Xalça sənətimiz yeni inkişaf dövrünü yaşayır

0
154

Son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən davamlı islahatlar nəticəsində ən qədim tətbiqi sənət növlərindən biri olan xalçaçılıq xalqımızın milli dəyəri kimi ciddi diqqət yetirilən sahələrdən birinə çevrilib. Mütəxəssislərin fikrincə, bu prosesdə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması mühüm rol oynayıb. Bu mənada demək olar ki, xalçaçılığa marağın xeyli artması dövlət dəstəyindən qaynaqlanır. Təkcə bir faktı xatırladaq ki, ötən il “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan, Qəbələ və İsmayıllı rayonlarında filialları fəaliyyətə başlayıb. Ümumilikdə isə planda 32 belə fabrikin açılışı nəzərdə tutulub ki,  onlardan 11-i artıq fəaliyyətdədir. Bu isə o deməkdir ki, qəbul edilən Dövlət Proqramı xalqımızın milli dəyərlərindən sayılan xalçaçılığın yaşadılmasına, milli mədəniyyətimizin dünyada daha geniş  təbliğinə, həm də  qeyri-neft sektoruna öz töhfəsini verməkdədir.

Dövlətimizin başçısı fevralın 12-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialının açılış mərasimində demişdir ki, xalça fabriklərinin bölgələrdə yaradılması xüsusi əhəmiyyət kəsb edir. Çünki bu sənəti bölgələrdə get-gedə itirirdik. Digər tərəfdən, milli mədəniyyətimizin bariz nümunəsi olan xalçaçılıq yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğuna bir vəsilədir.

Yeri gəlmişkən qeyd edək ki, respublikamızda tarixi xalçaçılıq mərkəzi sayılan Qarabağ bölgəsində xalça fabriklərinin təşkilinə xüsusi diqqət yetirilir. Hazırda “Azərxalça”nın Qarabağ bölgəsində 4 xalça istehsalı emalatxanası – Füzuli, Ağdam,Tərtər və Cəbrayıl filialları fəaliyyət göstərir. Füzuli rayonundakı emalatxana Horadiz şəhərində, Ağdamdakı xalça fabriki Quzanlı qəsəbəsindədir. Cəbrayıl rayonu işğal altında olduğundan “Azərxalça”nın Cəbrayıl filialı bu rayon sakinlərinin müvəqqəti məskunlaşdıqları Biləsuvar rayonu ərazisində yaradılıb. Şübhəsiz, bu, həm məcburi köçkünlərin işlə təmin olunması, həm də Qarabağ xalçalarının yaşadılması baxımından olduqca əhəmiyyətlidir. Bütün bunlar, eyni zamanda, ölkəmizdə xalçaçılıq sənətinə olan dəstəyin, xalçaçılığın həm tarixi-mədəni, həm də sosial-iqtisadi faktor kimi yüksək qiymətləndirilməsinin bariz nümunələridir.

Son illərin müşahidələri göstərir ki, xalça ölkəmizə gələn turistlərin ən çox maraq göstərdiyi milli məhsullarımızdandır. Belə ki, əksər turistlərin öz zövqlərinə uyğun seçimi əsasən xalça olur. Bu mənada demək olar ki,  xalçaçılıq turizmin inkişafına da töhfə verən sahədir. Prezident həmin tədbirdə bu məsələni xüsusi vurğulayar demişdir ki, hazırda Azərbaycan xalçalarına dünyada da çox böyük tələbat var: “Ölkəmizə gələn xarici qonaqlar xalçalarla çox maraqlanırlar. Nəzərə alsaq ki, keçən il ölkəmizə 3 milyon 170 min xarici qonaq gəlib və bu il daha da artacaq, ona görə bizim xalçalarımıza tələbat çoxalacaq”.

Elə bu səbəbdən də xalça istehsalı emalatxanalarının yaradılması istiqamətində görülən işlər bu il də davam etdiriləcək. Belə ki, Prezidentim müvafiq Sərəncamına əsasən, bu il Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində “Azərxalça”nın Xocalı filialı üçün xalça istehsalı emalatxanası inşa olunacaq.

Bu müəssisələrin yerli xammalla da təchiz oluması diqqət mərkəzindədir. Belə ki, hazırda Sumqayıt Kimya Sənaye Parkında Yun-əyirici boya fabrikində avadanlıqların quraşdırılması prosesi davam etdirilir. Yun-əyirici boya fabrikinin bu ilin mart ayında istifadəyə verilməsi nəzərdə tutulub. Bu isə o deməkdir ki, öz boyalarımız, öz iplərimiz olacaq və idxaldan asılılıq aradan qaldırılacaq.

Bu il həm də istehsal olunan xalçalarımızın “Azərbaycan brendi” adı altında xarici bazarlara çıxarılmasına xüsusi önəm veriləcək. Artıq potensial xalça alıcısı olan ölkələrin bu sahə üzrə ixtisaslaşmış şirkətləri ilə əlaqələr yaradılıb, danışıqlar aparılıb. Bütün bunlar isə o deməkdir ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Azərbaycan xalçaçılığı özünün yeni inkişaf dövrünü yaşayır.

Qvami Məhəbbətoğlu, “İki sahil”