“Ölü” şəhərin bayramı

0
29

Məqalənin sərlövhəsi təzadlı görünə bilər, ancaq realdır. 1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş verən qəza iki kilometr məsafədə yerləşən Pripyat şəhərində həyatı iflic etdi. 50 minə yaxın əhalisi olan şəhər tam evakuasiya edildi, 34 ildir Pripyat “Ölü şəhərə” çevrilib. 1970-ci ilin fevralında salınan Pripyat şəhəri qəza baş verən zaman 16 illik inkişaf dövrünü yaşayırdı; burada dörd mikrorayon salınmışdı, daha birinin təməli qoyulurdu, fəqət bir alimin savadsız, məsuliyyətsiz sınaq cəhdi dünyada yeni bəşəri faciənin təməlini qoydu, şəhər isə tarixin yaddaşına qovuşdu.

Əslində, Pripyat və Çernobıl şəhərinə səfər planlaşdırılanda, vahiməli səhnələrin şahidi olacağımı bilirdim. Elə də oldu… AES-in 30 kilometrliyində artıq ilk Nəzarət-Keçid Məntəqəsi fəaliyyət göstərir, orada təhlükəli zonaya keçən insanlar təlimatlandırılır, ciddi yoxlanışdan sonra yolun davamına icazə verilir. Çernobıl AES istiqamətinə irəlilədikcə radiasiyanın təbiətə vurduğu ziyanın, hər şeyin mutasiyaya məruz qaldığının şahidi olursan. Paslanmış meşə massivi, kol-kosun arasında qalan sahibsiz evlər sanki insanın ayrı bir dünyada olduğu təsəvvürünü yaradır. Yola davam etdikcə düşünürsən: İlahi, bir insan faktoru, səhvi necə bəşəri faciələrə səbəb ola bilərmiş. Bir zamanlar sovet adamlarının sevimli məskəni olan ərazi “ölüm saçır”.

Elə bu fikir beyində dolaşa-dolaşa gedirdik ki, ikinci Nəzarət-Keçid Məntəqəsinə çatdıq. Yenidən yoxlanışlar, təhlükəli ərazilərdə tikililərə girmək qadağası kimi tapşırıqlardan sonra yolumuza davam etdik.

Nəhayət, gəlib çatdıq Çernobıl Atom Elektrik Stansiyasının qəza baş verən 4 saylı nüvə reaktoruna. Çernobıl qəzası həm maliyyət, həm də ziyanına görə tarixdə ən faciəvi nüvə stansiyası qəzası sayılır. Beynəlxalq Nüvə Hadisə şkalasında maksimum sinifləndirmə olan “7-ci səviyyə böyük qəza” olaraq sinifləndirilən sadəcə 2 nüvə enerji qəzasından biridir. Digəri Yaponiyadakı 2011 Fukuşima fəlakətidir. Sığınacaq, həmçinin 3 nömrəli elektrik stansiyasında ziyan görməmiş digər reaktorların heyəti üçün 2000-ci ilə qədər elektrik istehsalına davam edən radioloji müdafiə təmin etdi. Sarkofaqın davam edən çürüməsinə görə, həm özü, həm də 4 nömrəli reaktor, beynəlxalq bir komanda tərəfindən dizayn edilən və inşa edilən daha böyük və müasir bir mühafizə olan Chernobyl New Safe Hapine tərəfindən 2017-ci ildə bağlanıb. Bu bina həm sarkofaq, həm də reaktor qalıqlarının uzaqlaşdırılmasını asanlaşdıra bilir. Həmçinin radioaktiv kirlənməni ehtiva edir.

Pripyat şəhərinin girişində, AES-in tam yanında radiasiya fonunu ölçən xüsusi cihazla ərazidəki vəziyyəti təhlil etdik. Torpağa yaxın yerdə radiasiya fonu 5,4 mikrozivert göstərdi ki, bu da normadan 18 dəfə çox deməkdir. Çünki radiasiya fonu normal halda 0,3 mikrozivert olmalıdır. Həmin ərazidə AES-in qəzası zamanı tullantılar basdırılıb və üzəri torpaq qatları ilə örtülüb. Avtomobil yolundan kənara girişə qadağan lövhələri vurulub. Radiasiya kəşfiyyatı bölüyünün komandiri, ekoloq Sergey Mirnıy söhbətində bildirdi ki, bu torpaqların bərpası və yararlığı üçün 24 min il lazımdır. O, ilk dəfə bu əraziyə qəzadan 2-3 ay sonra xüsusi kəşfiyyat aparmaq üçün radiasiyadan qorunan texnika ilə gəldiyini bildirərək, həmin dövrdə burada radiasiya fonunun 1000 dəfə çox olduğunu qeyd etdi. S.Mirnıy şahidi olduğu hadisələr və qəza ilə bağlı bir neçə kitab və film ssenariləri yazıb…

…Pripyat şəhərinin mərkəzinə isə ürəkağrısı ilə baxmamaq mümkünsüz idi. Bir tərəfdən virana çevrilmiş binalar, restoran və müəssisələr, radiasiyadan paslanmış yelləncəklərin vəziyyəti, digər tərəfdən radiasiya şüasının adamda yaratdığı ürək sıxıntısı qorxunc idi. Ancaq buna baxmayaraq 34 il öncə təxliyə olunan şəhər sakinlərinin bir hissəsi Pripyatın yaranma tarixini qeyd etməyə gəlmişdi. “Ad günün mübarək” şüarı ilə. Onlar “ölü şəhər”in bayramını min bir iztirabla, ağlaya-ağlaya qeyd edirdilər. Onların yaddaşında heç bir şəraitdə silinməyən hadisələr baş verib. Onların təfərrüatları və nəticələri, onlarla əlaqəli düşüncələr və duyğular qəlblərində əbədi məskunlaşıb və zaman-zaman yaddaşlarda qalır. Bunlardan biri də qəza zamanı 30 yaşında Pripyat şəhər diskotekasında dicey olan Aleksandr Demidov idi: “Pripyat şəhərinə 1980-ci ildə Poltavadan gəldim. “Energetik” mədəniyyət evində diskotekanın təşkilatçısı kimi çalışırdım. Bu, yalnız rəqs deyil, həm də əyləncəli bir şou idi – xüsusən də rəqs qrupunun çıxışları ilə. Pripyat diskotekamız Kiyev bölgəsində ən yaxşılardan sayılırdı, hər axşam 500 nəfərədək adam gəlirdi. Bunu xatırlatmaqdan məmnunam”.

A.Demidov olanları daha sonra belə xatırladırdı: “Sakinlərinin xatirəsində Pripyat gənc bir şəhər olaraq qaldı. Axı 1970-ci ildə yaranıb, 16 yaşında “vəfat edib”. Onun haqqında pis bir şey deyə bilmərəm. Bilirəm ki, ağlayan insanlar var. Deyirlər bu şəhər bizə bəla və bədbəxtlik gətirdi. Mən isə həyatımın ən yaxşı illərini orada keçirdiyimi düşünürəm. Yalnız şəhəri qəbiristanlıq olaraq ziyarət etməyim çox təəssüfləndirir…

…Qəza cümə günündən şənbə gününə keçən gecə baş verdi. Bazar günü isə Pripyat sakinləri təxliyə olundu. Beləliklə, şəhər sakinləri 30 saat qaranlıqda qaldı. Şayiələr var idi, amma heç kim dəqiq bilmirdi. Bazar günü günorta saat 12-də radioda əlverişsiz radiasiya vəziyyətini elan etdilər, özümüzlə pul, sənəd, fotoşəkillər götürməyi və avtobuslarla təxliyə olunmağı təklif etdilər”.

Pripyat şəhərində bütün reallıqları çılpaqlığı ilə müşahidə etdikdən sonra AES-dən 10-15 kilometr məsafədə yerləşən Çernobıl şəhərinə üz tutduq. Şəhərdə ilk baxışdan ən cəlbedici məkan Leninin heykəli oldu. Ukraynanın bütün bölgələrində Leninin heykəli götürülsə də, burada toxunulmaz qalıb. Görünür, heykəldə radiasiya fonu yüksək olduğundan toxunulmur. Çernobılda Pripyat şəhərindən fərqli olaraq nisbətən həyat, yaşayış hiss olunurdu. Burada bir neçə inzibati bina fəaliyyət göstərir. Növbəli şəkildə insanlar çalışır. AES-in reaktorlarına nəzarət edilir. Şəhərdə artıq günəş enerjisindən istifadə üçün panellər qoyulub.

Çernobıl AES-də günahkar olanların mühakiməsi də bu şəhərin məhkəmə binasında keçirilib. Həmin bina hazırda başqa məqsəd üçün istifadə edilir.

Sonda Nəzarət-Keçid Məntəqəsində radiasiya daşıyıcısı olub-olmadığımızı müəyyənləşdirmək üçün xüsusi cihazlardan keçirildik, avtomobil yoxlanıldı.

Ancaq bir sevindirici hal kimi deyə bilərəm ki, radiasiyanın vurduğu ziyana baxmayaraq, həmin ərazilərdə insanların yaşamaması vəhşi təbiətin gücünü bərpa etməyə başlayıb.azərtac