Bu gün Azərbaycan Premyer Liqasının XVI turunun oyunları keçiriləcək

0
34

Fevralın 7-də futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turuna start veriləcək. alpaninfo.com Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, turun birinci oyun günündə iki görüş keçiriləcək. Açılış matçında “Sabah” və “Qəbələ” komandaları “Bank Respublika Arena”da qarşılaşacaqlar.

Günün ikinci matçı isə “ASK Arena”da təşkil olunacaq. Çempionluğa iddialılardan olan – ikinci pillənin sahibi “Keşlə” autsayder “Səbail”i qəbul edəcək. Bakı vaxtı ilə saat 21:00-da start götürəcək bu qarşılaşmanın idarə edilməsi Əliyar Ağayevə həvalə olunub.

Fevralın 8-də “Kapital Bank Arena”da “Sumqayıt”–“Zirə” oyunu keçiriləcək. Premyer Liqanın XVI turuna həmin gün saat 20:00-da başlayacaq “Qarabağ”-“Neftçi” matçı ilə yekun vurulacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda ədaləti Rauf Cabarov qoruyacaq.

On beş turdan sonra turnir cədvəlinə 34 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 26 xalı olan “Keşlə” və “Neftçi” klubları müvafiq olaraq ikinci və üçüncü pillədə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Zirə” (20), “Sumqayıt” (19), “Sabah” (13), “Qəbələ” (13) və “Səbail” (12) yer alıblar.