Mingəçevirdə “Asan xidmət” Xocalı ilə bağlı tədbir keçirib

0
115

Mingəçevir şəhər  “Gənclər Evi”ndə Xocalı faciəsinin 28-ci ildönümünə həsr edilmiş “Asan xidmət” mərkəzinin təşkilatçılığı ilə “Xocalıya könüllü gedək” adlı seminar keçirilib. Tədbirdə Mingəçevirdə məskunlaşmış Xocalı sakinləri və gəncləri ilə yanaşı, Mingəçevir Dövlət Universitetinin  (MDU) rektoru Şahin Bayramov, Mingçevir Gənclər və İdman idarəsinin rəisi Kamal Nəcəfli, Mingəçevir “Gənclər Evi”nin direktoru Tural Kərimov da iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni və Xocalı soyqırımının  qurbanlarının və ümumiyyətlə, bu günə qədər ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra  26 fevral Xocalı soyqırmı ilə bağlı videorolik nümayiş olunub. Daha sonra Mingəçevir regional “Asan xidmət” mərkəzinin direktoru  müavini Elşən Əliyev mənfur ermənilərin bütün bəşəriyyət üçün təhlükəli işğalçılıq siyasəti apardıqlarından söz açıb. Bildirib ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondu çox iş görüb: “Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində bu soyqırımla bağlı həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb və çatdırılmaqda davam edir”.

MDU-nun rektoru Şahin Bayramov  bu faciənin xalqımızın nisgili, dərdi olduğunu diqqətə çatdırıb, qəsbkar ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıldığını  deyib. O həmçinin qeyd edib ki, Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində torpaqlarımızın mənfur ermənilərdən  tezliklə azad ediləcəyini də əminliklə vurğulayıb.

Kamal Nəcəfli və Tural Kərimov öz çıxışlarında bildiriblər ki, yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımı özünün əsl siyasi-hüquqi qiymətini aldı, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü: ”Beləliklə, erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, faciənin soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyətə start verildi. Bu siyasət indi Azərbaycan dövləti tərəfindən davam etdirilir. Burada əsas məqsəd tarixi ədalətin bərpasına nail olmaq, soyqırımı cinayətkarlarını dünya ictimaiyyətinin mühakiməsinə verməkdir”.

Seminarda Xocalı sakini Alim İsmayılov  da çıxış edərək bir daha yaşadıqları o anları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Esmira Hidayətova, Mingəçevir