“Bizim üçün vacib olan Slovakiyanı məğlub etməkdir”

0
161

Xorvatiyaya məğlubiyyətdən sonra Rusiya ilə qarşılaşmaya köklənmək psixoloji cəhətdən çox çətin idi. Səhər-səhər oyunla bağlı tapşırıqları verən zaman dedim ki, Xorvatiya yığmasına qarşı da yaxşı oynamışdıq. İndi konsantrasiyanı və dəqiq zərbələrin sayını bir qədər artırmalıyıq.

Bu sözləri dünya çempionatının elit-raund mərhələsində Rusiya yığmasına qalib gələn futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva deyib.

Braziliyalı mütəxəssis qeyd edib ki, rəqibin gücü, dünya futzalındakı yeri haqda danışmaq artıqdır: “Biz bu gün vacib olanı – yaratdığımız epizodları realizə etməyi bacardıq. Halbuki ilk oyunda bunu edə bilmədik və məğlub olduq. Əlbəttə, komandanın oyunundan razı qaldım.

“Final mərhələsinə vəsiqə qazanmaq üçün şansımız davam edir. Hətta bunu rəqəmlə ifadə etsək, 50-nin 50-yə olduğunu deyə bilərəm. Bizim üçün vacib olan Slovakiya millisini məğlub etməkdir. Bunu bacardıqdan sonra, Rusiya-Xorvatiya oyunu haqda danışmaq, qrupumuzdakı vəziyyəti təhlil etmək olar”, – deyə baş məşqçi əlavə edib.

Qeyd edək ki, Rusiya millisi ilə oyunda futzalçılarımız 4:3 hesabı ilə qalib gəliblər. İlk matçda isə millimiz Xorvatiyaya 0:2 hesabı ilə uduzub.