Münxendə Nikol Paşinyanın yalanları heç ayaq da tuta bilmədi

0
119

Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirildi. Bəri başdan qeyd edək ki, dövlətimizin başçısı bu dəfə də konkret, sərrast, həm də təsirli və təmkinli fikirləri ilə dünyanın diqqətini yenidən işğalçı Ermənistanın iç üzünə cəlb etməyi bacardı. Çünki dili topuq vuran, qarışıq ifadələrdən istifadə edən, heç bir əsası olmayan “arqumentlərə”, “feyk” xəbərlərə əsaslanan Nikol Paşinyandan fərqli olaraq, Prezident İlham Əliyevin Ermənistana yönəlmiş ittihamları tarixi, siyasi-hüquqi faktlara əsaslanırdı. Bununla da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair panel-diskussiyada Prezident İlham Əliyevin əlahəzrət faktları qarşısında Nikol Paşinyan öz yalanları ilə gülünc, həm də rəzil vəziyyətə düşdü və hər cavabında özünü biabır etmiş oldu.

Gəlin dövlət başçımız İlham Əliyevin Ermənistanın baş nazirinin yalanlarını alt-üst edən arqumentlərinə diqqət yetirək. Əvvəla qeyd edək ki, Prezident İlham Əliyevin beynəlxalq hüquq normalarına əsasən Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını faktlarla sübut edəndə Nikol Paşinyan heç özü də bilmədən Dağlıq Qarabağın ölkəmizin tərkib hissəsi olduğunu etiraf edən fikir səsləndirdi. Bu isə o deməkdir ki, o, da əsl həqiqəti yaxşı bilir, amma öz ambisiyaları naminə sadəcə yalanlara  üstünlük verir. Bu yerdə bir atalar sözünü də xatırlatmaq yerinə düşərdi: “Dil çaşıb düzünü deyər”. Və dedi də.

Nikol Paşinyan: “Dağlıq Qarabağda Şaumyan adlı rayon var idi” fikrini səsləndirməklə isə tarixdən xəbərsiz olduğunu nümayiş etdirdi. Bununla da Prezident  İlham Əliyevin “O, Dağlıq Qarabağda deyildi” düzəlişi ilə erməni baş nazır özünü bir daha pis vəziyyətə saldı. Nikol Paşinyan bununla da növbəti dəfə nə qədər savadsız, siyasi və diplomatiya sahəsində bacarıqsız olduğunu nümayiş etdirdi. Lakin o, faktdan başqa fakt yoxdur! prinsipinə riayət etmədi. Belə ki, iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə öz yalanları ilə gülünc vəziyyətlərə düşməyə adət edən Ermənistanın baş naziri utanmadan yenə ənənəsinə sadiq qalmağa çalışdı. Üstəlik, Nikol Paşinyan Dağlıq Qarabağın Stalin tərəfindən Azərbaycana verilməsi fikrini səsləndirdi. “Mən buraya həqiqəti söyləməyə gəlmişəm” deyən dövlətimizin başçısı bildirdi ki, bu, tamamilə yanlış fikirdir: “Bir daha Qafqaz Bürosunun qərarına baxın, 1921-ci il iyul, orada deyilir ki, Dağlıq Qarabağı Azərbaycanda saxlamaq, Azərbaycana vermək yox. Əgər o, Stalini belə çox bəyənmirsə, qəribədir ki, niyə Şaumyanı belə çox bəyənir?” Dövlətimizin başçısı vurğuladı ki, bu da təsadüfi deyi. Belə ki, bolşeviklərdən biri olan Şaumyan günahsız azərbaycanlıları qətlə yetirmiş şəxs olub. Amma bugünkü Dağlıq Qarabağın qondarma paytaxtı onun adı ilə adlandırılıb. Elə bu aspektdən fikrini davam etdirən Prezident İlham Əliyev qeyd etdi ki,  sual olunur: əgər Dağlıq Qarabağ qədim Ermənistan ərazisidirsə, niyə paytaxtın adı qədim erməni adı ilə adlandırılmayıb: “Çünki paytaxtın qədim adı Xankəndidir – Xanın kəndi. Stepanakert, çünki Şaumyanın adı Stepan idi, kert Ermənistanda şəhər deməkdir, elə deyilmi? Stepanakert həmin bolşevikin adı ilə adlandırılıb”.  Bununla da dövlətimizin başçısı bir daha dünyaya bəyan etdi ki, Dağlıq Qarabağda heç bir erməni izi olmayıb. Yəni, Nikol Paşinyanın söylədikləri yalandan başqa bir şey deyil.

Nikol Paşinyan 106 qadın, 63 uşaq olmaqla 613 günahsız mülki şəxsin vəhşicəsinə öldürülməsi ilə nəticələnən Xocalı soyqırımına da özünəməxsus, daha doğrusu, Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun Rusiyanın “Arqumentı i faktı” qəzetinə müsahibəsinə istinadən don geyindirməyə çalışdı. Guya həmin müsahibədə deyilir ki, Xocalıdakı təxribat Azərbaycan müxalifəti tərəfindən onu hakimiyyətdən devirmək üçün təşkil olunubmuş.

Prezident İlham Əliyev bildirdi ki, Ayaz Mütəllibovun səhhəti çox yaxşıdır və Bakıda yaşayır: “O, bu yaxınlarda və bir neçə dəfə deyib ki, o, heç vaxt Xocalı soyqırımının azərbaycanlılar tərəfindən təşkil edildiyini deməyib. Günümüzdə deyildiyi kimi, bu, “feyk” xəbərdir”. “Arqumentı i faktı” qəzetində çox sayda erməninin çalışdığını qeyd edən dövlətimizin başçısı vurğuladı ki, bu, Rusiyadakı bəzi erməni jurnalistlər tərəfindən icad olunub və Rusiya mətbuatında dövriyyəyə buraxılıb.  Üstəlik ərz etdi ki, Xocalıda soyqırımı törədənlərin adları hamıya məlumdur. Onlar yerli ermənilər idi, Ermənistandan olan ermənilər və diaspordan olan ermənilər idi.  Yeri gəlmişkən qeyd edək ki, ermənilərin Xocalıda törətdikləri dəhşəli etirafları kifayət qədərdir. Təkcə erməni yazıçısı, “Böyük Ermənistan” ideyasının əsas ideoloqlarından biri olan  Zori Balayanın etirafları onların bütün iç üzünü açmağa bəs edir.

Baş nazir Nikol Paşinyan Dağlıq Qarabağın dırnaqarası özünümüdafiə qüvvələrindən danışanda da bir daha həqiqətə uyğun olmayan fikirlər səsləndirdi. Amma: “Mənim oğlum hərbi qulluğu Dağlıq Qarabağda keçir” deməklə Paşinyan bu fikri ilə əyani şəkildə təsdiq etdi ki, “Dağlıq Qarabağ ordusu” deyilən bir şey yoxdur. Prezident İlham Əliyev də faktlara əsaslanaraq qeyd etdi ki, dırnaqarası Dağlıq Qarabağ ordusunun 80 faizindən çoxunu Ermənistan vətəndaşları təşkil edir: ”Buna görə, “Dağlıq Qarabağ ordusu” anlayışı yoxdur. “Dağlıq Qarabağ respublikası” anlayışı yoxdur. Münaqişənin yalnız iki tərəfi var: Ermənistan və Azərbaycan”. 

Yeri gəlmişkən qeyd edək ki, Ermənistan baş nazirinin “Böyük Tiqranın dövründə bizim regionda yalnız iki millət var idi: ermənilər və gürcülər” iddiasına Prezident İlham Əliyevin “ermənilər və ermənilər” replikası bir tərəfdən Nikol Paşinyanın yalanını ifşa etdi, digər tərəfdən də ermənilərin tarixi həqiqətləri təhrif etmək və hər şeyi özününküləşdirmək mərəzini bir daha ortaya qoydu.

Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın səsləndirdiyi erməni xalqının ikinci dəfə öz müqəddəratınını təyin etməsi məsələsinə: “Erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!” deməklə isə sanki ona daha bir tarixi şillə vurdu. Bununla da Prezident İlham Əliyev ermənilərin Dağlıq Qarabağ iştahasına, “ikinci erməni dövləti” xəyallarına ironika ilə yanaşmaqla Nikol Paşinyanın simasında onların iddialarını tamamilə darmadağın etdi. Prezident İlham Əliyev  xalqımızın mövqeyini növbəti dəfə mötəbər tədbirdə bəyan edərək Ermənistana mesaj ünvanladı ki, Azərbaycan işğalla heç vaxt barışmayacaq, üstəlik, respublikamızın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü müzakirə mövzusu olmayacaq. Bütün bunları bir daha nəzərdən keçirəndə belə qənaətə gəlmək olar ki, Münxendə Nikol Paşinyanın yalanları nəinki yeridi, heç ayaq da tuta bilmədi. Şübhəsiz, buna Prezident  İlham Əliyevin tarixi faktlara və beynəlxalq hüquq normalarına istinad etdiyi fikirləri imkan vermədi.

Qvami Məhəbbətoğlu, “İki sahil”