Kənar adamın tövsiyələri

0
346

Belə bir məsəl var, atları yarı yolda dəyişməzlər. Amma biz dəyişmək zorunda qaldıq. Çünki Berti Foqts bizi pis vəziyyətdə qoydu. Yəni yarı yolda qoyub getdi. Odur ki, futbol üzrə millimiz yeni baş məşqçi axtarışındadır. Görək kimin üstündə dayanacaqlar? Artıq bu məsələdə dünyanın bir çox məşqçisinin adı çəkilib.

Bəli, ötən ay belə bir məlumat yayıldı ki, guya millimizin sükanı arxasına xorvatıyalı Robert Prosineçki gətirilir. Hətta onunla danışıqlar aparıldığı, zəhməthaqqı kimi ilinə 3 milyon veriləcəyi də söylənildi. Lakin az sonra məlum oldu ki, bəs AFFA-nın bəzi rəsmilərinin Xorvatiya yığmasında köməkçi məşqçi, “Srvena Zvezda” (Serbiya) və “Kayserispor” (Türkiyə) klublarında baş məşqçi işləmiş bu şəxslə görüşü tanışlıq xarakteri daşıyıb və tərəflər arasında hər hansı öhdəlik götürülməyib. Bu günlərdə daha bir məlumat gündəmi zəbt etdi. Sən demə, “Qalatasaray”ın sabiq baş məşqçisi Roberto Mançini də Azərbaycan milli komandasının baş məşqçi postuna namizədmiş. Bununla iş bitsə idi nə vardı ki… Yəni namizədlərin sayı çoxdur. Bəlkə də elə bu səbəbdən, Rövnəq müəllimin sözü olmasın, indi kimə salam verirsənsə, Azərbaycan yığmasına baş məşqçi gedirəm deyir” ifadəsi formalaşıb. Bizim yazarlar da başlayıblar bütün bunlara yüz cür don geyindirməyə.

Vallah, kim nə deyir desin, bu cür axtarışlar lazımdır, hətta mən deyərdim ki, vacibdən də vacibdir. Bir də zarafat deyil, biz məşqçiyə bir ətək pul veririk, yaxşı-yaxşı baxıb görməliyik, onlar nələrə qadirlər, verdiyimiz pula dəyərmi? Bircə mən bilmədim ki, bu yazarlar niyə hər əcnəbi tapıntıya birtəhər baxırlar! Vallah, görünür ki, onların gözü pis görür. Vallah-billah, ay kişilər, kim nə deyir desin, indiyədək millimizdə çalışmış əcnəbilər bizim ölkəmizdə kifayət qədər iş görüblər. Məhz futbolçularımız onların sayəsində topu tanıyıblar, üstəlik, digər dünya ölkələrinin komandalarının adlarını öyrəniblər. Bu, artıq bizim futbol üçün “böyük uğur” deyil, bəs nədir? Yəqin, yeni məşqçi də bu “uğurlara” yeni nailiyyətlər əlavə edəcək.

Ay kişilər, tutalım ki, lap Ağasəlim Mircavadovu gətirdik milliyə baş məşqçi… O, bizim milliyə nə verəcək? Təbii ki, can yandıracaq, babat bir millinin formalaşmasına səylə çalışacaq. Bu bizə lazımdır? Əsla yox. Çünki sabah biri yaxamızdan yapışıb deyəcək ki, balam, bəs indiyədək niyə bu kişiyə işləməyə imkan vermirdiniz? Hə, onda nə cavab verərik? Durub deməyəcəyik ki, bəs hər şeydə marağımız olduğu kimi bu baş məşqçi məsələsində də öz maraqlarımız var. Belə desək, adama nə deyərlər? Bu, bizə lazımdır?

Əgər Böyükağa Hacıyevə şans versək, onda lap batarıq. O başlayacaq bizə qulaq asmadan öz bildiyi kimi komandanı formalaşdırmağa. Onda bizim tanış-bilişlərin uşaqlarının halı necə olar? Yazıqlar milliyə həsrət qalmazlarmı? Hələ mən onun hərdən hərzə-hərzə danışmağını demirəm. Yandan baxanlar adama deməzlərmi ki, bu boyda kişilərin bir Zəifə gücləri çatmır? Bir sözlə, onda sözümüzün kəsərdən düşməsindən hər kəs duyuq düşər. Əgər Vaqif Sadıqovu baş məşqçi təyin etsək, lap hörmətdən düşərik. Bir uğur əldə edən kimi başlayacaqlar ki, bəs indiyə qədər dövlətin futbola ayırdığı milyonlar havaya sovurulub, mən nə bilim daha nələr, nələr… Bu mənə lazımdır? Hərgah Şahin Diniyevə şans versək, bu lap təhlükəli olar. Yəqin, bir neçə il bundan öncə “Planet parni iz Baku”nun uşaqlarının onu necə parodiya etmələrindən xəbərdarsınız. Bu dəfə ona millini həvalə etsək, heç şübhəsiz ki, həmin uşaqları Şahin müəllimin böyrünə bizi də qatıb rüsvay edəcəklər. Bunu bilə-bilə belə şeyə qol qoymaq olarmı? Hərgah Vəli Qasımovu gətirsək, bir məsələ ilə üzləşən kimi deyəcək ki, problem varsa, gəlin birlikdə həll edək. Məgər bizim işimiz azdır, üstəlik ona da baş qoşaq? Doğrudur, indi Mahmud müəllim Qurbanov bir qədər canfəşanlıq edir. Hətta Norveçə qan uddurmaq niyyətində olduğunu da gizlətmir. Demişik, yenə deyirik, ondan bizə yar olmaz.

Odur ki, deyirəm, milliyə yeni əcnəbi baş məşqçi lazımdır. Necə, o da Foqtsun tayı olacaq? Necə, əcnəbi mütəxəssisləri  gətirməklə futbolumuzu inkişaf etdirmək mümkün olmayacaq? Futbolumuz gərək aşağıdan yuxarı irəliləsin? Futbolumuzun təməlini qoymamışıq, amma artıq tavanını vurmaqla məşğuluq? Qardaşlar, məgər siz dəyirmanın öz bildiyini etdiyini, çaxçaxın isə sadəcə baş ağrıtdığını bilmirsiniz?

Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here