Son günlər yayılan qriplə bağlı vacib açıqlama

0
21

Son zamanlar ölkədə kəskin şəkildə qrip virusu yayılıb. Bu virus həm uşaqlara, həm də böyüklərə ciddi şəkildə öz təsirini göstərib. Yayılan virus yüksək temperatur və güclü öskürək ilə müşahidə olunur. Bu kimi halları nəzərə alaraq baş pediatr Nəsib Quliyevlə əlaqə saxladıq. O, açıqlamasında uşaqlara vaxtında müdaxilə edilməli olduğunu bildirdi: “Ümumiyyətlə virus infeksiyalarının ən qorxulu tərəfi onun ağır fəsad verməsidir. Xəstəliyə və virusa tutulan həmin uşağa vaxtında müdaxilə etmək lazımdır. Əgər lazımi dəstək verilməzsə, tibbi işçilərə müraciət edilməzsə, diaqnozu və müalicəsi dəqiqləşdirilməzsə ciddi fəsadlar çıxa bilər. Bu vəziyyət tək qrip virusuna deyil, bütün növ viruslara aiddir. Ən qorxulu tərəfi də pasientə ağır fəsadlar verməsi və ölümlə nəticələnməsidir. Bizim əhatəmizdə olan digər ölkərə nəzər yetirsək görərik ki, viruslardan nə qədər insan ölür. Bu dünyanın hər yerində belədir”.
Baş pediatr N.Quliyev eyni zamanda ölkədə “quş qrip”i və “donuz qrip”inin yayılması məsələsinə də münasibət bildirib: “Azərbaycanda nə “quş qrip”i, nə də “donuz qrip”i yoxdur. “Donuz qripi”ni “A/H1N1 virusu, “quş qripi”ni “A/H5N1” virusu törədir. Bunların heç biri Azərbaycanda qeydə alınmayıb. Səhv xatırlamıramsa 2006-cı ildə Salyandan bizə “quş qripi”nə yoluxmuş uşaqlar gəlmişdi. Ondan sonra bizdə bu qrip müşahidə olunmayıb”.
Qeyd edək ki, ötən il Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda 16 nəfərin “А/H1N1” virusuna yoluxduğunu qeyd etmişdi. Lakin, Səhyyə Nazirliyi ÜST-ün hansı nümunələrə əsaslanaraq bu məlumatı yaydığının məlum olmadığını deyərək, təkzib etmişdi. yeniavaz.com