Türkiyə-Azərbaycan strateji tərəfdaşlığı yeni mərhələdə

0
56

Türkiyə və Azərbaycan dünya miqyasında biri-birinə ən yaxın olan ölkələrdir, ən yaxın müttəfiqlər və qardaş dövlətlərdir. Son illər ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni əməkdaşlıq getdikcə dərinləşir. Artıq ikili standartlar nümayiş etdirən beynəlxalq qurumlarda da ölkələrimiz həmrəylik nümayiş etdirir.

Əgər xatırlayırsınızsa, Prezident İlham Əliyev Türkiyənin nümayəndələrinin olmadığı, lakin tənqid edildiyi  beynəlxalq tədbirlərin birində: “Türkiyə burada yoxdur, amma mən varam, biz varıq” deməklə qardaş ölkəyə olan münasibətimizi daha parlaq şəkildə ortaya qoymuşdu. Keçən ay isə Strasburqda Avropa Şurası Parlament Assambleyasının toplantısında Türkiyə nümayəndələri tam heyətlə Azərbaycanın haqq işini müdafiə etməklə, ölkəmizin ədalətli mövqeyini həmişə  dəstəkləyəcəklərini bir daha bəyan etdilər.

Bu məqamda Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Prezident İlham Əliyevlə görüşdə söylədiyi  bu sözləri xatırlamaq yerinə düşərdi: “İkili standartlarla, bizə bu cür mövqe nümayiş etdirənlərə qarşı biz də mübarizəmizi, inşallah, birlikdə davam etdirəcəyik”. Şübhəsiz, bu mübarizə iki ölkəyə qarşı sərgilənən ikili standartlara son qoyulana qədər  davam etdiriləcək. Bu isə o deməkdir ki, iki qardaş ölkə bundan sonra da dostluq, qardaşlıq, müstəqillik yolu ilə gedəcək, milli maraqlardan çıxış etməkdə davam edəcək. Onlara heç bir kənar qüvvə təsir edə bilməyəcək.

İkili standartlar nümayiş etdirən, ideologiyaya boyun əyən qurumlara,  o cümlədən son illər heç bir nüfuza malik olmayan Avropa Şurasına qarşı birgə mübarizə isə artıq günün tələbinə çevrilib. Çünki Avropa Şurasının, eləcə də digər qurumların Azərbaycan və Türkiyəyə qərəzli münasibəti bir sıra hallarda əldə edilən uğurların xarici aləmdə düzgün qiymətləndirilməsinə  mane olur.

Prezident İlham Əliyev fevralın 10-da Milli Məclisə keçirilən seçkiləri izləmək məqsədi ilə ölkəmizə gəlmiş Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən də bu barədə söz açmışdır. Dövlətimizin başçısı bildirmişdir ki, iki qardaş ölkənin əldə etdiyi nailiyyətlərə düzgün qiymət verilmir:”Biz yaxşı bilirik ki, Türkiyəyə və Azərbaycana Avropa Şurasında ikili standartlar tətbiq olunur. Bizdə gedən müsbət proseslər qeydə alınmır, bizim artan gücümüz sanki qıcıq, paxıllıq yaradır. Ancaq buna rəğmən, Türkiyə və Azərbaycan iki dost, qardaş ölkə kimi irəli gedir. Biz çox önəmli layihələri icra edirik, öz gücümüzü artırırıq. Hesab edirəm ki, həm beynəlxalq müstəvidə, həm ölkə daxilində gedən işlərdə bizim düzgün siyasətimiz artıq reallıqdır”.

Dövlətimizin başçısı daha sonra bildirmişdir ki, bizi 2020-ci ildə birgə əməkdaşlıq sahəsində daha böyük işlər gözləyir. Belə ki, əgər keçən il biz TANAP-ın Avropa sərhədinə çatdırılmasını birlikdə qeyd etmişikdiksə, bu il Cənub Qaz Dəhlizini birgə istismara verəcəyik. Bu isə o deməkdir ki, bundan sonra da birgə həyata keçiriləcək bütün layihələr TANAP, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi uğurlu olacaq, Türkiyə və Azərbaycan birlikdə gələcəyə inamla addımlayacaq.

Yaxın günlərdə Bakıda keçiriləcək Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Şurasının növbəti toplantısına da ciddi hazırlıq gedir. Məlumat üçün bildirək ki, bu toplantı ənənəvi olaraq bir il Türkiyədə, növbəti ildə isə Azərbaycanda keçirilir. Həmin tədbirdə 9 fevralda keçirilən seçkilər uğurla başa çatandan dərhal sonra bu münasibətlə Prezident İlham Əliyevə təbriklərini çatdıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı gözlənilir.

Qvami Məhəbbətoğlu, “İki sahil”