Tramp öz planını təqdim edib

0
109

ABŞ Prezidenti Donald Tramp Fələstin-İsrail münaqişəsinin nizamlanmasına dair özünün çoxdan gözlənilən planını açıqlayıb. Plana görə Tramp tərəflərə İsrail və Fələstini iki ayrı dövlət, Şərqi Qüdsü isə Fələstinin paytaxtı kimi təqdim edir.

Ağ evdə İsrailin Baş Naziri Binyamin Netanyahu ilə birgə çıxış edən Tramp özünün 80 səhifəlik planına gələcək Fələstin dövlətinin xəritəsinin ətraflı şəkildə izahının daxil edildiyini və bu planının artıq Netanyahu və İsrail müxalifətinin lideri Benni Qansla razılaşdırıldığını bildirib.

Tramp öz planını təqdim edərkən deyib: “Bu gün İsrail sülhə doğru böyük addım atır”. O, uzunsürən münaqişənin nizamlanma planını “real” adlandırıb.

Tramp bildirib ki, planın diqqətçəkən hissəsi Qüdsün İsrailin “bölünməyən paytaxtı” qismində qorunub saxlanmasıdır. Eləcə də 1967-ci ildə baş verən Altıgünlük müharibə nəticəsində İsrail Administrasiyasının nəzarəti altına keçən ərazilərdə Təl-Əvivin yəhudi yaşayış məskənlərinə tam nəzarəti də planda əsas məsələlərdəndir. Tramp fələstinlilərin tabeliyində olan ərazinin azı iki dəfə artacağını vurğulayıb.

Bununla yanaşı, plana müvafiq olaraq, gələcək Fələstin dövlətinin paytaxtı Şərqi Qüdsdə yerləşəcək və ona daha əvvəllər yəhudilərin məskən saldıqları İordan çayının Qərb sahillərinin hissələri veriləcək. Plan çərçivəsində İsrail danışıqlar aparılanadək yeni yaşayış yerlərinin tikilməsi üçün dördillik moratoriumla razılaşacaq.