İslahatlar beynəlxalq aləmdə də rəğbətlə qarşılanır

0
99

Seçicilər yeni təfəkkürlü insanları seçmək niyyətindədir

Ölkəmizin sabit və davamlı inkişafında, habelə əldə etdiyi möhtəşəm nailiyyətlərdə novator gənclərin rolu böyükdür. Odur ki, onlara yüksək etimad göstərilir. “Mənim ümidim gənclərədir”  deyən Prezident İlham Əliyevin əzmkar siyasi iradəsi sayəsində son aylar xeyli sayda gəncin mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yüksək vəzifələrə təyin olunmaları da bunun əyani göstəricisidir.

Yeri gəlmişkən qeyd edək ki, minlərlə gənc 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində uğur qazanaraq yerli özünüidarəetmə orqanlarında öz potensiallarını gerçəkləşdirmək imkanı qazanıb. Hazırda yüzlərlə gənc Milli Məclisə seçkilərdə namizəd kimi qeydə alınıb. Bu mənada  müasir dünyagörüşlü, innovativ düşüncə tərzinə malik gənclərə etimad göstərilməsi bu gün olduqca aktualdır. Yəni bu, kampaniya xarakteri daşımır.

Prezidentin həyata keçirdiyi belə islahatlar və onun uğurlu nəticələri beynəlxalq aləmdə də böyük maraqla, üstəlik rəğbətlə qarşılanır. Elə dövlət başçısının Davos görüşlərində bu özünü bir daha aydın göstərdi. Belə ki, yanvarın 22-də Prezident İlham Əliyev Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında moderatorun ölkəmizdə həyata keçirilən sosial-iqtisadi, eləcə də struktur və kadr islahatları, gənclərə siyasi meydanın verilməsi ilə bağlı sualını cavablandırarkən demişdir ki, iyirmi birinci əsrdə iyirminci əsrin baxışı ilə uğur qazanmaq olmaz: “Buna görə də yeni insanlar nəinki təkcə hökumətə, eyni zamanda, çox böyük dəyişikliklərə məruz qalmış Prezident Administrasiyasına da gətirilmişdir”. Prezident qeyd etmişdir ki, gələn ay ölkəmizdə növbədənkənar parlament seçkiləri keçiriləcək ki, bu prosesdə də gənclər fəallıq göstərirlər.

Müşahidələrə əsasən bildirək ki, seçicilər qarşıdakı seçkilərdə parlamentimizə məhz yaxşı təhsil almış, müasir dünyagörüşlü, yeni təfəkkürlü insanları seçmək niyyətindədir. Elə qeydə alınmış deputatlığa namizədlərin əksəriyyəti bu kriteriyalara cavab verir. Dövlət başçısı yeni parlament mövzusuna toxunmaqla seçicilərimizin həmişəkindən daha iradəli və məsuliyyətli seçim prinsipinə söykənməli olduqları barədə aydın mesaj vermişdir. Bununla da cənab Prezident dövlət siyasətinin prioritet istiqamətlərindən biri olan gənclərlə bağlı məsələyə bir daha müfəssəl aydınlıq gətirmişdir.

Moderator dünyanın müxtəlif yerlərində gənclərin tez-tez küçələrə çıxdığını, bu, Azərbaycanda baş verərsə, necə reaksiya veriləcəyini də soruşmuşdur. Prezident bu sualla bağlı bildirmişdir ki, səmimi danışsaq, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir. Onları həyat qane etmir, onların hökumətə olan etimadı itib: “Hökumət hakimiyyətə gəlmək üçün populist şüarlardan istifadə etmiş, lakin sonra vəd etdiklərini yerinə yetirə bilməmişdir”

“Azərbaycanda biz həmişə sözümüzə əməl edirik. Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır” deyən dövlətimizin başçısı əlavə etmişdir ki, bu gün Azərbaycan gəncləri küçələrdə deyil,  universitetlərdə, məktəblərdədir, startap biznesindədirlər, onlar hökumət məsələlərinə fəal cəlb olunublar. Ölkəmizdə çox nəhəng könüllülər hərəkatına başlanılıb və on minlərlə insan ictimai xidmətlər sektorunda könüllülər qismində təlimlərdə iştirak edirlər. Yaxşı nəticələr göstərənlər hökumət təşkilatlarına işə götürülürlər. Yeri gəlmişkən qeyd edək ki, ölkəmizdə geniş vüsət alan könüllülük hərəkatı vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Dövlət başçısının 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsini gənclərimizin fəaliyyətinə verilən ən yüksək dəyər kimi qiymətləndirmək olar.

Qvami Məhəbbətoğlu, “İki sahil”