Şəhidlər xiyabanında açıq dərs

0
271

Mingəçevirdə orta  məktəbin hazırlıq sinfi şagirdləri Şəhidlər Xiyabanında tədbir keçirib.   

 Xocalı Soyqırımının növbəti ildönümü 20 saylı Mingəçevir şəhər orta məktəbin hazırlıq sinfinin şagirdləri tərəfindən vətənpərvər tədbir ilə qeyd olunub. Belə ki, sinif müəlliməsi Zülfiyyə Bəkirovanın rəhbərlik etdiyi hazırlıq qrupu şagirdləri əllərində dövlət bayraqları və yanaqlarına dövlət bayrağının rəngləri çəkilmiş vəziyyətdə Şəhidlər Xiyabanı Xatirə Kompleksində Azərbaycanlıların Soyqırımı və Deportasiya Qurbanları abidəsini ziyarət edərək abidə önünə çiçək dəstələri düzüblər.

Ardınca abidə önündə vətənpərvər mövzuda açıq dərs keçirilib. Müəllimə Zülfiyə Bəkirova azərbaycan xalqının başına gətirilən müsibətlər barədə şagirdlərə ətraflı məlumat verərək mərd övladların qəhrəmanlıq yolundan danışıb. Bundan sonra şagirdlər vətənpərvər şeirlər ifa edərək şəhidlərin xatirəsinə ehtiram göstəriblər.

Tədbirin sonunda balaca ziyarətçilər 300-dən çox şəhidin uyuduğu xiyabanı dolaşaraq müəllimlərin  vasitəsilə hər bir qəhrəman haqqında geniş məlumat toplayıblar.

Esmira Hidayətova