Xoşbəxt Yusifzadə: “Şadam ki, bu yaşımda məktəbə adımı verdilər”

0
53

Neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti Gəmiçiliyin yeni gəmisinə və Pirşağı qəsəbəsindəki 112 nömrəli tam orta məktəbə adının verilməsi ilə bağlı təəssüratını bölüşüb.

X.Yusifzadə AzTV.az-a açıqlamasında ömrünün 67 ilinin dənizlə, dolayısı ilə gəmilərlə bağlı olduğunu deyib. X.Yusifzadə bir gəminin onun adını daşımasından şad olduğunu dilə gətirib:

“Bu, mənim üçün çox şad xəbərdir. Məsələ ondadır ki, mən 67 ildir dənizdə işləyirəm. Deməli, mənim işim elə gəmilərlə başlanıb: gəmilərlə buruqlara getmək, gəmilərlə geo-fiziki işlər görmək… Dəniz neftində gəmilərsiz olmaq ayaqsız insan olmaq kimi bir şeydir. Dənizdə nə işlər görürük, nə müsbət nəticələr alırıqsa, hamısı gəmilərdən asılıdır. Ona görə də, necə deyərlər, gəmisiz bizim bir həyatımız olmayıb.

İndi öyrəndim ki, adımı bir neft tankerinə verirlər. Dənizdə elə bir gəmi olmayıb ki, mən onunla harasa getməyim. İndi sual yaranar ki, neft tankeri ilə nə etmisən, o zaman da mən deyirəm ki, hava külək olanda, böyük ləpələr olanda o biri gəmilər işləmirdi. İşləyən ancaq tankerlər idi, elə indi də elədir. Onlar 10 min ton neft aparırdı. Hər hansı bir xəbər alanda, nə isə olanda mən mütləq getməli idim. O zaman tankerlə gedirdim”.

Neftçi-alim adının verildiyi məktəblə bağlı da xatirələrini bölüşüb:

“Məktəbə adımın verildiyini eşidəndə özümü də gülmək tutdu. Çünki uşaqlıqda ağlıma da gəlməzdi ki, vaxt gələcək, bu məktəbə mənim adımı verəcəklər. O məktəbdə oxumuşam, yaxşı da işlər görmüşəm.

1943-cü ildə “Raykom” katibi Pirşağı məktəbinə gəldi. Bizi Komsomola keçirməyə başladı. Kim deyirdi ki, 29-cu ildənəm, onu Komsomola qəbul edirdilər. Kim deyirdi 1930-cu ildənəm, onu qəbul etmirdilər. Mən də keçirməmələrindən qorxub, yalan danışdım, dedim ki, 1929-cu ildənəm. Anam anbardar idi, Komsomol katibi onu görəndə deyib ki, oğlunu Komsomola keçirdik. Deyib, axı onun yaşı çatmır, yalan danışıb. Katib isə cavabında demişdi ki, bu yalan müharibə vaxtında, belə bir vəziyyətdə danışıldığı üçün mən onu Komsomol katibi edirəm. 13 yaşımda məktəbdə komsomol katibi oldum. Dram dərnəyi düzəltdim. Məktəbdə bu kimi işlərim çox olub. Şadam ki, bu yaşımda məktəbə mənim adımı verdilər”.

Məlumat üçün bildirək ki, Xoşbıxt Yusifzadə Azərbaycan Televiziyasının “Hədəf” proqramına geniş müsahibə verib. Müsahibəni bu gün – 16 yanvar tarixində 21:00-da AzTV-də izləyə bilərsiniz.

Xatırladaq ki, yanvarın 14-də Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Yanvarın 15-də isə Prezident İlham Əliyev Xoşbəxt Yusifzadənin 90 illik yubileyi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamla “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti Gəmiçiliyin yeni gəmisinə, həmçinin Bakı şəhəri, Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 112 nömrəli tam orta məktəbə akademik Xoşbəxt Bağı oğlu Yusifzadənin adı verilib.