  ilə görüşlərdə layihənin icrasında göstərdikləri dəstəyə görə onlara təşəkkürünü də bildirmişdi. Prezident, həmçinin bu prosesdə  Avropa Komissiyasının da mühüm rol oynadığını vurğulamışdı. 

Bəli, 14 il öncə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri vasitəsilə 3 dənizi – Xəzər, Qara dəniz və Aralıq dənizini birləşdirən Azərbaycan bu ilin sonunda Cənub Qaz Dəhlizi layihəsi ilə Xəzər dənizi ilə Adriatik dənizini də birləşdirəcək. Bu mənada Cənub Qaz Dəhlizini “Bakı-Tbilisi-Ceyhan” layihəsinin davamı kimi də dəyərləndirmək olar. Bununla da Azərbaycan nəinki regionun, eləcə də qitənin enerji mənbələri və marşrutlarının şaxələndirilməsinə öz töhfəsini verir.

Qvami Məhəbbətoğlu, “İki sahil”