Azərbaycan demokratiyaya sadiqliyini bir daha nümayiş etdirəcək

0
20

Hazırda ölkəmiz mühüm siyasi hadisə ərəfəsindədir. Belə ki, 2020-ci il fevral ayının 9-da respublikamızda növbədənkənar parlament seçkiləri keçiriləcək. Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə,  parlament seçkilərində iştirak etmək üçün 125 seşki dairəsi üzrə 2431 nəfər müraciət edib ki, onlardan 1099 nəfərin namizədliyi qeydə alınıb.  Onlardan 299 nəfəri 19 siyasi partiyanın üzvləridir. Bu mənada hazırkı seçkilərdə ölkəmizin bütün siyasi qüvvələrinin təmsil olunduğunu söyləmək olar. Şübhəsiz, seçkinin ilkin mərhələsində belə aktivliyin müşahidə edilməsi müsbət haldır. Bu da o deməkdir ki, seçki zamanı böyük bir səsvermə fəallığı müşahidə ediləcək. Qeyd edək ki, seçici siyahılarının dəqiqləşdirilməsinə görə daimi seçicilərin sayı 5 212 902 nəfərdir.

Ekspertlərin fikrincə, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasət yürüdən, dinamik inkişaf edən, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində müxtəlif tədbirlər, o cümlədən köklü islahatlar həyata keçirən Azərbaycanda demokratik, şəffaf və ədalətli seçkilərin keçirilməsi üçün əlverişli şərait və hüquqi baza yaradılıb. 1993-cü ilin sonlarından başlayaraq prezident, parlament və bələdiyyə seçkiləri azad, ədalətli və şəffaf şəkildə keçirilməklə ölkəmizin ictimai-siyasi həyatında müstəsna əhəmiyyət kəsb edən tarixi hadisələrə çevrilib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş demokratiyanın əsas göstəricisi sayılan seçki sisteminin demokratik və şəffaf keçirilməsi dövlət başçısı İlham Əliyevin də diqqət mərkəzində saxladığı prioritet sahələrdəndir. Beynəlxalq təşkilatlar, həmçinin əcnəbi müşahidəçilər də indiyədək ölkəmizdə keçirilmiş seçkilərin timsalında bunu təsdiq ediblər. Hətta artıq bu bir faktdır ki, inkişaf etmiş dövlətlər şəffaflığın təmin olunmasında ölkəmizin təcrübəsindən istifadə edirlər. Bu isə o deməkdir ki, respublikamız bu sahədə  mühüm nailiyyətlərə imza atıb. Şübhəsiz, bütün bunlar ölkəmizdə demokratik meyaralara, beynəlxalq standartlara uyğun seçki mühitinin formalaşdığını bird aha göstərir. Bu mənada əminliklə qeyd etmək olar ki, bu il fevralın 9-da böyük siyasi fəallıq şəraitində keçiriləcək və xalqın iradəsini ifadə edəcək parlament seçkiləri də  həm yerli, həm də beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndiriləcək. Yeri gəlmişkən, qeyd edək ki, fevralın 9-da ölkəmizdə keçiriləcək parlament seçkiləri beynəlxalq aləmin də diqqət mərkəzində olacaq. Bunu seçkilərin gedişini izləyən beynəlxalq  təşkilatların nümayəndələrinin və müşahidəçilərin sayı da təsdiqləyir. Məsələn, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu  fevralın 9-da keçiriləcək  parlament seçkiləri ilə əlaqədar ölkəmizə 30 nəfər uzunmüddətli və 350 nəfər  qısamüddətli müşahidəçi ezam edəcək. AŞPA-nın isə 30 üzvü, eləcə də Azərbaycan üzrə həmməruzəçilərdən ibarət müşahidə missiyası ölkəmizə gələcək. Bütün bunlar seçkinin nəticəsinin beynəlxalq səviyyədə tanınmasında və ölkəmizin bu sahədəki fəaliyyətinin təbliğində mühüm   rol oynayacaq. Bir sözlə, fevralın 9-da Azərbaycan  demokratik seçki keçirilməsi ənənəsinə sadiq, həm də qadir olduğunu bir daha dünyaya nümayiş etdirəcək.

 Bununla da seçkilərin ədalətli və şəffaf keçirilməsini yersiz şübhə altına almağa cəhd göstərən anti-Azərbaycan qüvvələrə və radikal müxalifətə daha bir zərbə vurulmuş olacaq. Qeyd edək ki, xalq arasında nüfuzu olmayan bəzi partiyalar müxtəlif bəhanələrlə seçkiyə qatılmaqdan imtina ediblər. Bu da anlaşılandır. Belə ki, onlar yaxşı dərk edirlər ki, onsuz da səs toplaya bilməyəcəklər.

Məlumat üçün bildirək ki, “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”na əsasən, yanvarın 17-dən qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”