Mingəçevirdə 20 Yanvar Ümumxalq Hüzn günü qeyd edilib

0
292

 Minlərlə mingəçevirli Şəhidlər xiyabanına axışaraq xalqımızn tarixinə qəhrəmanlıq səlnaməsi kimi daxil olmuş 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə hörmət və ehtiramını bildirib. Şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, müharibə veteranları, gənclər və ictimaiyyətin nümayəndələri 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə əklil və gül dəstələri düzüb, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini böyük hörmətlə anıblar.

 Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqının öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdiyini, lakin qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdığını qeyd edib: “1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycan xalqının tək faciəsi yox, həm də tarixinin ən şərəfli səhifələrindən biri, milli azadlıq hərəkatının yüksəliş zirvəsidir. 20 Yanvar özümüzü bir millət kimi tanıyan və dərk edən gündür.  Elə bu kimi səbəblərdən 1990-cı il 20 Yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk olunub”.

Daha sonra Mingəçevir Dövlət Dram Teatrının aktyorlarının ifasında 20 Yanvar faciəsinə həsr olunmuş səhnələşdirilmiş ədəbi kompozisiya nümayiş olunub. Faciənin miqyası bədii formada anım tədbiri iştirakçılarına çatdırılıb. Mərasimin gedişində avtomobillərdən qalxan səs siqnalları hərəkətliliyi bir anlığa dondurub və şəhər sakinləri şəhidlərin xatirəsinə ehtiram duruşu nümayiş etdirib.

Esmira Hidayətova, Mingəçevir