“O vaxt biz əmin idik ki…”

0
100

    Bədii gimnastika üzrə Azərbaycan yığmasının üzvü mingəçevirli   Nuran İsmayılova İlqar qızı ilk ən böyük uğuruna imza ataraq  çempion  oldu.

 Mingəçevirdə, “Kür” OTİM-də Azərbaycan Gimnastika Federasiyasının (AGF) nümayəndələri master klass keçirib. Tədbirə digər regionlarıdan məşqçi və idmançılar da  qatılıblar. Təlim zamanı məşqçilərə gənc idmançılarla işləyərkən davranış, nizam-intizam və alətlərlə işləmək qaydalarına fikir vermələri tövsiyə olunub.

AGF-nın meneceri Rəşid Məmmədov master klass layihəsi haqqında ətraflı məlumat verib: “Biz hər il regionlarda bu layihəni icra edirik. Master klassda hakimlik, məşqçilik və gimnastlara alətlərlə işləmək dərsləri keçirilr. Bütün regionlardaki gimnastlar peşəkar məşqçilərin sayəsində alətlərlə düzgün işləyə bilirlər. Master klass təlimlərinə təqribən 100-150 gimnast qatılır. Hakimlik kurslarına məşqçilərimiz də müraciət edə bilirlər. Biz çalışırıq ki, bütün regionlarda gimnastika inkişaf etsin. Layihə Kürdəmir, Zirə, Göyçay və Masallıda davam edəcək”.

Bədii gimnastika üzrə yığma komandanın xoreoqrafı Orxan Muradovun sözlərinə görə, mingəçevirli Nuran İsmayılova yığma komandanın nəzdində fəaliyyət göstərir. İdman arenasında idmançı karyerasını yüksəltməklə yanaşı, Nuran həm məktəb, həm də rəqs-balet dərslərini keçir. Region gimnastları arasında ilk olaraq Nuran İsmayılova beynəlxalq yarışda iştirak edib və öz ölkəsinə medalla qayıdıb. Gələn ay mingəçevirli Yasəmən Nəsirova də ilk dəfə olaraq beynəlxalq yarışa qatılacaq.

 Tədbirdə iştirak edən Mingəçevir Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli ilk dəfə Mingəçevirdə gimnastika bölməsi yaradılanda qızların cəlb olunmasında fəal iştirak etdiyini deyib: “O vaxt biz  əmin idik  ki, bu balaca uşaqlar Azərbaycanın və Mingəçevirin adını yüksəldəcək və dünya arenasında layiqicə təmsil edəcəklər. Qururverici haldır ki, şəhərimizin yeritməsi olan Nuran balamız belə mötəbər yarışlardan birində uğur əldə edib. Təbii ki, bunda AGF-nın əziyyəti çoxdur. İnanıram ki, Nuranın arxası ilə digər regionlardan da idmançılar  gələcək”.

Qeyd edək ki, Nuran İsmayılova Mingəçevir  Texniki liseyin şagirdi olub (1-VI), hazırda Bakı şəhərində təhsil alır və məşqlərə qatılır.

Esmira Hidayətova, Mingəçevir