“Heç soruşan da yoxdur ki, ey yataqxana sakinləri…”

0
283

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun bu dəfəki səyyar görüşü Mingəçevirdə yataqxanalarda yaşayan sakinlərlə olub. Bəri başdan qeyd edək ki, bu görüş digər səyyar görüşlərdən fərqli olaraq  problemlərin daha qabarıq və acınacaqlı olması ilə diqqət çəkib.

İcra başçısı əvvəlcə Mingəçevirdə ötən ildən bəri görülən işlərdən söz açıb. Şəhər rəhbəri, həmçinin görülən işlərin bundan sonra da davam etdiriləcəyini  və mövcud problemlərin həllinə nail olunacağını vurğulayıb. Başçı sakinlərə bildirib ki, yataqxanalarda olan vəziyyətlə  tanışdır. Onun sözlərinə görə, 1990-cı ildən bəri Mingəçevirdəki yataqxanalar  baxımsız vəziyyətdə qalıb. Daha sonra problem problem üstə yığılıb.

Sakinlər bildirirlər ki, yaşadıqları yataqxana qəzalı vəziyyətdə olması ilə bərabər, uzun illər aidiyyəti qurumlar insanların taleyinə biganə yanaşıblar. Belə ki, yataqxana sakinlərindən Gülnarə Mirzəliyeva, Səidə Maqsudova, Orxan Nəsibov  və digərləri bildiriblər ki, onlar  darısqal bir otaqda 4-5 nəfərlə birgə yaşayırlar. Gülnarə Mirzəyeva bildirib ki, buna əslində heç yaşamaq da demək olmaz: “Dözülməz yaşayış şəraitimizlə bağlı illərdir ki, yuxarılara müraciət etmişik. Amma dərdimizə çarə edən tapılmır ki tapılmır. Yəni heç soruşan da yoxdur ki, ey yataqxana sakinləri, nədir sizin dərdiniz, nə istəyirsiniz? Bu dözülməz vəziyyətimiz nə vaxta qədər davam edəcək?

Bütün problemləri dinləyən icra başçısı yataqxana rəhbərliyinə sərt ittihamlarını bildirib. Qeyd edib ki, əgər kimsə yataxana otaqlarını kirayəyə və yaxud da qapısını bağlı saxlayaraq zəbt etsə, onun barəsində hüquq-mühafizə orqanlarına müraciət edəcək. Başçı həmçinin bildirb ki, öz büdcəmiz hesabına yataqxananın mətbəx hissəsini, pilləkan qəfəslərini, koridorları təmir edəcəyik. Qalan işlər də mərhələli şəkildə həyata keçiriləcək.

Esmira Hidayətova, Mingəçevir