Azərbaycanın enerji balansında bərpa olunan enerjinin payı 30 faizə çatdırılacaq

0
13

Respublikamızın hərtərəfli inkişafını təmin etmək məqsədi ilə bir çox layihələr həyata keçirilir. Onlardan biri də ölkənin enerji təhlükəsizliyinə nail olmaqdır. Məlum olduğu kimi, Azərbaycanda uzun illərdir ki, elektrik enerjisi su və istilik elektrik stansiyalarından əldə edilir. Amma artıq dünyada həm iqtisadi cəhətdən, həm də ekoloji baxımdan sərfəli olan yeni alternativ və bərpa olunan enerjidən istifadəyə üstünlük verilir. Odur ki, ölkəmiz də son illər bu sahəyə diqqət artırıb. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin araşdırmalarına görə, əlverişli coğrafi mövqeyə malik ölkəmizdə bərpa olunan enerji mənbələrinin, xüsusilə külək və Günəş enerjisinin potensialı böyükdür.

Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin  başçısı bildirmişdir ki, dünyada enerji ölkəsi kimi tanınan Azərbaycan regionda ən böyük Günəş və külək elektrik stansiyalarını quracaq. Yeri gəlmişkən, məlumata görə, Xızı rayonunda külək, Ələt qəsəbəsində isə Günəş elektrik stansiyalarının tikilməsi planlaşdırılır.

Artıq  bir neçə gün bundan əvvəl Bakıda iki böyük investorla iki layihə üzrə İcra Müqaviləsi imzalanıb. Şübhəsiz, bu, bərpaolunan enerji növlərinin yaradılması istiqamətində çox önəmli addımdır. Bu hadisənin önəmi ondadır ki, vəsaiti investorlar qoyacaqlar: “Yəni, bu, bizə göstərilən inamdır, Azərbaycanın uzunmüddətli inkişafına göstərilən dəstəkdir. İki stansiyanın istehsal gücü 440 meqavat olacaqdır”. Şübhəsiz, imzalanan iki layihə ölkəmizə gələcəkdə digər investisiyaları, digər investorları da cəlb etmək imkanı verəcək.

Qeyd edək ki, hazırda enerji balansımızda bərpa olunan enerjinin payı təqribən 17-18 faizdir. Uzunmüddətli strategiyamıza görə, bu göstərici ən azı 30 faizə çatdırılacaq. Bu gün Azərbaycanın təqribən 1000 meqavatlıq əlavə enerji gücləri var ki, bu güclər həm ehtiyat təşkil edir, həm də ixrac potensialımızı genişləndirir. Ümumiyyətlə, son 15 ildə təqribən 3000 meqavata yaxın yeni generasiya gücləri yaradılıb, bir çox elektrik stansiyaları inşa edilib və nəticədə Azərbaycan bu istiqamətdə dünya miqyasında aparıcı ölkələrin birinə çevrilib.

Azərbaycanın artıq özünün elektrik enerjisi ehtiyaclarını təmin etdiyini və həm də xam neft, kimya və kənd təsərrüfatı məhsulları ilə bərabər, elektrik enerjisi ixracatçısına çevrildiyini vurğulayan Prezident əminliklə bildirmişdir ki, qarşıya qoyulan bu hədəfə çatmaq heç də çətin olmayacaq: “Allaha şükür, Azərbaycan həm Günəşlə, həm küləklə zəngin ölkədir, müasir enerji infrastrukturu var. Yenə də Davosun hesabatında enerjinin əlçatanlığına görə Azərbaycan dünyada ikinci yerdədir. İxracımız da var, keçən il 60 milyon dollardan çox ixrac etmişik. Ona görə əminəm ki, bərpa olunan enerji növlərinin yaradılması bizim üçün növbəti prioritet sahə olacaq”.

Mütəxəssislərin fikrincə, bu, enerji təhlükəsizliyinin möhkəmlənməsi ilə yanaşı, karbohidrogen tullantılarının da əhəmiyyətli dərəcədə azaldılmasına vəsilə olacaq. Çünki alternativ və bərpa olunan enerji mənbələrindən istifadə müasirlikdir, yenilikdir, ekoloji cəhətdən təmiz texnologiyadır. Yeri gəlmişkən qeyd edək ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində ölkəmizdə qabaqcıl texnologiyaların tətbiqı geniş vüsət alıb. Bu sahəyə də diqqətin artması yaxın gələcəkdə ölkəmizdə alternativ enerji mənbələrinin istifadəsində mühüm praktik nəticələrin əldə olunacağından, ölkədə sənayenin, yerli iqtisadiyyatın digər sahələrinin daha da inkişafına gətirib çıxaracağından, eləcə də yeni iş yerlərinin açılacağından xəbər verir. Şübhəsiz, bu istiqamətdə atılan addımlar ölkəmizdə enerji layihələrinin inkişafında da yeni səhifə açacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”