Qeyri-neft ixracına hansı məhsullar liderlik edir?

0
47

Ölkəmizdə qeyri-neft sektorunun inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Bu sektora göstərilən dövlət dəstəyi qeyri-neft məhsulları ixracının da çəkisini artırmaqdadır. Bu baxımdan ötən il də istisna olmayıb. Belə ki, bir neçə gün öncə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın təqdim etdiyi məlumata görə, 2019-cu ilin yanvar-dekabr ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 954 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 265 milyon ABŞ dolları və ya 15,7 faiz çoxdur.  Qeyd edək ki, 2019-cu ildə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında  pomidor (189,3 milyon ABŞ dolları) liderlik edib.

Ekspert Nicat Nəsirli mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, ölkəmizdə neftdən sonra ən çox valyuta gətirən sahələrdən biri  pomidor ixracıdır: “Ötən il də pomidorun ixrac dəyəri ilə liderliyini qoruması gözlənilən idi. Bildiyiniz kimi, hazırda pomidor daha çox istixanalarda yetişdirilir. Bu gün istixana təsərrüfatları yalnız ənənəvi olaraq Bakıətrafı ərazilərdə yox, eyni zamanda, ən ucqar regionlarda belə inkişaf edir. Bu mənada bu gün, demək olar ki, hər bir rayonda sürətlə müasir istixanaların qurulmasını müşahidə etmək olar. Əldə olunan nəticələr də göstərir ki, son illər istixanalara böyük investisiyaların qoyulması, yeni texnologiyaların tətbiqi öz bəhrəsini verməkdədir. Onu da deyim ki, Azərbaycan pomidoru çox asanlıqla xarici bazarlara girir və ilboyu mövqeyini qoruyur. Şübhəsiz, bu da həmin məhsulun daha keyfiyyətli olmasından irəli gəlir. Məsələn, Rusiyaya pomidor ixracı 2019-cu ildə əvvəlki illə müqayisədə 86 milyon 53 min dollar olub ki, bu artımın da əsas səbəbi məhz  keyfiyyət amili ilə bağlıdır”.

Müsahibimiz 2019-cu ildə ixrac edilən ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında  qabığı təmizlənmiş fındığın (124,2 milyon ABŞ dolları) üçüncü yerdə olmasına da münasibət bildirdi:  “Ümumiyyətlə, son illər dünya bazarında fındıq strateji əhəmiyyətinə görə lider məhsullardan birinə çevrilib.  Buna görə də fındıq yetişdirən ölkələrdə ciddi irəliləyişlər müşahidə edilir və bu sahədə yeni innovasiyalardan istifadə olunur. Hər hektara düşən məhsulun həcmini artırmaq istiqamətində ciddi işlər görülür. Bu sözləri ölkəmizə də şamil etmək olar. Belə ki,  Quba-Xaçmaz zonasında yeni texnologiya ilə ümumilikdə, 3 min hektara yaxın fındıq bağlarının salınması nəzərdə tutulub ki, bunun da 1500 hektarı artıq əkilib. Zaqatalada isə son dörd ildə fındıq bağlarının ümumi sahəsi 9 min 575 hektardan 19 min 760 hektara çatdırılıb. Bu mənada respublikamızda  fındıqçılığın da geniş perspektivləri var. Yeri gəlmişkən, onu da qeyd edim ki, ölkəmizdə yetişən fındıq digər ölkələrdə yetişdirilən eyni adlı məhsulla müqayisədə daha yağlı olur. Güman edirəm ki, elə bu kimi üstünlüklərinə görə dünya bazarında Azərbaycan fındığına tələbat ildən-ilə artacaq”.

Ekspert, həmçinin qeyd etdi ki, 2019-cu ilin dekabr ayında  qeyri-neft sektoru üzrə ixracda xurma (20,1 milyon ABŞ dolları) ikinci olub: “Əlverişli bazar mövqeyi qazandığına görə son illər ölkəmizdə xurma istehsalına da maraq artmaqdadır. Belə ki, iki il əvvəl 160,1 min ton xurma istehsal olunmuşdusa, 2019-cu ildə istehsal həcmi 10,6 faiz artaraq 177,1 min ton təşkil edib. Şübhəsiz, ixrac bu inkişafı stimullaşdıran əsas amillərdən biri olub”.

Qvami Məhəbbətoğlu, “İki sahil”