XVII tura “Neftçi”-“Keşlə” matçı ilə yekun vurulacaq

0
25

Fevralın 15-də futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turuna start veriləcək. İki günü əhatə edəcək turun açılış matçında “Zirə” və “Qarabağ” komandaları görüşəcəklər. Zirə İdman Kompleksində keçiriləcək matç saat 15:00-da başlayacaq.

Günün ikinci görüşündə “Sumqayıt” doğma meydanda “Sabah”ı qəbul edəcək. “Kapital Bank Arena”da təşkil olunacaq qarşılaşma saat 17:00-da start götürəcək.

Turun üçüncü oyunu fevralın 16-da oynanılacaq. “Səbail” komandası doğma meydanda “Qəbələ”ni qəbul edəcək. Matç saat 16:30-da başlayacaq.

Premyer Liqanın XVII turuna həmin gün saat 19:00-da başlayacaq “Neftçi”-“Keşlə” matçı ilə yekun vurulacaq. Görüş “Bakcell Arena”da keçiriləcək.

On altı turdan sonra turnir cədvəlinə 35 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 27 xalı olan “Neftçi” ikinci, 26 xalı olan “Keşlə” isə üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (22), “Zirə” (20), “Sabah” (16), “Səbail” (15) və “Qəbələ” (13) yer alıb.