20 Yanvar: Şərəf və qəhrəmanlıq salnaməsi

0
91

 Mingəçevir Turizm Kolleci və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Mingəçevir Turizm Kollecində “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda eimi-nəzəri konfrans keçirilib. Tədbirdə Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov, DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Əlisa Fərəcov, kollecin müəllimləri və tələbələri  iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan kollecin direktoru Əyyub Əyyubovun təklifi ilə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra o, çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüzünü, mülki əhaliyə, silahsız insanlara, hətta uşaqlara və yaralılara kömək etmək istəyən həkimlərə qarşı silah işlətməsini amansız vəhşilik, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb.  

Tədbirdə çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov Azərbaycan xalqının tarixinə Qanlı Yanvar kimi daxil olmuş 20 Yanvar faciəsinin xalqımızın müstəqillik uğrunda mübarizəsində oynadığı roldan danışaraq bu hadisənin Azərbaycan xalqının yaddaşında qanlı bir səhifə kimi qalmaqla bərabər, həm də bu günün şərəf və qəhrəmanlıq salnaməsi olduğunu qeyd edib.

Mövzu ətrafında çıxış edən kollecin müəllimi Ceyhun Abdullayev, kollecin tələbəsi Lalə Babayeva sovet ordusunun Bakıda törətdiyi vəhşilikləri Azərbaycan xalqının azadlıq arzularınının boğulması üçün həyata keçirilən terror aktı kimi qiymətləndirib, öz ölkəsinin, xalqının azadlığı, şərəf və ləyaqətini hər şeydən uca tutan və şəhidlik zirvəsinə ucalan mərd Vətən övladlarının xalqımızın qan yaddaşında daim yaşayacağını qeyd ediblər.

Tədbir zamanı mövzuya aid videoçarx nümayiş etdirilib.

Sonda tələbələrin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.

Esmira Hidayətova,  Mingəçevir