Bu ərazilərdə yeni məktəb binaları tikiləcək

0
29

“Ötən il Azərbaycanda 100-dən artıq yeni məktəb binası tikilərək istifadəyə verilib”.

Bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Nazir çıxışında ölkədə müşahidə olunan yüksək şagird sıxlığı məsələsinə də toxunub.

O qeyd edib ki, ölkədə 4500-ə yaxın məktəb var: “Məktəblərin 50 faizində şagird sayı 200 və ondan aşağıdır. Hər kəsə məlumdur ki, ölkədə əhalinin sayı hər il artır və orta hesabla şagirdlərin sayı da hər il təxminən 50 min nəfər artır. Təbii ki, əhali artımı müxtəlif ərazilərdə eyni templə baş vermir. Bunun nəticəsidir ki, bir sıra yaşayış məntəqələrində yüksək şagird sıxlığı mövcuddur”.

C.Bayramov əlavə edib ki, bu məsələ hər zaman Təhsil Nazirliyinin diqqət mərkəzində olub: “Bu istiqamətdə işlərin sürətləndirilməsi ilə bağlı ölkə başçısının tapşırığı var. Təbii ki, mövcud problemin aradan qaldırılması tək Təhsil Nazirliyi tərəfindən həll oluna bilməz. Digər aidiyyəti dövlət qurumları da bu işə qoşulmalıdır”.

Nazir bildirib ki, ötən il məsələnin həlli istiqamətində nazirlikdə bir neçə iclas keçirilib: “Qərara alınıb ki, Bakının Xəzər rayonunun Binə qəsəbəsində, Kənd Binəqədi, Sulutəpə, Xırdalan, Masazır və Saray qəsəbəsində ilk olaraq şagird sıxlığı həllini tapsın. Adıçəkilən ərazilərdə məktəb inşası üçün əlavə torpaq sahələri ayrılacaq, yaxud orada yerləşən məktəblərdə əlavə korpusların ayrılması nəzərdən keçiriləcək”.

O əlavə edib ki, bu il də bu istiqamətdə bir sıra layihələr həyata keçiriləcək: “Belə ki, yeni tədris ilində Binə qəsəbəsində 1600 yerlik məktəb binası şagirdlərin ixtiyarına veriləcək. Eləcə də Xırdalanda 3 nömrəli məktəbin 1400 yerlik yeni korpus yeni tədris ilində hazır olacaq. Sumqayıt 1 nömrəli məktəbin yenidən qurulması işi isə bu ilin I rübdə yekunlaşacaq”. (Report)