Başçı sakinləri əmin edib ki…

0
431

  Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun bu dəfəki  sakinlərlə  səyyar görüşü şəhərin 1 saylı orta məktəbin akt zalında keçirilib. İlham İsmayılov əvvəlcə  ölkə Prezidentinin tapşırığı ilə daim sakinlərlə keçirilən görüşlərin əsas məqsədinin onların arzu və istəklərini, problemlərini öyrənmək olduğunu bildirıb. Qeyd edib ki, ötən il ölkəmizdə bir sıra infrastruktur layihələr reallaşıb. Regionlarda yeni qaz xətlərinin çəkilişi, təhsil ocaqlarının, mədəniyyət və səhiyyə müəssisələrinin inşa olunması və ya əsaslı təmiri, o cümlədən su xətlərinin müasir standartlara uyğun yenilənməsi, regionlarda  abadlıq-quruculuq işlərinin həyata keçirilməsi vətəndaşların sosial rifahının yaxşılaşması məqsədilə olub. O vurğulayıb ki, bu layihələr bu il də davam etdiriləcək.

“Azərbaycan regionda lider dövlətdir”  deyən başçı  ölkəmizin dünyanın ən böyük dövlətləri ilə iqtisadi əməkdaşlıq etdoyini qeyd edib. Hər zaman təmizliyi, sakit həyat tərzi, yaşıllığı ilə fərqlənən Mingəçevirdə də ötən il davamlı olaraq abadlıq-quruculuq işləri aparılıb,  məhəllələrdə asfaltlanma işləri, çoxmənzilli binaların bloklarının təmiri, fasadlarının üzlənərək rənglənməsi, o cümlədən yaşıllıq zolaqlarının genişləndirilməsi kimi işlər gerçəkləşib. Xüsusilə də vətəndaşların həyat tərzinin yaxşılaşdırılması məqsədi ilə ölkə Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla minimum əmək haqqları, pensiyalar və digər müavinətlər artırılıb.

“Başa çatan 2019-cu il Azərbaycan üçün uğurlu olub. Ölkəmizdə reallaşan müxtəlif layihələr, həyata keçirilən abadlıq-quruculuq işlərinin sahəsi genişlənib. Regionlarda aparılan sosial-iqtisadi inkişaf proqramı çərçivəsində Mingəçevirdə də ardıcıl işlər həyata keçirilib və keçirilməkdədir. Belə ki, ötən ilin yay aylarında şəhərdə 3 ayrı-ayrı ərazidə istirahət parklarının inşasına başlanıb: “İyul ayında bir hektarlıq ərazisi olan Aşıq Qurbani dairəsinin yeni istirahət mərkəzinə çevrilməsi ilə bağlı ilk işlər görülməyə başladı. Davamlı olaraq ərazidəki kol-koslar, ömrü başa çatmış, qurumuş ağaclar budandı. Yaşıllıq sahələrində torpaqlar yumşaldılaraq onlarla həmişəyaşıl ağaclar əkildi. İşıqlanma sistemi quraşdırıldı. Vətəndaşların rahat gediş gəlişi üçün keçid yolları yaradıldı, oturacaqlar qoyuldu. İndi burada son tamamlama işləri gedir”.
 Bildirilib ki, M.Mirzəyev adına “Dostluq” parkı şəhərin mərkəzində yerləşir, sakinlərin ən çox istirahət etdikləri məkandır: “Eyni zamanda yaxınlıqda “Dövlət Rəmzləri” muzeyinin inşasına başlanıb və işlər uğurla davam edir. Burada futbol meydançası, uşaqlar üçün əyləncə məkanı yaradılıb, həmçinin müxtəlif idman qurğuları quraşdırılıb, oturacaqlar qoyulub, yaşıllıq sahələrində ağac tingləri əkilib, işıqlanma sistemi yenilənib. Müasir müsiqili fəvvarə inşa olunub. “Dövlət Rəmzləri” muzeyinin tikintisi başa çatmaq üzrədir. Binada kommunikasiya işləri yekunlaşıb, elektrik xətləri çəkilib, istilik sistemi quraşdırılıb. Hazırda suvanma və digər tamamlama işləri görülür. Ərazinin digər hissəsində isə açıq səhnənin tikintisi həyata keçirilir.

Dahi Azərbaycan şairi Nəsiminin adını daşıyacaq seyrəngah, şəhərin girəcəyində inşasına başlanan istirahət parkında da əsas işlər görülüb. Müxtəlif ağaclar əkilib, gediş-gəliş üçün tametlər düzülüb. Burada oturacaqlar qoyulacaq, işıqlanma sistemi quraşdırılacaq, sakinlərin rahat istirahəti üçün hər bir şərait yaradılacaq”.

Səyyar görüşdə çıxış edən sakinlər şəhərdə aparılan quruculuq-abadlıq işlərinə görə minnətdarlıq bildirərk qeyd ediblər ki, parklarda, bağlarda istirahət edərkən ürəyimiz açılır. Sakinlər eyni zamanda diqqətə çatdırıblar ki, evlərimizdə  istilik sisteminin olmaması problemimizdir.. Görüşə yekun vuran şəhər rəhbəri sakinləri əmin edib ki, qaldırılan hər bir problem həllini tapacaq: “Şəhərin hər yerində məhəllələr mərhələ-mərhələ abadlaşdırılacaq, işıqlanma sistemi quraşdırılacaq, ağacların suvarılması üçün su xətləri bərpa ediləcək, yaşayış binalarının blokları, fasadları əsaslı təmir ediləcək. Bu ölkə Prezidentinin tapşırığıdır və biz də bu işləri ardıcıllıqla, yüksək səviyyədə yerinə yetirəcəyik”.

Esmira Hidayətova, Mingəçevir