“Xocalıda can qaldı”

0
119

 

Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar “Xocalıda can qaldı” adlı ədəbi-bədii kompozisiya təşkil edib.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının və vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Mingəçevir şəhər şəhid F.Qasımov adına Uşaq İncəsənət Məktəbinin Rəssamlıq şöbəsi şagirdlərinin Xocalı soyqırımına aid çəkdiyi rəsmlərdən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə çıxış edənlər iştirakçılara Xocalı faciəsi haqqında geniş məlumat veriblər. Bildirilib ki, ermənilərin həyata keçirdikləri bu dəhşətli qətliam xalqımızın yaddaşından heç vaxt silinməyəcək, bu cinayəti törədənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq.

Sonda vurğulanıb ki, işğal altında qalan torpaqlarımız xalqımızın vətənpərvərliyi, döyüşkən ruhu, torpağa məhəbbəti, həmçinin dövlətimizin başçısının uğurlu siyasəti və qətiyyətli mövqeyi nəticəsində tez bir zamanda düşməndən azad ediləcək.

Tədbirin yekununda Mingəçevir şəhər Bülbül adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunub.

Esmira Hidayətova.