Ölkəmizdə televiziyanın yaranmasından 64 il ötür

0
54

1956-cı il fevralın 14-də Azərbaycanın ilk televiziyası bu sözlərlə yayıma başlayıb

Paytaxt Bakıda televiziya mərkəzi üçün binanın inşası 1954-cü ildə start götürdü. Tikinti üçün Bakının ən hündür məkanlarından biri olan Mehdi Hüseyn küçəsi 1 ünvanı seçildi. Azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verildi. 1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanırdı. Teleqüllənin inşası hələ başa çatmadığı üçün Bakı studiyasının ötürücüsü 44 metrlik adi neft buruğunda quraşdırılmışdı. Tezliklə hündürlüyü 180 metr olan qüllə istifadəyə verildi. İlk veriliş günü ekranda çıxışını “Göstərir Bakı!” kəlməsi ilə açan gənc aktrisa Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik etdi. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi nümayiş etdirildi. Beləliklə, Şərqdə ilk televiziya 1956-cı ildə məhz ölkəmizdə fəaliyyətə başlamış oldu.

… Ötən 64 il ərzində Azərbaycanda televiziya yayım şəbəkəsi qurulub, ən müasir standartlara əsaslanan rəqəmli televiziya yayım vericiləri istismara verilib. 1996-cı ildə istismara verilən Bakı Teleqüllə Kompleksi bu gün ölkənin əsas yayım mərkəzi hesab olunur. 310 metr hündürlüyü olan və unikal konstruksiyaya malik bu kompleks vasitəsilə yerli və bir çox xarici ölkələrin televiziya proqramları yayımlanır. Hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki Radio Televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyinin ölkə ərazisində fəaliyyət göstərən 123 radio-televiziya yayım stansiyasında istismar olunan 102 rəqəmli TV vericisi vasitəsilə televiziya yayımı təmin edilir. Ölkədə əhali yaşayan ərazilərin 99,7 faizi televiziya yayımı ilə əhatə olunub.