Prezident tapşırığı: Mülkiyyətin sığortalanması prosesi ilə bağlı çox böyük maarifləndirmə işləri aparılmalıdır

0
28

Son illər böyük ticarət mərkəzlərində qeydə alınan yanğınlarda, bəzi regionlarda baş verən zəlzələlərdə əhaliyə dəyən ziyanın ölçüsü  daşınmaz əmlakın icbari sığortalanmasını olduqca aktuallaşdırıb. Yeri gəlmişkən qeyd edək ki, indiyədək ölkəmizdə təbii fəlakətlər nəticəsində əhaliyə dəyən zərər dövlət tərəfindən ödənilib. Buna keçən ilin əvvəlində Şamaxı, Ağsu, İsmayıllı rayonlarında baş vermiş zəlzələni misal göstərmək olar. Yanvarın 13-də Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısı bildirmişdir ki, zəlzələdən dərhal sonra bölgədə olarkən vətəndaşlara söz verdim ki, qış gələnə qədər bütün evlər yenidən tikiləcək, təmir olunacaq, bərpa ediləcək: “Həmişə olduğu kimi, yenə də sözümüzün üstündə durduq və artıq zəlzələnin bütün əsas fəsadları aradan qaldırıldı, minlərlə yeni ev tikildi, təmir olundu, bərpa edildi. Bu, bir daha onu göstərir ki, vətəndaşların problemlərinin həlli diqqət mərkəzindədir”. Halbuki dünyanın müxtəlif ölkələrində təbii fəlakətlərin ölkə əhalisinə vurduğu maddi ziyan müəyyən olunmuş qanun əsasında sığorta təşkilatları tərəfindən ödənilir.

Doğrudur, bizim ölkəmizdə də 2011-ci ilin iyununda qəbul olunmuş “İcbari sığortalar haqqında” Qanun var. Lakin bəzi obyektiv və subyektiv səbəblərdən bunun üzərinə çox gedilməyib. Artıq 2020-ci il yanvarın 1-dən ölkəmizdə daşınmaz əmlakın icbari sığortalanmasına start verilib. Amma etiraf edək ki, bu məsələ  gündəmə gələn kimi sığortadan yayınanların cərimə ediləcəyi barədə fikirlər də səsləndirilməyə başlanıldı. Hətta əhali qapısında hədə məzmunlu “bildiriş” də gördü. Elə həmin tədbirdə Prezident İlham Əliyev bu kimi problemlərə də aydınlıq gətirmişdir: “Mən bunu əvvəllər də demişəm, bir daha demək istəyirəm ki, Azərbaycanda mülkiyyətin sığortalanması prosesi ilə bağlı çox böyük maarifləndirmə işləri aparılmalıdır. Vətəndaşlar bilməlidirlər ki, evlər, əmlak sığortalanmalıdır. Nəzərə alsaq ki, Azərbaycanda bu sahədə böyük boşluqlar var, dövlət bütün maliyyə yükünü öz üzərinə götürübdür. Əlbəttə, bu, böyük vəsait tələb edirdi, ancaq yenə də deyirəm, vətəndaşların rahatlığı, onların rifahı, normal yaşayışı bizim üçün əsas məsələdir. Ancaq hesab edirəm ki, bu il və bundan sonrakı illərdə əmlakın sığortalanması, o cümlədən maarifləndirmə ilə bağlı çox ciddi addımlar atılmalıdır. Bu məsələ ilə bağlı müxtəlif tədbirlər keçirilməlidir, atılacaq addımlar haqqında vətəndaşlara ətraflı məlumat verilməlidir. Hökumətə tapşırıram ki, bu məsələyə diqqət yetirsin. Eyni zamanda, bu, ölkəmizin sığorta sektorunun inkişafına müsbət təsir göstərəcəkdir”.

Bəli, buradan bir daha aydın olur ki, daşınmaz əmlak sahəsində də Azərbaycan icbari sığortaya nəzarəti gücləndirməyə qərar verib. Bu mənada Prezidentin məsələyə yanaşması çox təqdirəlayiqdir. Yəni, ölkə başçısı cərimə haqqında deyil, maarifləndirmə haqqında danışmışdır. Mütəxəssislərin fikrincə, həqiqətən də icbari sığortanı həyata keçirmək məqsədi ilə çox böyük maarifləndirmə işləri aparılmalıdır. Özü də  başadüşülən, inandırıcı tərzdə. Çünki vətəndaşlarımızın əksəriyyəti bu məsələnin mahiyyətinə varmaqda çətinlilk çəkir. Məsələn, vətəndaşa izah olunmalıdır ki, o, 50 manat ödəməklə il ərzində evini zəlzələdən, seldən, yanğından, qaz partlayışından, su, kanalizasiya xətlərinin sıradan çıxmasından, hətta mənzilinə qonşunun su axıtmasından və sairədən 25 min manatlıq sığorta etdirə bilər. Şübhəsiz, bundan heç kəs imtina etməz. Buradan belə nəticəyə gəlmək olar ki, sığorta şirkətləri dövlət tərəfindən verilən bu qərarın yalnız vətəndaşların xeyrinə olduğunu inandırmağa çalışsalar, problemin çözülməsinə nail olarlar.

Qeyd edək ki, bu günlərdə İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Strateji Prioritetləşdirmə Seminarındakı çıxışı zamanı mənzillərini icbari sığortalamayan şəxslərin cərimələnməyəcəyini bir daha qeyd etmişdir.  Xatırladaq ki, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 

Qvami Məhəbbətoğlu, “İki sahil”