Yol mədəniyyət, intibah, rahatlıq, müasirlikdir

0
50

Son illər dövlətimizin başçısı hansı bölgəyə səfər edirsə, orada bir qayda olaraq, digər sosial obyektlərlə yanaşı, yeni, yaxud da yenidənqurulan avtomobil yollarının açılış mərasimlərində də iştirak edir. Bununla da hər dəfə yol infrastrukturuna yeni çalarlar, insanlara isə yeni, rahat yol sevinci bəxş edir. Artıq bu, danılmaz həqiqətdir.

2020-ci il fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev ölkəmizdə yol tikintisinin geniş vüsət aldığını bir daha vurğulayaraq demişdir ki, il ərzində min kilometr nəzərdə tutulsa da, əlavə olarar 300 kilometr avtomobil yolu salınıb. Dövlətimizin başçısı 300 kilometr yolun  edilən müraciətlər, vətəndaşlar tərəfindən ünvanlanan məktublar əsasında çəkildiyini qeyd etmiş və bu  ildə də həmin sahədə işlərin bu templə davam etdiriləcəyini bildirmişdir. Bütün bunlar isə ölkəmizdə yol infrastrukturunun müasir səviyyəyə çatdırılması istiqamətində aparılan işlərin davamlı olduğunu bir daha təsdiqləyir.

Şübhəsiz, yol həm insanların rahatlığı, həm də iqtisadiyyatın inkişafı deməkdir. Təsadüfi deyil ki, bu fikir hər dəfə yeni yolların istifadəyə verilməsi zamanı vurğulanır. Dövlətimizin başçısı fevralın 12-də Kürdəmir rayonuna səfəri çərçivəsində Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidənqurmadan sonra açılışında, eləcə də “ASAN xidmət” mərkəzinin açılışında bu barədə söz açmışdır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində Kürdəmir rayonunda bir sıra sosialyönümlü infrastruktur layihələrin həyata keçirildiyini, o cümlədən Olimpiya İdman Kompleksinin, Gənclər evinin, Bayraq Meydanınin, Bayraq Muzeyinin, əlil və şəhid ailələri üçün ümumilikdə 32 mənzilli 2 yaşayış binasının inşa edildiyini, Rayon Mərkəzi Xəstəxanasının, Tarix-Diyarşünaslıq Muzeyinin əsaslı təmir olunduğunu, “ASAN xidmət” mərkəzinin istifadəyə verildiyini, şəhərin su təchizatı sisteminin yenidən qurulduğunu, 4 aqropark, xalçaçılıq, həmçinin digər iri istehsal və emal müəssisələrinin yaradıldığını, qazlaşdırmanın 98 faizə çatdırıldığını, genişmiqyaslı abadlıq-quruculuq işlərinin görüldüyünü diqqətə çatdıran  Prezident bildirmişdir ki,rayonun inkişafına bundan sonra da diqqət göstəriləcək: “Bu gün rayonda bir neçə obyektin açılışında iştirak edirəm, o cümlədən yolun açılışı olub. Kənd yollarının vəziyyəti çox acınacaqlı idi. Son vaxtlar bu sahəyə böyük diqqət göstərildi və yolların 50 faizi yenidən quruldu. Mənə bu gün göstərilən təqdimatdan da məlum oldu ki, yolların əvvəlki vəziyyəti dözülməz idi. Orada heç asfalt da, çınqıl da yox idi, torpaq idi. Yağış yağanda o yollar keçilməz olurdu. İndi biz yolların 50 faizinin təmirinə nail olmuşuq. Ancaq hesab edirəm ki, dördüncü regional inkişaf proqramının 2023-cü ildə başa çatması nəticəsində Kürdəmir rayonunda bir dənə də təmirsiz yol qalmayacaq”.

Bu yaxınlarda isə rayonda investisiya xərcləri hesabına 85,2 km uzunluğunda 3 yol infrastrukturu (Karrar-Böyük Kəngərli, Qarasu-Şilyan və Pirili-Muradxan-Sor-Sor) layihəsi icra olunub. Bu avtomobil yollarının yenidən qurulması həmin yollar boyu yaşayan vətəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna asan çıxış əldə etməklə, istər rayon mərkəzinə, istərsə də digər rayonlara rahat gediş-gəlişi təmin olunub, yük və sərnişin daşıması asanlaşıb, ərazidə əhalinin sosial həyatına müsbət təsir edən kənd təsərrüfatının inkişafı sürətlənib.

Şübhəsiz, bütün bunlar son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla aparılan yol infrastrukturunun genişləndirilməsi və təkmilləşdirilməsi işlərinin məntiqi nəticəsidir. Unutmayaq ki, yol mədəniyyət, intibah, rahatlıq, müasirlikdir, həm də ölkənin inkişaf səviyyəsini göstərən əsas faktorlardan biridir.  

Qvami Məhəbbətoğlu, “İki sahil”