“Qəbələ” uduzdu… “Səbail” qələbə qazandı

0
85

Fevralın 7-də futbol üzrə Azərbaycan Premyer Liqasının 16-cı turuna “Sabah”-“Qəbələ” oyunu ilə start verilib. “Bank Respublika Arena”da keçirilən oyuna fəal başlayan qonaqlar 5-ci dəqiqədə Ülvi İsgəndərovun vurduğu qolla hesabı açıblar. Görüşün 19-cu dəqiqəsində meydan sahiblərinin hücumçusu Marko Deviç hesaba tarazlıq gətirib. Cəmi 3 dəqiqə sonra “Sabah”ın yarımmüdafiəçisi Mario Marina komandasını hesabda önə çıxarıb. Birinci hissə bu hesabla bitib – 2:1.

Qarşılaşmanın 64-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Ehtiram Şahverdiyev topu öz qapısına göndərib. Lakin qonaqların hücumçusu Nikolas Raysel on bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesab arasındakı fərqi azaltsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Beləliklə, “Sabah” doğma meydanda “Qəbələ”ni 3:2 hesabı ilə məğlub edib.

Dünən Azərbaycan Premyer Liqasının 16-cı turunun ikinci matçında isə “Keşlə” doğma meydanda “Səbail”i qəbul edib. “ASK Arena”da təşkil olunan oyunun taleyini bir qol həll edib. Qarşılaşmada yeganə qolu 51-ci dəqiqədə “Səbail”in yarımmüdafiəçisi Hendrik Ekşteyn on bir metrlik cərimə zərbəsindən vurub.

Bu gün turun digər oyunları – “Sumqayıt”–“Zirə” və “Qarabağ”-“Neftçi” matçları keçiriləcək.

Hazırda turnir cədvəlinə 34 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 26 xal olan “Keşlə” və “Neftçi” klubları müvafiq olaraq ikinci və üçüncü pillədə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Zirə” (20), “Sumqayıt” (19), “Sabah” (16), “Səbail” (15) və “Qəbələ” (13) yer alıblar.