“Şuşa Qarabağ”ı gələn mövsüm premyer liqada görmək istəyirik”

0
204

I divizionun 10-cu həftəsi geridə qaldı. Keçən illərə nisbətən daha da gərgin keçən birinci dəstə çempionatında maraqlı nəticələr qeydə alınır. 9 oyundan sonra 13 xalla 9-cu pillədə qərarlaşan “Şuşa” komandasının maliyyə problemlərinin olmasını əvvəlki sayımızda nəzərinizə çatdırmışdıq. Maddi problemləri olmasına baxmayaraq, I divizionda yaxşı təsir bağışlayan komandanın baş məşqçisi Nadir Qasımov həm komadası, həm I divizion, həm Premyer liqa, həm də milli komada haqqında olan suallarımızı cavablandırıb.

— Əvvəlcə təbrik edirəm, son matçda səfərdə böyük hesablı qələbə qazandınız…

— Həm təbrikə, həm də bizimlə daima əlaqə saxladığınıza görə təşəkkür edirəm. Oyunun birinci hissəsi çox asan oldu. Biz gözlədiyimizdən yüngül matç keçdi. Bu qarşılaşmaya çox ciddi hazırlaşmışdıq. Çünki İmişli komandası evdə heç kəsə məğlub olmamışdı. Hazırlığımızın nəticəsini gördük, ilk hissədə üstünlük bizim tərəfimizdə idi. 2-0 hesabı ilə birinci 45-dəqiqəni başa vurduq. İkinci hissənin əvvəlində rəqib komandanın ütünlüyü oldu. “Mil Muğan” komandası bir top vurandan sonra, bizim qapımıza 11 metrlik cərimə zərbəsi təyin olundu. 20 yaşlı qapıçımız Rafiq Kərimov yaxşı oyun nümayiş etdirərək topun qapıdan keçməsinə imkan vermədi. Bundan sonra üstünlük bizdə oldu və nəticədə biz bu hesabla qalib olduq.

— “Şuşa” klubunun vəziyyəti necədir?

— “Şuşa” klubunda hal-hazırda debat gedir. Futbolçular və biz komadanın adını “Şuşa Qarabağ” kimi qəbul olunmasını istəyirik. Bu komandanın bütün yükü mənim boynumdadır. Keçmiş idarə heyətindən heç kimi tapa da bilmirik, onlardan bir kömək də görmürük. Hal-hazırda bütün idarə məndədir. Məndə olan məlumata görə, Azəri Hüseynov komandanı “Qalatasaray”ın Bakıda olan distrübitüerlərinə verib. Bütovlükdə komandanı onların adına keçirib. Əfsuslar olsun ki, bizimlə maraqlanan yoxdur. Ona görə də biz məcbur qalaraq Ədliyyə nazirliyinə müraciət etdik. Yeni bir klub açdım, həm təsisçisi oldum, həm də baş məşqçisiyəm. İnanıram ki, otrada olan bu anlaşmazlıqlar aradan qalxacaq. Bu işlərin komandanın oyunlarına heç bir təsiri yoxdur, klub öz işini davam etdirir. Futbolçularımız çox ciddi hazırlaşırlar. Bildiyiniz kimi, bu yaxınlarda lisenziaylaşma məsələsi oldu, biz də bütün sənədlərimizi hazırlayırıq. Bu həftə sənədlərimizi AFFA-ya verəcəyik. Fikrimiz, istəyimiz odur ki, ən yüksək yerlər uğurunda mübarizə aparaq. “Şuşa Qarabağ” komandasını, qismət olarsa, gələn mövsüm Premyer Liqada görmək istəyirik. Komandanın buna potensialı var. Bu günkü gücü də bunu sübut edir. Hədəfimiz ilk 3-lükdə olmaqdır. Hər şeyi zaman göstərəcək, heyət tamamilə cavanlaşdırılıb. Komanda da işlər, futbolçular arasında anlaşma yaxşıdır. İranlı legionerlərdən çox şey gözləyirik. Son oyunumuzdan tamamilə razı qaldım. Əvvəldən də razı qalırdım, turlar keçdikcə hiss olunur ki, potensialımız açılır. “Şuşa” yaxşı oyun nümayiş etdirir, bu təkcə mənim fikrim deyil, həm də kənardan baxan futbol adamalarının fikridir. Vəziyyətmiz ümumi olaraq belədir. Bildiyiniz kimi, bizim maliyyə problemimiz var. O həll olunsa, daha da yaxşı nəticələrimiz olacaq.

— Nadir müəllim, I divizion Azərbaycan Premyer Liqasına nə verir, necə xidmət edir?

— Sözün açığı, ümumi olaraq hələ ki mən bir fayda, xeyir görmürəm. Çünki, indiki sistemlə razı deyiləm. Heyətdə 8 cavan futbolçunun çıxış etməsi şərti, mən deyərdim ki, birinci dəstədə oyun tempinin aşağı düşməsinə gətirib çıxarır. I divizion Premyer Liqaya bir pillədir, gərgin oyunlar olmalıdır, keyfiyyətli futbol olmalıdır. Klublar arasında fərq çox böyükdür, bunu bəzi oyunlara baxmaqla da hiss etmək mümkündür. Bu gün “Neftçala”, “Qaradağ Lökbatan”, “Ağsu” və digərləri özlərini tam göstərə bilirlər. Çünki bu komandaların büdcələri buna imkan verir. Bütün klublarımız eyni səviyyədə fəaliyyət göstərməsi bir məqsəd kimi qarşıya qoyulsa, inanıram ki, birinci dəstə çox şey edə bilər. Yerli gənc futbolçuların itib-batmaması üçün yaxşı maliyyə dəstəyi şərtdir. Mən öz komandamdan danışa bilərəm, mənim komandama hər gün ikinci məşq lazımdır. Ancaq mən bu məşqi keçə bilmirəm. Səbəbi odur ki, komandamız “İnter” klubunun bazasında 1 dəfə məşq edir. 2-ci məşq də lazımdır, amma bunun üçün maliyyə lazımdır. Fürsətdən istifadə edib bizə imkan yaratdığı üçün “İnter” rəhbərliyinə də təşəkkür edirəm. Öz meydançamız  olarsa, məşqlərimizin sayını artırarıq. Nəticədə Azərbaycan futboluna xidmət etmiş olarıq. Vəziyyət yaxşı olarsa, Premyer liqa üçün, ümumilikdə Azərbaycan futbolu üçün çox şey edə bilərik, layiqincə xidmət edə bilərik. Xidmət deyəndə onu nəzərdə tuturam ki, ildə Premyer Liqaya 3-4 istedadlı gənc verə bilərəm. Əfsuslar olsun ki, biz məşq proseslərini qura bilmirik. Gündə 90 dəqiqə məşq etməklə nə etmək olar? Heç nə. Amma biz əlimizdən gələni edirik ki, Azərbaycan futboluna xidmət edək. Foqtsun arxasınca danışmaq olmasın, o, həmişə bizi fiziki cəhətdən zəif görürdü. Fiziki cəhətdən istənilən səviyyədə olmaq üçün hər gün minimum 3 saat məşq etmək lazımdır.

— Məşqin, yəni fiziki cəhətdən hazırlıqlı olmağın üzərində çox dayandınız, bəs gənc futbolçuların zərərli vərdişlərinin olmaması üçün hansı tədbriləri görürsünüz? Bir məşqçi, valideyn kimi gənclərlə bu barədə söhbətləriniz olurmu?

— Bəli, bu barədə söhbətlərimiz müntəzəm davam edir. Mən deyə bilərəm ki, mənim komandamda futbolçuların əksəriyyərti mənəviyyatlı uşaqlardı. Təbii ki, yeniyetmədirlər, zərərli vərdişlərə öyrəşmə təhlükələri ola bilər. Biz bununla bağlı daima söhbət edirik. Mən qətiyyən istəmərəm ki, nəinki “Şuşa”da, heç digər klublarda olan gənclərin də belə vərdişləri olsun. Həmişə onlara  deyirəm ki, futbolçu ömrü qısadır, bu gün xoş vaxtlarını futbola sərf edirsinizsə, əziyyət çəkirsinizsə, özünüzü qorumalısınız. Vaxt keçəndən sonra peşman olmamaq üçün bu gün böyüklərin məsləhətinə əməl etmək lazımdır. Mən öz komandamızda tək məşqçilik etmirəm, futbolçularım mənim övladımlarımdır. Bu proflaktik məsələdə də komandamız öz işini yaxşı qurub demək olar.

— Komandanızda gələcək vəd edən futbolçular varmı? Varsa kimlərdi?

— “Şuşa” klubunda oynayan uşaqlardan gələcəkdə tanınacaq futbolçular olacaq. Müdafiə xəttində oynayan Taleh Babayev çox güclü fiziki gücü olan futbolçudur, 21 yaşlı bu futbolçu öz üzərində daima işləyir. Orta xətdə Fərid Mürsəlov da 21 yaşındadır, vaxtilə U-19-da oynayıb. Fərid  texniki cəhətdən çox yaxşı səviyyədədir, hal-hazırda fiziki cəhətdən yaxşı olmasına çalışırıq. “Bakılı” klubundan aldığımız Elvin İsmayılov çox texnikalı, cəld futbolçudur. Elvin 20 yaşındadır, gələcək vəd edir. Hücum xəttində 19 yaşlı  Emin Cəbrayılov yüksək sürətə malikdir, onun da hal-hazırda texnikası üzərində işləyirik. Çünki bu sürətdən düzgün istifadə etmək lazımdır. Mərkəz müdafiəçilərimizdən  21 yaşlı Fərid Abdullayev də çox gözəl fiziki hazırlığa malik futbolçudur. Keçən mövsüm Emin adlı futbolçumuzu AZAL klubuna verdik, bundan əlavə “Neftçala” komandasına verdiyimiz bəzi futbolçular da oldu. Di Maria adı verdiyim Məhəmməd Xəlilovla “Neftçi” klubu maraqlanır. Məhəmməd həm zahirən, həm də oyun stili baxımından Di Mariaya bənzəyir (gülür). Yenə də deyirəm, belə uşaqlar yetişdirmək üçün bizə ikinci məşq lazımdır, başqa digər məsələlər həll olunmalıdır. Bu məsələlər həll olunsa, biz futbolumuza daha çox layiqli uşaqlar verə bilərik.

— Bayaq dediniz ki, istəyiniz Premyer Liqada çıxış etməkdir. Çətin olmaz sizə?

— Vallah mənə elə gəlir ki, çətinlik ancaq maliyyə ilə bağlıdır. Mən demirəm ki, bütovlükdə bu komada ilə oynaya bilərəm. Əgər bu bizə qismət olarsa, çalışacam ki, indiki heyətin əksəriyyətini saxlayım. Həmdə çalışacam ki, futbolçuların 70 faizi azərbaycanlı olsun. Mən öz komandama çox inanıram. Bu güc bizdə var. Çünki, biz birlikdə ən azı 2 il məşq etmişik. Biz dəfələrlə “İnter” komandası ilə qarşılaşmışıq. Demək olar ki, 60-70 dəqiqə başa baş mübarizə gedib. Bu çox böyük nəticədir bizim üçün. Bunu nəzərə almaq lazımdır ki, hal-hazırda “İnter”lə bizim gücümüz müqayisə olunmamalıdır, onlar çox güclüdür. Əgər şuşalılardan imkanlı adamlar bizə dəstək olsalar, sponsorluq etsələr, bizdə olan bu potensialla çox irəli getmək olar.

— “Araz Naxçıvan” klubu haqda nə deyə bilərsiz?

— Naxçıvan komandasında mən günah görmürəm, çünki o qüvvə ilə ilk çıxışlarından çempion oldular. Sonra isə Premyer Liqaya qoşuldular və heç bir xarici futbolçu  dəvət olunmadı. Mən demirəm ki, 11 futbolçu da legioner olsun, amma heç olmasa 2-3 nəfər olmalı idi. Çünki rəqiblərin heyətində bu var. Əgər sənin rəqibin bundan istifadə edirsə, səndə etməlisən. Bu yaxınlarda televiziyaların birində bizdə futbolçuların olub olmamağı ilə bağlı diskussiya oldu. Futbolçumuz var, amma səviyyəli futbolçu sayında qıtlıq var. Ona görə də, mənim fikrimcə, Premyer Liqada legioner oynamalıdır.  Çünki Premyer Liqada yüksək yerlərə tutan komandalar ölkəmizi həm də Avrokuboklarda təmsil edirlər.

— Qarabağın “Şuşa” komandası Ağdamın “Qarabağ” klubunu izləyirmi? Bu haqda fikirləriniz maraqlı olardı?

— Əlbətdə, bütün oyunlarını izləyirik. Onların oyunlarından həzz alırıq. Sonuncu matç bizi çox kədərləndirdi. İstərdik ki, Bakıda “Dnepr”i məğlub edək, amma alınmadı. İnanaraq dəstəkləməyə davam edirik, bu komanda “Qarabağ” adı altında Azərbaycanı təmsil edir. İstənilən halda yaxşı çıxış edir, bunu bu pilləyə gəlib çıxmaqla sübut edib. Amma biz yenə də onu daha yüksək yerlərdə görmək istəyirik. “Qarabağ” klubu ilə fəxr edirik. Çünki bu klub mübariz klubdur. Azərbaycanda azarkeşlərin əksəriyyətinin ümidi “Qarabağ”adır. İnanıram ki, komandada olan futbolçular da bunu yaxşı dərk edirlər və əllərindən gələni edirlər ki, uğur qazansınlar. Mən inanıram ki, qarşıya qoyulan hədəfə çatacaqlar. Fikrimcə qrupdan çıxacağıq. Bu, hamımızın arzusudur, Allah təala onların yolunu açıq etsin.

— Sonda Azərbaycan milli komandasının Avro-2016-nın seçmə mərhələsindəki oyunları haqda fikirlərinizi bilmək istərdik…

— Ümumiyyətlə, hər bir komandanın imkanları məhdududur. Bizim milli komadamız  6-7 il itirdi. Bu dediklərim Foqtsun arxasınca danışmaq kimi anlaşılmasın. Bu, reallıqdır, hər şey göz qabağındadır. Səmərəli istifadə edə bilərdik, bacarmadıq. Bu gün milli komadamız daha yaxşı vəziyyətdə olmalı idi. Biz indi uşaq futboluna çox diqqət etməliyik. AFFA bununla bağlı təqdirəlayiq işlər görür. Artıq nəticə verməyə başlayıb, 17 yaşa qədər olan millimizin uğurlarıda bunu təsdiqlədi. Bu inkişafdır, irəliləmədir. Uşaq futboluna daha da ciddi yanaşmaq lazımdır. Bu bizə çox şey verəcək. Amma indiki milli komandadan böyük nə isə gözləmək qeyri-mümkündür.

Rasim Məmmədli

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here