Başçı bələdiyyə üzvlərinə tövsiyələrini verdi

0
215

Mingəçevir  İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yeni seçilmiş  bələdiyyə üzvləri ilə görüşüb. O, əvvəlcə  ölkə Prezidentinin Mingəçevirlə bağlı fikirlərini, yeni seçilmiş bələdiyyə üzvlərinə çatdırdı. Bildirib ki, sizdən əvvəlki tərkiblə də görüşümüz olmuşdu: ”Mənim  sizə  tövsiyələrim ondan ibarətdir ki, bələdiyyənin fəaliyyəti görünməlidir. Şəhərdə geniş miqyaslı abadlıq-quruculuq işləri aparılır. Siz də bir bələdiyyə olaraq bu işlərdə öz layihələrinizlə çıxış edin. Yeri gəlmişkən vurğulayım ki, Mingəçevirdə bu gün 1 sot boş torpaq sahəsi qalmayıb. Şəhərə investorlar dəvət edirik, təəssüflər olsun ki, Tərəvəzçilik, Bağlar massivində məktəb, uşaq bağçası tikmək üçün yer tapmırıq. Yüz hektarlarla torpaq sahələri kimlərinsə əlindədir. Bundan əvvəlki bələdiyyə ancaq işini torpaq satmaqla bitmiş hesab edib. Bu  şəhərə bir töhfələri olmayıb. Mən sizlərdən səmərəli fəaliyyət, yeni-yeni layihələr gözləyirəm. İşinizi obyektiv şəraitdə qurmağa çalışın”.

Başçı daha sonra deyib: ”Mingəçevirdə bu il daha çox işlər görüləcək. İşsizliyin aradan qaldırılması üçün şəhərə investorlar dəvət olunur, sahibkarlarla danışıqlar aparılır. Çalışırıq ki, bu şəhərin turizm sahəsini daha da genişləndirək. Ona görə də hamımız əlbir olub şəhərimiz üçün, camaatımız üçün işlər görməliyik. Yeri gəlmişkən qeyd edim ki, bu il Mingəçevirdə 45 məhəllə abadlaşdırılacaq, 7 məkanda istirahət güşəsi yaradılacaq, 9 küçə işıqlandırılıcaq, 184 məhəllədaxili işıqlandırma sistemi qurulacaq. 11 doqquz mərtəbəli binanın dam örtüyü, fasadı və dəhlizi təmir olunacaq”.

Daha sonra yeni seçilmiş bələdiyyə sədri Ramiz Əliyev 19 nəfər bələdiyyə üzvülərinin adından çıxış edərək başçının Mingəçevir bələdiyyəsinə gələrək bələdiyyə üzvləri ilə görüşməsini yüksək qiymətləndirib və bələdiyyənin həyata keçiriləcək layihələrdə fəallıq göstərəcəklərini vurğulayıb.

Esmira Hidayətova, Mingəçevir