Allaha məktub

0
91

(ingiliscədən tərcümə)

Griqoriya Lopeks Y Fuentes – Meksika

Ev – bütün vadidə yeganə alçaq bir təpənin başında qərar tutmuşdu. Bu yüksəklikdən çayı, pəyənin yanında həmişə yaxşı məhsul verən lobya gülləri ilə naxışlanmış qarğıdalı sahəsini görmək olurdı.

Torpağa yağış, ən azından bir leysan lazım idi. Bu sahələri yaxşı tanıyan Lenço səhərdən bəri səmanın şimali-şərqini seyr etməkdən başqa heç bir iş görməmişdi.

– Hə, indi biz doğrudan da bir az yağmur görəcəyik, arvad.

Xörək hazırlamaqda olan qadın cavab verdi: – Bəli, Allah qoysa.

Ana onları: – Yeməyə gəlin…- deyə səsləyəndə böyük oğlanları tarlada işləyir, kiçikləri də evin yanında oynayırdılar.

Elə yemək zamanı Lençonun gözlədiyi kimi, iri yağış damlaları düşməyə başladı. Şimali-şərqdə getdikcə yaxınlaşan böyük dağ buludları görünürdü. Hava təmiz və ürəyəyatan idi. O, pəyədə nə isə axtarmaqdan daha çox bədənində yağışın zövqünü hiss etmək  üçün bayıra çıxdı və qayıdıb fərəhlə dedi: – Göydən düşən bu damlalar yağış deyil, onlar təzə pullardır. Böyükləri on sentavo*, kiçikləri də beşliklərdir…

O, gül içində olan, yetişmiş, yağış pərdəsinə bürünmüş sahəyə məmnunluqla nəzər saldı. Lakin birdən güclü külək əsməyə və yağışla birlikdə iri dolu dənələri düşməyə başladı. Bu dənələr doğrudan da gümüş pullara oxşayırdı. Uşaqlar yağmura məhəl qoymadan qaçıb donmuş mirvariləri toplamağa başladılar.

– Pis olacaq deyəsən, – o həyəcanla dedi. – Ümid edirəm, tez keçər.

Yagış isə tez keçmədi. Dolunun ev, bağ, yamac, qarğıdalı tarlasına və bütün vadiyə yağması bir saat çəkdi. Vadi duzla örtülmüş kimi ağappaq oldu. Ağaclarda bircə dənə yarpaq qalmadı. Qarğıdalı tamamilə məhv olmuş, lobyaların gülləri tökülmüşdü. Lenço qəm dəryasına qərq oldu. Tufan keçəndən sonra o, tarlanın ortasında dayanıb oğlanlarına dedi:

– Çəyirtkə buludunun hücumundan sonra bundan çox qalardı … Dolu heç nə qoymadı. Bu il nə qarğıdalı, nə də lobyamız olacq…

O gecə çox qəmgin bir gecə oldu: – Bütün zəhmətimiz heç oldu! Bizə kömək edəcək bir kimsə də yox! Bu il ac qalacağıq!…

Vadinin ortasındakı bu tənha evdə yaşayan hər kəsin ürəyində bircə ümid vardı: Allahdan kömək. – Belə böyük itkiyə görə məyus olma. Unutma ki, heç kəs acından ölmür! Belə deyirlər də: heç kəs acından ölmür…

Bütün gecəni Lenço məhz bu ümid haqqında düşündü: Ancaq Allahın köməyi. Belə tərbiyə almışdı ki, Allah hər şeyi, hətta insanın vicdanının dərinliyində olanı belə, görür.

Lenço, tarlalarda heyvan kimi işləyən, savadsız adam olsa da, yazmağı bacarırdı. Həmin gecənin səhəri, bazar günü dan yeri sökülən kimi, özünü kömək edən birisinin olmasına inandırandan sonra, şəhərə aparıb şəxsən yola salmaq istədiyi bir məktub yazmağa başladı. Yazdığı sadəcə Allaha məktubdan başqa bir şey deyildi.

– Allahım, – o yazırdı,- kömək etməsən mən və ailəm bu il ac qalacağıq. Dolu tufanı ucbatından tarlamı təzədən əkmək və məhsul əldə edənə qədər yaşamaq üçün mənə yüz peso* lazımdır.

Zərfin üstündə “Allaha” yazıb, məktubu içinə qoydu, hələ də narahat halda şəhərə getdi. Poçt məntəqəsində məktubuna marka yapışdırıb qutuya saldı.

Poçtalyon, o həm də poçtda kömək edən işçilərdən biri idi, ürəkdən gülərək müdirinin yanına gedib Allaha ünvanlanmış məktubu ona göstərdi. O, poçtalyon işlədiyi müddətdə heç vaxt belə ünvan görməmişdi.

Poçt müdiri kök, iltifatlı bir adam idi. O da gülməyə başladı, lakin dərhal da ciddi görkəm alıb, məktubu stolun üstünə döyərərk izah etdi:

– İnama bir bax! Kaş məndə də bu məktubu yazan adamdakı qədər inam olaydı. İnandığına inanmaq! Ümid bəslədiyinə inanaraq necə ümid bəsləmək! Allahla yazışmağa başlamaq!

Beləliklə, ünvanına göndərilə bilməyəcək məktubun yaratdığı bu möcüzə inamı sarsıtmamaq məqsədi ilə poçt müdiri bir ideya təklif etdi: məktuba cavab verilsin. Lakin o, məktubu açanda aydın oldu ki, ona cavab yazmaq üçün təkcə xeyirxahlıq, kağız və mürəkkəb deyil, başqa bir şey də lazım gələcək. Buna baxmayaraq, qərarından dönmədi: o, işçisindən bir qədər pul istədi, özü də maaşının yarısını qoyub, bir neçə dostunun “xeyriyyəçilik əməli” kimi verməyə vadar olduqları məbləği də əlavə etdi.

Yüz pesonun hamısını toplamaq çətin idi, ona görə də fermerə istədiyi pulun yarısından bir qədər çox göndərə bildi. O, pulu zərfin içərisinə qoydu, Lençoya ünvanlayıb ALLAH imzasından ibarət bir sözlü məktubu yola saldı.

Növbəti istirahət günü Lenço məktubunun cavabı ilə maraqlanmaq üçün bir az erkən gəlmişdi. Məktubu ona poçtalyon şəxsən özü verdi. Bu zaman poçt müdiri yaxşı bir iş görmüş adama məxsus məmnunluqla ofisinin qapısından baxırdı.

Lenço pulları görəndə zərrə qədər də təəccüblənmədi – o, buna inanırdı – lakin onları sayanda qəzəbləndi… Allah nə səhv edə, nə də Lençonun dilədiyini rədd edə bilərdi. 

Lenço kağız və mürəkkəb istəmək üçün dərhal pəncərəyə yaxınlaşdı. O, ümumi masa üstündə, fikirlərini ifadə etmək üçün səy göstərdiyinə görə tez-tez qaşlarını çataraq, yazmağa başladı.  

Məktubu bitirib pəncərəyə tərəf getdi, bir marka aldı, yalayaıb yumruq zərbəsi ilə zərfin üstünə yapışdırdı.

Məktub poçt qutusuna düşən kimi, poçt müdiri onu açmağa getdi. Məktubda yazılmışdı: “Allah, xahiş etdiyim puldan yetmiş peso yetişdi mənə. Çox ehtiyacım olduğu üçün qalanını da göndər. Lakin qalan pulu mənə poçtla göndərmə, çünkü bu poçtun işçiləri kələkbazlar dəstəsidir.

Lenço.”

İngiliscədən tərcümə edən: Rahib Alpanlı

_____________

centavo* (sikkə) –  pul vahidi, qəpik 

peso* – pul vahidi, 100 sentavo