Mənim yaralı Xocalım, o günə az qalıb

0
132

   1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini yeri üzündən sildilər.  Yüzlərlə mülki soydaşımızı  öldürərək misli görünməmiş soyqırımını həyata keçirdilər. Bu mənada Xocalı soyqırımı  həyatımızın qanla yazılmış, unudulmayan, qorxunc faciələrlə dolu bir dastanıdır.

…Həmin gün nələr olmadı İlahi! Nələr baş vermədi!… O dəhçətli gecənin adını çəkəndə belə hamımızın bədənindən bir göynərti qopur. Damarlarımızdan qan əvəzinə qəzəb hayqırır. Bu bircə gün bütün Azərbaycan xalqı üçün elə bir dəhşət oldu ki, hələ tarix belə bir dəhşət görməmişdir.

26 Fevral gecəsi! Xocalı soyqırımı! Xalqın faciəsi, ən ağır dərdi, ən böyük kədəri, sağalmaz yarası!

      Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

   O müdhiş gecədə gözəl abad şəhərimiz olan Xocalının dərddən beli əyilmişdi, dizləri qatlanmışdı, ürəyinə dağ çəkilmişdi. Şəhər mənfur ermənilərin taqpdağına çevrilmiş, tamamilə talan edilmişdi! O soyuq qış gecəsində cəlladlar hər alçaq hərəkətə əl atır, bütün bəd niyyətlərini həyata keçirir, tutduqları ağlasığmaz çirkin işlərdən həzz alırdılar. Ana öz körpəsinin harayına çata bilmirdi, o gecə! Ananın başını balanın gözü qarşısında kəsib, balanı öz anasına işgəncə verməyə məcbur edirdilər. Günahsız qurbanların qanı axıdılırdı. Gördüyü dəhşətlərdən Xocalı meşəsi də başını yerə dikmişdi, heç kəsi haraya çağıra bilmirdi. Kim bilir, bəlkə da çağırdı, amma imdadına  gələn olmadı.

Şübhəsiz,  Xocalı faciəsi bütün xalqın, bütün Azərbaycanın faciəsidir. Bu faciə bizim sağalmaz yaramız, unudulmaz dərdimizdir. Nə yaxşı ki, xalqımızın igid oğulları, qeyrətli qızları varmış! Bu faciəni lentə köçürə bilmiş, xalqa, dünyaya olduğu kimi göstərməyə nail olmuşdur. Dəstə-dəstə əsir getmiş Xocalı qız-gəlinləri, ayaqlar altda tapdalanmış Xocalı ağsaqqalları, ağlasığmaz dərəcədə təhqir olunmuş nurani ağbirçəklərimiz ürəklərimizdə əlacsız dərdlərimizdir.

   İllər, əsrlər ötəcək, zaman öz axını ilə irəliləyəcək, Xocalı dərdimiz unudulmayacaq. Mənim Vətənim Koroğlular, Babəklər yurdudur. Mənim elim, obam dərdə dözəndir, çətinliklərə sinə gəlməyi bacarandır. Başını dik tut, mənim yaralı Xocalım! Ağır dərd yükü altında büdrəmə!

     Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində gündən-günə güclənən ordumuzun səyi sayəsində işğalı altında qalmış torpaqlarımızın,  o cümlədən Xocalının işğaldan azad olunacağı günə az qalıb. Öz dədə-baba yurdlarından didərgin düşmüş soydaşlarımız, inşallah, bir gün öz doğma yurdlarına, əsarətdə inildəyən ocaqlarına geri dönəcəklər!…

      Nadirov Elnur, Mingəçevir