Dövlət başçısı: İnsanların gəliri həmişə inflyasiyanı üstələməlidir

0
35

Ölkəmizdə dayanıqlı sosial-iqtisadi tərəqqinin, sosial siyasətin davamlı xarakter alması demoqrafik inkişafa da təkan verib. Yəni demoqrafik vəziyyət çox müsbətdir. Təkcə bir faktı qeyd edək ki, 2019-cu il noyabrın 1-i vəziyyətinə əhalinin sayı 10 milyon 53 min 145 nəfər olub. Beynəlxalq ekspertlər Azərbaycanda əhalinin sayının artımının davam edəcəyini bildirirlər. Şübhəsiz, artan əhali böyük üstünlükdür, eyni zamanda, bizim iqtisadi siyasətimizin və ölkədə mövcud olan sabitliyin təzahürüdür.

Təbii ki, əhalinin artımı qarşıya mühüm vəzifələr də qoyur. Belə ki, artan əhaliyə əlavə infrastruktur, əlavə ərzaq təminatı tələb olunur. Bu mənada ölkəmizdə demoqrafik artımla bağlı bütün iqtisadi göstəricilər diqqət mərkəzindədir. Yanvarın 22-də Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında moderatorun suallarını cavablandırarkən demişdir ki, bizim əhalimiz hər il 100 mindən çox artır. Bu isə o deməkdir ki, bizə ən azından ildə 100 min iş yeri lazımdır. Şübhəsiz, bu heç də asan məsələ deyil. Elə bu səbəbdən dövlətimizin başçısı vurğulayıb ki, yeni hökumət əsas diqqətini artan əhalidən ibarət olan böyük çağırış üzərinə yönəldəcək.

“Bizim iqtisadi artımımız əhalinin artımına uyğun gəlməlidir” deyən Prezident bildirmişdir ki, buna görə də hökumət bu məsələ ilə daha ciddi məşğul olacaq: “Biz yoxsulluğu bugünkü səviyyədə – 5 faizdən aşağı səviyyədə saxlamağa çalışacağıq… Əlbəttə ki, inflyasiyanın keçən il olduğu kimi 2,5 faiz səviyyəsində, aşağı səviyyədə saxlanılması məsələsi üzərində də işləyəcəyik. İnsanların gəliri həmişə inflyasiyanı üstələməlidir, habelə iş yerlərinin yaradılması da demoqrafik artımdan daha çox olmalıdır”.

Əhalinin dinamik artımı ilə bağlı iş yerlərinin yaradılmasının da hər zaman prioritet məsələ olduğunu bir daha xatırladan Prezident, həmçinin vurğulamışdır ki, Azərbaycanda biz həmişə sözümüzə əməl edirik: “Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır”.

Bütün bunlar isə o deməkdir ki, iqtisadi artımımızın demoqrafik artımı üstələməsi məsələsinə xüsusi önəm verilir və müvafiq addımlar atılır. Yəni bu, yalnız yeni doğulanlara görə hər ailəyə verilən müavinətlərlə, çoxuşaqlı analara ödənilən aylıq vəsaitlə, uşaqların, qadınların sağlamlığına yönəldilən və digər bu kimi tədbirlərlə məhdudlaşmır. Belə ki, sahibkarlıq inkişaf etdirilir, özünüməşğulluğun əhatə dairəsi genişləndirilir, kənd təsərrüfatında tənəzzülə uğramış sahələr yenidən bərpa olunur. Yeri gəlmişkən qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, ötən il özünüməşğulluq proqramına cəlb olunanların sayı 10 min 354-ə, ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 70 faiz artmaqla 72 minə (296 min ailə üzvü) çatıb. Dövlət başçısının tapşırığına uyğun olaraq bu proqramların 2020-ci idə də genişləndirilməsi təmin olunacaq.

Ölkəmizdə çoxsaylı məktəblərin, uşaq bağçalarının, tibb müəssisələrinin istifadəyə verilməsi, idman komplekslərinin getdikcə artırılması, eləcə də müasir infrastrukturun yaradılmasına çoxlu investisiya yatırımı da elə bu məqsədə xidmət edir. Üstəlik,  həyata keçirilməkdə olan və xalqımız üçün böyük imkanlar yaradan çox geniş islahatlar gündəliyimiz də var. Dövlət başçısının sözlərindən belə  qənaətə gəlmək olar ki, bundan sonra da siyasətimiz elə qurulacaq ki, iqtisadi inkişaf, iş yerlərinin yaradılması əhalinin artımından daha da sürətli getsin, artan əhali işlə təmin olunsun. Odur ki,  belə bir problemlə üzləşməmək üçün yeni mənbələr aşkar edilir, mövcud imkanlardan daha səmərəli istifadə olunur.

Qvami Məhəbbətoğlu, “İki sahil”