20 Yanvar: Hüzn və zəfər tariximiz

0
138

Mingəçevir Gənclər Evi və şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib. Yeniyetmə, gənc, könüllü və əməkdaşların iştirak etdiyi anım tədbirini giriş sözü ilə açan şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli 20 Yanvar hadisələrinin Azərbaycan xalqının tarixində ağır bir hadisə olduğunu, buna baxmayaraq xalqımızın mübarizə əzmini qıra bilmədiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. 20 Yanvar hadisələrindən danışan Kamal Nəcəfli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirildiyini bildirib.

Çıxış edən Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov ölkəmizin müstəqilliyi, suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin adının əbədi olaraq yaddaşlarımıza həkk olunduğunu qeyd edib. Yeniyetmə və gənclərimizin vətənpərvər ruhda böyüməsi üçün mütəmadi tədbirlər keçirildiyini bildirən müəssisənin direktoru 20 Yanvar faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının bir vətəndaş olaraq hər birimizin borcu, vəzifəsi olduğunu söyləyib.

Mingəçevir Gənclər Evinin könüllüləri tərəfindən hazırlanan videoroliki izləyən tədbir iştirakçıları daha sonra Rəsm klubunun istedadlı tələbələri tərəfindən hazırlanan rəsm sərgisi ilə tanış olub. Balaca istedadlar əl işləri ilə bağlı iştirakçıları məlumatlandırıb, rəsmləri çəkərkən nə düşündükləri, hansı hisləri keçirdiklərindən danışıb. Bir ananın övladlarının qətlini seyr edərək fəryad qoparmaqdan başqa əlindən heç nə gəlmədiyini və adsız Şəhid məzarlarını əks etdirən rəsm əsərləri iştirakçıların dərin kədərinə səbəb olub. Sonda uşaq və yeniyetmələrə Mingəçevir Gənclər Evi, şəhər Gənclər və İdman İdarəsi adından sertifikat və hədiyyələr təqdim edilib.

Esmira Hidayətova, Mingəçevir