“Tunel: Cəhənnəmdən qaçış!”

0
68

 Xocalı faciəsinin 28-ci ildönümü münasibəti ilə  Mingəçevir Bələdiyyəsi şəhər Uşaq Gənclər İnkişaf Mərkəzi ilə birgə tədbir  keçirib.
 Əvvəlcə tədbir iştirakçıları bələdiyyənin foyesində mərkəzdə fəaliyyət göstərən dərnəklərin üzvlərinin-məktəblilərin Xocalı faciəsini əks etdirən əl işlərindən Ibarət sərgiyə baxış keçiriblər.

Tədbirdə çıxış edən mərkəzin direktoru Ədalət Quliyeva, tarix müəllimi Ramiz Kərimov, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı aparatının 1 saylı SİƏD-in nümayəndəsi Rizvan Mikayıllı, Xocalı şəhərindən olan məcburi köçkün Zahir Usubov, bələdiyyənin şöbə müdiri Zahid Qasımlı həmin günlərdə Xocalıda baş verənlərdən, insanlara qarşı törədilən amansız qətllərdən, torpaqlarımızda yağı düşmənin həyata keçirdiyi işğalçılıq əməliyyatlarından, yüzlərlə insanın Vətənimizin qorunması yolunda qəhrəmanlıqla şəhid olmasından danışıblar. Onlar işğal altında qalan torpaqlarımızın sülh yolu ilə alınması istiqamətində gedən danışıqlardan da söz açıblar.

Uşaq Gənclər İnkişaf Mərkəzinin metodisti, dram dərnəyinin rəhbəri Ülviyyə Kərimovanın ssenarisi ilə dərnəyin üzvlərinin, uşaqların iştirakı ilə hazırlanan “Tunel: Cəhənnəmdən qaçış!” tamaşası iştirakçılara o qanlı gecəni xatırladıb. Həmin gecə Xocalıda baş verənlər, düşmənin amansızlıqları, insanların fəryadları, körpələrin qorxusu, anaların naləsi uşaqların ifasında kövrək duyğular oyadıb. Tamaşa hər kəsdə inam yaradıb ki, bu faciəni törədənlər, qaniçənlərə yardım edənlər tarix qarşısında cavab verəcəklər.

Esmira Hidayətova,Mingəçevir.