Qubalı məktəblisinin arzusu

0
49

On iki yaşlı qubalı məktəbli Yusif Əliyev kubik-rubikin sürətli yığılması üzrə yeni rekorda imza atmaq istəyir. Quba şəhər Zaur Cəfərov adına 3 saylı tam orta məktəbin yeddinci sinfində oxuyan Yusif Əliyev artıq iki ilə yaxındır kubik-rubik yığılmasına həvəs göstərir.

Yusifdə bu hobbisinə maraq internetdə rekordlarla bağlı videoları izlədikdən sonra yaranıb və atasından müxtəlif formalı kubik-rubiklər almasını xahiş edib. Hazırda ona istənilən kubik-rubikin yığılması üçün saniyələr bəs edir. İlk dəfə 1 dəqiqə 30 saniyəyə yığdığı kubik-rubikə indi cəmi 15 saniyə vaxt sərf edir. Yusif Əliyev bu istedadını daha da inkişaf etdirib 5-6 saniyəlik nəticələr əldə etmək əzmindədir.

İstedadlı məktəbli gələcəkdə Azərbaycanda və ölkəmizdən kənarda kubik-rubikin sürətli yığılması üzrə yarışlarda iştirak etmək istəyir.

“Kubik-rubiki sürətli yığmaq üçün əvvəlcə çoxsaylı alqoritm və formulaları öyrənmək lazımdır. Hazırda dünya rekordları 3-4 saniyələrlə ölçülür. Mən də bu nəticəyə nail olmaq istəyirəm”, – deyə Yusif Əliyev söyləyib.

Dərslərini yaxşı oxuyan Yusif böyüyəndə həkim olmaq istəyir. azərtac