“Karyeramı Türkiyədə bitirmək istəyirəm”

0
208

Vurduğu qollarla “Akhisar Bələdiyəspor”da  ikinci baharını yaşayan Teofanis Gekas Türkiyə mətbuatının diqqət mərkəzindədir. Hal- hazırda Türkiyə Superliqasında hər kəsin bəyəndiyi yunan hücumçu “Futbol Ekstra” jurnalına maraqlı müsahibə verib. Müsahibədən bəzi diqqətçəkən məqamları sizlərə təqdim edirik.

-34 yaşında Türkiyə çempionatında hələ də yüksək səviyyədə çıxış edirsən. Bunu sənin “ikinci bahar”ın adlandırmaq olar?

— Bəli, bir növ belə də adlandırmaq olar. Mən burada ikinci cavanlığımı yaşayıram.

— Bu yaşda futbol oynamaq çətin deyil?

— Əslində hər şey mühitdən aslıdır. Əgər komandada hər şey qaydasındadırsa, 24 yaşda da, 34 yaşda da oynamaq olar.

— Bəs “Akhisar”da vəziyyət necədir? Oynadığın oyuna baxsaq, yəqin ki, hər şey əladır.

— Bəli. “Akhisar”da mühit çox yaxşıdır. Komanda yoldaşlarımla münasibətim yüksək səviyədədir. Artıq bura uyğunlaşmışam.

— Futbol karyeranı hansı komandada bitirmək istərdin? Və ya hansı ölkədə?

— Futbol karyeramı Türkiyədə bitirmək istəyirəm. “Akhisar Bələdiyəspor”da.

— 2007-ci ildə “Qalatasaray”a transfer olunacağın gözlənilirdi. Niyə bu transfer baş tutmadı?

— O vaxt “Qalatasaray”a transferim alınmadı. Mövsümün əvvəlində məni istəmişdilər. Amma o vaxtkı klubum “Bayer Leverkuzen” rəhbərliyi bu transferə icazə vermədi.

— Sən daha əvvəl də Türkiyə çempionatına gəlmişdin, sonra geri qayıtdın?  Bu haqda nə deyə bilərsən?

— Mən Almaniyada 6 il futbol oynamışam. Almaniyadan ayrıldıqdan sonra bir daha “Bundesliqa”ya qayıtmayacağımı söyləmişdim. Sonra Türkiyəyə gəldim. “Samsunspor”da oynadım. Çox gözəl mövsüm idi. Sonra səhhətimlə bağlı problemlərə görə İspaniyaya getdim. Orada “Levante”də oynadım. Amma La Liqaya uyğunlaşa bilmədim və yenidən Türkiyəyə qayıtdım.

— “Samsunspor”da cıxış edərkən, “Beşiktaş” səni transfer etmək istəyirdi. O vaxt “Samsunspor”un baş məşqçisi Mesut Bakkal “Beşiktaş” idarəçilərinə zəng edib sənin zədəli olduğunu və səni almağı məsləhət görmədiyini bildirib. Beləliklə, bu transfer reallaşmadı. Sən isə sonradan yenidən Mesut Bakkal ilə işlədin.

— Futbolda belə şeylər tez-tez olur. Elə vaxt gəlir ki, keçmişdə olanları unudub yalnız irəliyə baxmalı olursan. Məsələni şəxsiləşdirmək lazım deyil. Məsut Bakkal ilə yenidən çalışmaq lazımdısa, mən bunu komandanın xeyri üçün edərəm.

— Adətən həftədə bir dəfə məşqlərə getmirsən. Bu komandada problemlər yaratmır?

— Mənim şəxsi məşqçim var. O mənim məşqlərə getməməyimi istəyir. Ona görə də həftədə bir dəfə məşqə getmirəm. Həmçinin baş məşqçimiz 30 yaşından yuxarı olanlara həftədə bir dəfə məşqi buraxmağa icazə verir. Bunu oyun zamanı daha yüksək səviyyədə oynamağımız üçün edir.

— “Fənərbaxça”ya xüsusi diqqətin var. Bu komanda ilə oyunlarda 5 qol vurmusan.

— Yox, mən belə deməzdim. Bu, “Fənərbaxça” ilə əlaqəli deyil. Sadəcə qarşındakı rəqib nə qədər güclü olsa, bu sizə bir o qədər əlavə stimul verir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here