Azərbaycan elə bir ölkədir ki…

0
71
Azerbaijan flag on the Flaming Tower. The Flaing Tower compreised of 3 towers, as offices and a luxurious hotel. It stands out from the old town of Baku from this angle.

Azərbaycan bu gün hər hansı xarici yardıma ehtiyac duymur. Çünki iqtisadi qüdrətini davamlı şəkildə yüksəldən və mühüm investor ölkəyə çevrilən respublikamız dünya miqyasında kreditor mövqelərini də gücləndirib. Təkcə bir faktı xatırladaq ki, yeni böyük regional layihə kimi dəyərləndirilən Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyat dəhlizinin Gürcüstandan keçən hissəsi məhz Azərbaycanın bu qonşu dövlətə ayırdığı kredit hesabına həyata keçirilib. Bu mənada müstəqilliyin ilk illərində Dünya Bankından və başqa beynəlxalq maliyyə təşkilatlarından çoxlu maliyyə dəstəyi, borc alan respublikamız indi borc verən ölkədir.

Üstəlik, Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq İnkişaf Agentliyinin hesabatında Azərbaycan donor ölkə kimi tanınır və yoxsul ölkələrə yardım proqramlarında fəal iştirak edir. Mütəxəssislərin fikrincə, Azərbaycanın beynəlxalq donor ölkəsinə çevrilməsi onun iqtisadi qüdrətinin mühüm göstəricisi, eyni zamanda, humanizm prinsiplərinə yüksək sadiqliyinin ifadəsidir. Bu isə o deməkdir ki, dünənədək başqalarından humanitar yardımlar qəbul etmiş respublikamız özü yoxsul ölkələrə humanitar yardımlar göstərən donor, başqa sözlə desək, əl tutan ölkədir.  Ötən müddət ərzində bu yardımlar 100-dən çox ölkəyə göstərilib. Bəli, bu gün ölkəmiz elə bir inkişaf səviyyəsinə çatıb ki, artıq nəinki irimiqyaslı regional investisiya layihələri hazırlayıb həyata keçirir, həm də yoxsul ölkələrə yardım da göstərir. Məlumat üçün bildirək ki, hazırda Beynəlxalq İnkişaf Assosiasiyasına üzv olan 173 ölkədən yalnız 55-i donor ölkə statusuna malikdir. Şübhəsiz, bu, hər şeydən əvvəl düşünülmüş siyasətin təzahürüdür. Başqa sözlə desək, Prezident İlham Əliyevin rəhbərliyi ilə  həyata keçirilən islahatların məntiqi nəticəsidir. Ekspertlər, həmçinin beynəlxalq qurumlar da Azərbaycanın donorluq potensialını kifayət qədər yüksək qiymətləndirirlər.

Dövlətimizin başçısı fevralın 15-də Münxendə Dünya Bankının icraçı direktoru Aksel van Trotsenburq ilə görüşündə bu barədə danışarkən deyib ki, əgər siz xarici investisiyalar üçün açıqsınızsa, əgər siz maliyyə institutları ilə konstruktiv şəkildə işləyirsinizsə, əgər sizin inkişafa dair aydın baxışınız varsa bir gün siz bunun öhdəsindən gələcək və donor ölkəyə, iqtisadi və sosial vəziyyəti sabit olan bir ölkəyə çevriləcəksiniz. Qeyd edək ki, 2003-cü ildən indiyədək bütövlükdə Azərbaycan iqtisadiyyatının 3,4 dəfə artması, sənaye istehsalının 2,7 dəfə, kənd təsərrüfatının 2 dəfə, xarici ticarət dövriyyəsinin 6,4 dəfə, ixracın 7,6 dəfə, o cümlədən qeyri-neft ixracının 5,2 dəfə artması, müasir infrastruktur yaradılması, yüzlərlə müasir müəssisənin fəaliyyətə başlaması, eləcə də Dünya Bankı tərəfindən Azərbaycanın 20 ən islahatçı ölkə siyahısına salınması da bunun nəticəsidir.

“Biz də hazırda dəstəyə ehtiyacı olanların vəziyyətində olmuşuq” deyən dövlətimizin başçısı, həmçinin qeyd edib ki, bu nailiyyət sosial sahəyə daha böyük həcmdə vəsait ayırmağa imkan verməklə yanaşı, əhalimiz arasında yoxsulluq həddində yaşayanların sayının 5 faizdən aşağı olmasına şərait yaradıb. Bununla da dövlətimizin başçısı sübut edib ki, dünyanın müxtəlif yerlərində yaşanan gərginliklər, qarşıdurmalar, maliyyə və iqtisadi böhranlar baş versə də, düzgün siyasət aparılan zaman bütün sosial və iqtisadi məsələlər uğurla öz həllini tapa bilər. Bu isə o deməkdir ki, Azərbaycan elə bir ölkədir ki, o, yarana biləcək təsiri və təzyiqi dəf edə bilir və bunu dəfələrlə nümayiş etdirib. Səbəbi isə aydındır: Azərbaycan iqtisadi baxımdan müstəqil siyasət həyata keçirir və  öz vəsaiti hesabına yaşayır.

Əvvəllər Azərbaycanın Dünya Bankının güzəştli maliyyələşmə pəncərəsindən faydalandığını, Dünya Bankından yardım alan ölkədən qısa müddətdə donor ölkəyə çevrildiyini vurğulayan icraçı direktor Aksel van Trotsenburq isə respublikamızın yoxsul ölkələrlə həmrəy olan ölkələr klubuna qoşulmasını bir uğur hekayəsi kimi dəyərləndirib. Şübhəsiz, bu addım ölkəmizin iqtisadi qüdrətini göstərməklə yanaşı, onun beynəlxalq mövqelərinin güclənməsinə də ciddi təsir edir.

Qvami Məhəbbətoğlu, “İki sahil”